Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-850/2024 17.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat pulun və ödənilmiş 61 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 1(063)-13/2022 nömrəli hökmündən də göründüyü kimi Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun etibarından sui-istifadə edərək Ucar RPŞ tərəfindən 23 aprel 2021-ci il tarixdə oğlu X1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə ibtidai istintaq müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinə, eləcə də, məhkəmə istintaqının sonunda azadlığın məhdudlaşdırılması (qolbağ) və ya digər icbari cəza növündə hökm çıxarılmasına nail olmaqla oğlunun azadlıqdan məhrum edilməyəcəyinə dair yalandan vəd verməklə aldadaraq, 24 aprel 2021-ci il tarixdə, saat 14:00 radələrində Ucar şəhəri, X6 küçəsi, 7 ünvanında yerləşən evində 4000 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Bu səbəbdən də, Ucar Rayon Məhkəməsinin 17 mart 2022ci il tarixli, 1(063)-13/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Dəfələrlə cavabdehdən ona dəymiş 4000 manat zərəri ödəməyi tələb etməyinə baxmayaraq sonuncu həmin pulu indiyədək ona qaytarmamışdır. Bu səbəbdən də, məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən, Cavabdeh iddianı qəbul etdiyini, lakin həmin iş üzrə cəza çəkdiyindən sözügedən məbləği ödəməməli olmasını bildirmişdir. Bununla belə, Cavabdeh 23 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş ərizəsi ilə İddiaçı 4000 manat pul aldığını etiraf etmiş, lakin, həmin məbləği sonuncuya ödəməyəcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 mart 2022-ci il tarixli, 1(063)-13/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Ucar Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 17 avqust 2024-cü il tarixli, 383 nömrəli arayışdan görünür ki, Cavabdeh 14 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixə kimi “Ucar Rayon Mərkəzi Xəstəxanası” X4n cərrahiyyə şöbəsində “sol xayanın hidropsu”na görə cərrahi əməliyyat olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemində olan İddiaçı şəxsi məlumatlarından görünür ki, İddiaçı "xxxx" MMC-də operator kimi işləməklə, aylıq 345 manat əmək haqqı alır. İşdə olan 15 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 61 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, tədqiq olunmuş sübutların məcmusu, eləcə də Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 mart 2022-ci il tarixli, 1(063)-13/2022 saylı hökmü ilə müəyyən edildi ki, 24 aprel 2021-ci il tarixdə Cavabdeh İddiaçı ümumilikdə 4000 manat məbləğində borc pul almış, habelə bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu qaytarmamışdır. Belə ki, cavabdeh bu günədək müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmış, bununla da, sonuncu qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, hazırda iddiaçıya cavabdehin 4000 məbləğində borcunun olması işin mübahisələndirilməyən hallarından olmaqla, bu borcunun olmasını sonuncu 2022-ci il ildə 1(063)-13/2022 saylı iş üzrə keçirilən məhkəmə iclasında da etiraf etmişdir. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 4000 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə 4000 manat pul, habelə ödənilmiş 61 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4061 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4000 (dörd min) manat pul, habelə ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4061 (dörd min altmış bir) manat pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-850/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-850/2024
17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver