Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-81/2024 23.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3200 manat maddi zərərin, 1000 manat mənəvi zərərin və 62 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum tanışı Sehran Seyfəddinov hadisədən 2-3 ay əvvəl övladı ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri ərazisində yaşayan xx xxxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh ilə onu tanış etmiş, bundan sonra, aralarında səmimi münasibət yaranmışdır. Həmin zaman onun mülkiyyətində olan ** DY *** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” markalı minik avtomobili olmuş və həmin avtomobil Bakı şəhəri, Babək prospektində yerləşən avtomobil salonlarının birində satışa hazır vəziyyətdə olmaqla satışa qoyulmuşdur. (Qeyd edir ki, avtomobil salonda satılacağı təqdirdə salona 500 manat pul vəsaiti ödəməli imiş.) O, bu söhbəti Cavabdehla etdikdə sonuncu ona avtomobilini daha tez satmaqda köməklik edəcəyini bildirmiş və o, qarşılığında salonda olduğu kimi avtomobil satıldığı təqdirdə 500 (beş yüz) manat pulu Nurlana verəcəyini sonuncunun nəzərinə çatdırmışdır. Bu zaman Nurlan vəd verərək ona sürücülük etibarnaməsi verməyini xahiş etmiş və etibarnamənin verilməsi üçün aralarında gün təyin edilmişdir. Belə ki, 23 may 2021-ci il tarixdə əvvəlki razılaşmalarına uyğun olaraq sürücülük etibarnaməsinin verilməsi məqsədilə Cavabdehla birlikdə Bakı şəhəri 15 saylı notariat ofisinə gedərək, orada Nurlana etibarnaməni və mülkiyyətində olan “KİA OPTİMA” markalı avtomobili vermişdir. (Etibarnamənin "nəqliyyat vasitəsinə dair sərəncam hüququ" və "digər şəxslərə verilə bilməsi" halı ona sonradan avtomobili satıldıqdan sonra məlum olmuşdur.) O, etibarnaməni ancaq sürmək üçün verdiyini bildirmişdir. Eyni zamanda, onu da qeyd edir ki, həmin dövr ümumdünya “COVİD- 19” pandemiyası dövrünə təsadüf etdiyindən notariat ofisində vətəndaşlar arasında 2-3 metr ara məsafəsi saxlanılırdı. Bu zaman bütün əməliyyatlarda birbaşa cavabdeh özü iştirak etmiş, ona isə gözləməyini bildirmişdir. Daha sonra, Nurlan tərəfindən avtomobilinin “Turbo.az” saytında 32800 (otuz iki min səkkiz yüz) manat məbləğində qoyulduğunun şahidi olmuşdur. Bundan sonra, 11 iyun 2021-ci il tarixdə Cavabdeh ona zəng edərək mülkiyyətində olan avtomobili satdığını və satışdan əldə etdiyi pulu gətirəcəyini bildirmişdir. Bu zaman o, Cavabdeh təəccüblə avtomobili necə satdığını və onda sürücülüklə bağlı etibarnamənin olmasını bildirdikdə sonuncu özündə sürücülük deyil, nəqliyyata sərəncamla bağlı etibarnamənin olmasını və digər şəxslərə həmin səlahiyyətləri verə biləcəyini, eləcə də, bu yolla avtomobili satdığını bildirmişdir. Həmin gün Nurlan onlara gələrək avtomobilə 395 manat xərc çəkdiyini bildirmiş (bu barədə siyahı təqdim etmiş, hansı ki avtomobil ona tam satışa hazır vəziyyətdə verilmişdir) və avtomobili 29000 (iyirmi doqquz min) manata satdığını qeyd edərək çəkdiyi xərc və zəhmət haqqı çıxılmaqla 28100 (iyirmi səkkiz min yüz ) manat məbləğində pulu ona vermişdir. Lakin, əvvəlcədən Nurlan ona təmirlə bağlı heç bir xəbərdalıq etməmiş, bununla bağlı bir söz deməmişdir. Belə ki, o, əvvəlcədən cavabdehə avtomobilin təmirə ehtiyacı olduğu təqdirdə özünün ustasının olduğunu bildirmişdir. O, Nurlandan hansı səbəbdən avtomobili belə ucuz qiymətə satdığını soruşduqda, sonuncu sözügedən avtomobilin bazarda 27000-28000 manata satıldığını, təklif olunan ən yuxarı məbləğin isə 29000 manat olduğunu və bu səbəbdən də 29000 manata satdığını bildirmişdir. (Lakin, öncədən Nurlanla arasında avtomobilin 29000 manat satılması ilə bağlı razılıq olmamışdır.) Bu zaman Nurlan ona belə dediyindən sonra inanmış və 29000 manat məbləği Nurlandan götürmüşdür. Lakin bundan sonra, o, “KİA OPTİMA” markalı avtomobilin kimə və hansı məbləğə satılmasını araşdırdıqda, avtomobilin Şabran rayonunda yaşayan X4 Nurlan tərəfindən 32200 manata satıldığı məlum olmuşdur. Bu səbəbdən də hesab edir ki, Nurlan ona qarşı dələduzluq edərək 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurmuş, həmin pul vəsaitini dələduzluq yolu ilə mənimsəmiş və öz şəxsi mənafeyi üçün istifadə etmişdir. Bu hal ona məlum olduqdan sonra Cavabdeh avtomobil satılarkən onu aldatdığını, 3200 manat pulu mənimsədiyini və həmin pulu dərhal qaytarmasını bildirdirmişdir. O, isə əvvəlcə belə əməl etmədiyini desə də, sonradan etiraf edərək evi kreditdə olduğu üçün belə işə əl atdığını, pulu qısa müddətdə qaytaracağını bildirmişdir. Lakin, sonra həmin pulu qaytarmaqdan boyun qaçırmış və belə bir əməlin onun işi olduğunu eyd etmişdir. Bundan sonra, o, 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsini və dəymiş ziyanın qaytarılmasını istəmişdir. Bununla bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırılma aparılmış və müraciətinə cavab olaraq iş üzrə cinayə işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunaraq ona mülki icraat qaydasında məhkəməyə müraciət etməyi izah olunmuşdur. Beləliklə, o, məcburiyyət qarşısında qalaraq məhkəmə müdafiəsindən istifadə etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı bir neçə il olar ki, tanıyır. 2021-ci ilin may ayında İddiaçı özünə məxsus “KİA OPTİMA” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili ona sərəncam hüququ əsasında etibarnaməli idarəçiliyə vermişdir (iddiaçı bu halı etibarnamənin sürücülük hüququnun verilməsi kimi başa düşərək imzalaması kimi qiymətləndirir). Sözügedən avtomobilin iddiaçının ilk öncə təklif etdiyi qiymətə (34000 manata) satılması və satışdan sonra cavabdehə 500 manat zəhmət haqqı verilməsi barədə qarşılıqlı razılıq olmuşdur. Lakin sonradan iddiaçı avtomobilin təcili satılmalı olduğunu bildirdiyindən o isə iddiaçıya avtomobilin 34000 manata satılmasının qeyri reallığı ilə (təcili satış halı üçün) bağlı fikir bildirmişdir. Belə olan halda, iddiaçı avtomobilin qiymətini 32200 manata endirdiyini bildirməklə satılmasını xahiş etmişdir. O, iddiaçıya avtomobili 29000 manat almaq istəyən şəxsin olduğunu bildirdikdə iddiaçı təcili pul lazım olduğundan qeyd edilən məbləğlə razılaşmışdır. Sonradan həmin şəxs avtomobili almaqdan imtina etdiyindən, eyni zamanda, o, iddiaçıya avtomobili satmasına dair söz verdiyindən (29000 manat) özü almaq qərarına gəlmişdir. Lakin ilk öncə Məhəmmədəliyə avtomobili özünün götürdüyünü deyil, alverçinin aldığını demişdir. Ancaq əslində avtomobili o, özü satın almışdır. Avtomobili aldıqdan sonra maşının bəzi detallarında problem olduğundan maşının təmirinə 1000 manatdan çox vəsait xərcləmişdir. O, “KİA OPTİMA” markalı avtomolin dəyərini yəni, 29000 manatı İddiaçı şəxsən əlbəəl sonuncunun öz evində vermişdir. Daha sonra o, avtomobilin təmir xərcləri ilə əlaqədar 1000 manat vəsait xərcləyərək avtomobili 32000 manata başqa bir şəxsə satmışdır. Bundan sonra, İddiaçı onun avtomobili başqa bir şəxsə 32000 manata satdığını öyrənmişdir. Hesab edir ki, iddiaçı özü öz razılığı ilə avtomobili ona satmış və ya 29000 manata satılmasına razılıq vermiş və bu səbəbdən də ona qarşı qaldırılan iddianı əsassız hesab edir. Çünki, əgər iddiaçı həmin məbləğlə razı deyildisə, avtomobilini qaytarmağı tələb edə bilərdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı avtomobilin satılması müqabilində ona 500 manat “əl haqqı” verəcəkdi ki, o, heç bu məbləği də iddiaçıdan istəməmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, İddiaçı məxsus “KİA OPTİMA” markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil 23 may 2021-ci il tarixdən 23 may 2022-ci il tarixədək Cavabdeh sərəncam hüququ əsasında etibarnaməli idarəçiliyində olmuşdur. İşdə olan “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, İddiaçı məxsus “KİA OPTİMA” markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil 11 iyun 2021-ci il tarixdən 23 may 2022-ci il tarixədək X2 hüququ əsasında etibarnaməli idarəçiliyində olmuşdur. İşdə olan 26 sentyabr, 22 dekabr 2022-ci il və 05 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarların surətlərindən görünür ki, HK1-2410 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. İşdə olan 03 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 62 (altmış iki) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən təqdim edilmiş 1 (bir) ədəd fləşkarta o, cümlədən cavabdeh tərəfindən təqdim edilmiş video və şəkillərə keçirilmiş baxışın nəticələrini, işin faktiki halları, o cümlədən təqdim edilmiş mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq edərək müəyyən etdi ki, tərəflər arasında mövcud olmuş münasibətlər etibarlılıq zəminində formalaşsa da, sonda mübahisə ilə nəticələnən məhkəmə müdafiəsindən istifadə edilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı özünə məxsus “KİA OPTİMA” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sərəncam hüququ əsasında etibarnaməli idarəçiliyə vermişdir (iddiaçı bu halı etibarnamənin sürücülük hüququnun verilməsi kimi başa düşərək imzalaması kimi qiymətləndirir). Tərəflər arasında sözügedən avtomobilin iddiaçının ilk öncə təklif etdiyi qiymətə (34000 manata) satılması və satışdan sonra cavabdehə 500 manat zəhmət haqqı verilməsi barədə qarşılıqlı razılıq olmuşdur. Lakin sonradan iddiaçı avtomobilin təcili satılmalı olduğunu bildirmiş, cavabdeh isə iddiaçıya avtomobilin 34000 manata satılmasının qeyri reallığı ilə (təcili satış halı üçün) bağlı fikir bildirmişdir. Belə olan halda, iddiaçı avtomobilin qiymətinin 32200 manata endirdiyini bildirməklə satılmasını xahiş etmişdir. Cavabdeh bir müddət sonra iddiaçıya sözügedən avtomobili 29000 manata almaq istəyən şəxs olduğunu bildirmişdir. İddiaçı bu təkliflə razılaşmış, cavabdehdən 29000 manat pulu (iddiaçının öz yaşadığı evdə) alaraq avtomobilə dair cavabdehə baş etibarnamə vermişdir (etibarnamənin avtomobilin satışı üçün verilməməsini mübahisələndirsə də). Bundan sonra iddiaçı avtomobilin Şabran şəhərində X4 32200 manata satıldığını bilmiş və özünün cavabdeh tərəfindən aldadıldığını zənn etmişdir. Odur ki, hazırda sözügedən iddia ilə məhkəmə müdafiəsindən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sözügedən Məcəllənin 1091-ci maddəsinin İ və İİ hissələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yenə bu Məcəllənin 389-cu maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Göründüyü kimi, iddiaçı cavabdehin hərəkətləri nəticəsində hüquqlarının pozulduğunu, bununla da ona zərər dəydiyini əsas gətirib, məhkəməyə müraciət etsə də, sonuncunun iddiaçıya hər hansı bir formada zərər vurması, əsassız varlanması, onun qarşısında qanunvericiliyin tələblərinə müvafiq müqavilə bağlayaraq öhdəlik götürdüyü müəyyən edilməmişdir. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən müqavilənin olması zəruri olmaqla, yanaşı cavabdeh iddiaçı tərəfə zərər vurmalı, yəni hazırkı vəziyyətdə sonuncunu qanuni sahib olduğu əmlakından mərhum etməli, həmçinin hüquqi əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak əldə etməlidir. Hazırda isə tərəflər arasında avtomaşına dair hüquq və vəzifələrin yaranması üçün müəyyən edilmiş formada yazılı müqavilənin mövcud olmaması, cavabdehin iddiaçıya hər hansı bir formada zərər vurmaması, eləcə də onun hesabına varlanmaması (əsassız varlanma) işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı isə, cavabdehin iddiaçıya məxsus avtomobili baş etibarnamə əsasında götürməsi və həmin avtomobilin 32200 manata satılması və iddiaçının cavabdeh tərəfindən aldadılmasıdır. İddiaçı işin sözügedən mübahisələndirilən halları ilə bağlı iddia ərizəsi ilə məhkəmə müdafiəsindən istifadə etmişdir. Məhkəmə araşadırması zamanı müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus “KİA OPTİMA” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili 23 may 2021-ci il tarixdən 23 may 2022-ci il tarixədək Cavabdeh sərəncam hüququ əsasında etibarnaməli idarəçiliyə vermişdir. İddiaçı qeyd edilən etibarnaməni aldadılaraq imza etdiyini (sürücülük hüququ ilə verdiyini zənn etməsini) bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mübahisəli avtomobil iddiaçının öz razılığı əsasında (bu hal məhkəmə iclasının audio-video qeydiyyatı vasitəsilə aparılan etiraf izahatında da öz əksini tapmışdır) 29000 manata satılmışdır (alqı-satqı müqaviləsi olmadan). İddiaçı bu halı təsdiq edərək izahatında bildirmişdir ki, çarəsiz qaldığından həmin məbləği cavabdehdən götürmüşdür. Məhkəmə iddiaçının bu fikrinə də münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyətində olan əmlakını öz razılığı əsasında razılaşdırılmış (sonradan mübahisələndirilən) məbləğə satması (alqı-satqı müqaviləsi olmadan) halının iddiaçının qeyri könüllü iradə ifadəsi əsasında olmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. İşin araşdırılan digər mübahisəli halı isə iddiaçı tərəfindən avtomobilə çəkilən xərclərlə bağlı olmuşdur ki, bu hal da iddiaçı tərəfindən sübut edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbini və ona əlavə edilən sənədləri, eləcə də, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı sözügedən avtomobili cavabdehə razılaşdırılmış məbləğdə, yəni 29000 manata satılmasına (alqı-satqı müqaviləsi olmadan) etiraz etmədiyindən, sonradan həmin avtomobilin başqa qiymətə satılmasını öyrənməsi və ilkin razılaşdığı məbləğlə sonradan cavabdehin satdığı məbləğ arasındakı fərqi tələb etməsi əsaslı və qanuni hesab edilmir. Belə ki, iddiaçı ilkin olaraq cavabdehin təkfil etdiyi məbləğlə razılaşmaya və öz mülkiyyətində olan əmlakı cavabdehdən tələb edə bilərdi ki, bunu da etməmişdir. Bundan başqa, iddiaçı həmin avtomobilin satılmasından (cavabdeh tərəfindən başqa şəxsə) xeyli müddət sonra bu iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, avtomobilin başqa şəxsə satılması hər iki tərəfin etirafedici izahatı ilə müəyyən edilmişdir. Beləliklə, məhkəmə işin araşdırılan halları ilə müəyyən etdi ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Əqdin etibarsızlığı ilə bağlı yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. İlk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bundan başqa, 26 sentyabr, 22 dekabr 2022-ci il və 05 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarda cavabdeh iddiaçıya 3200 manat borcunun olmasını etiraf etməmiş, habelə qeyd olunan qərarda belə bir hal aşkar edilməmişdir. Beləliklə, qeyd olunan bütün hallar onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə iddiaçı, cavabdehdən 3200 manat pulun qaytarılmasını tələb etməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəbdən də, iddianın təmin edilməsi istisna edilir. Eyni zamanda, iddiaçı cavabdehdən 1000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı İddiaçı cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-81/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-81/2024
23.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver