Məhkəmə qərarları › İş №2(063)-941/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-941/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-941/2025 29.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc pulun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borc pulun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə əsas borc olan 800 manat pulun və dövlət rüsumu əvəzi 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehə 13 fevral 2024-cü il tarixdə 800 manat pulu 3 ay müddətinə, yəni 13 may 2024-cü il tarixədək qaytarmaq şərti ilə borc pul vermişdir. Borc pulun verilməsi barədə onunla cavabdeh arasında 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisinin notariusu X2 tərəfindən borc müqaviləsi bağlanılmışdır. Lakin pulun qaytarılması üçün müqavilədə göstərilən 3 ay müddətin keçməsinə baxmayaraq, cavabdeh pulu qaytarmamışdır. Dəfələrlə cavabdehə pulun qaytarılması barədə müraciət etməsinə baxmayaraq hər dəfə ona pulun qaytarılması barədə vədlər versə də pulu qaytarmamışdır. O da məcburiyyət qarşısında qalaraq borc pulun ödənilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında göstərdi ki, məhkəməyə müraciət olunduqdan sonra da cavabdeh borcunu ödəməmiş və telefon zənglərinə də cavab verməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində tərəflər arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc verəniddiaçı borc alana-cavabdehə 13 fevral 2024-cü il tarixdə 800 manat məbləğində pulu borc vermiş, borc alan-cavabdeh borcu 13 may 2024-cü il tarixinədək, yəni 3 (üç) ay müddətində borc verənə-iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu Rəna Dadaşova tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-67 nömrə ilə qeyd edilmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, mənzil 1-də qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə borc müqaviləsi bağlanmış, iddiaçı 13 fevral 2024-cü il tarixdə cavabdehdə 13 may 2024-cü il tarixədək qaytarmaq şərti ilə 800 manat məbləğində pulu borc vermiş, cavabdeh həmin tarixədək borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə borc müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır, iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunverciliyin qeyd olunan tələbinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə iddiaçının xeyrinə 30 manat tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 800 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 830 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 800 (səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 830 (səkkiz yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar