Məhkəmə qərarları › İş №2(063)-935/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-935/2025

07.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-935/2025 07.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar Rayon Polis Şöbəsinə qarşı inzibati orqanın hərəkətsizliyindən şikayət barədə iddia ərizəsinə və iddia ərizəsinə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlərə qarşı inzibati orqanın hərəkətsizliyindən şikayət barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Ucar Rayon Polis Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdeh orqanların üzərinə atası X1 doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətinin ona təqdim olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26 və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın İİ bölməsinin 2.1.4-cü hissəsinə əsasən rayon, şəhər qeydiyyat şöbələri və 5.1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, hesab edirəm ki, iddiaçının hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir, buna görə də iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilməlidir. Həmçinin, iddiaçıya mübahisə predmeti ilə əlaqədar aidiyyəti inzibati məhkəməyə müraciət etməli olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddiaçının qeyd olunan ərizəsi bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla baxılmaq üçün qəbul etməkdən imtina edildiyindan iddiaçı tərəfindən 25 iyun 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2, 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar Rayon Polis Şöbəsinə qarşı inzibati orqanın hərəkətsizliyindən şikayət barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin və iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada İddiaçı verilsin. İddiaçı mübahisə predmeti ilə əlaqədar aidiyyəti inzibati məhkəməyə müraciət etməli olması izah edilsin. İddiaçı tərəfindən 25 iyun 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar