Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-950/2025 01.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8400 manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə onun arasında bağlanmış 26 iyul 2024-cü il tarixli borc müqaviləsi üzrə 8400 manat cavabdeh ondan borc pul almış və hər ay 300 manat qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin surəti iddia ərizəsinə əlavə olunmuşdur. Həmin puldan cavabdeh ona heç nə qaytarmamışdır. Bundan sonra o, dəfələrlə cavabdehden 8400 manat pulu tələb etməsinə baxmayaraq həmin pulu cavabdehdən ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir, pulu qaytarmaqdan yayınır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək ərizədə təyin edilmiş mülki işin məhkəmə baxışında üzrlü səbəbdən, səhhətində yaranmış xəstəliyə görə tibbi komissiyada iştirak etməli olduğundan iştirak edə bilmədiyini, cavabdehə qarşı pul tələbinə dair iddia tələbinin tam şəkildə müdafiə etdiyini, hazırkı müraciətini izahatı və çıxışı olaraq qəbul etməyi göstərmiş, ərizədə qeyd etdiklərini nəzərə alaraq təyin edilmiş mülki işin məhkəmə baxışına üzrlü səbəbdən gələ bilmədiyi üçün onun iştirakı olmadan keçirilməsini və onun cavabdehə qarşı iddia tələbinin tam şəkildə müdafiə etdiyini nəzərə alaraq cavabdehdən 8400 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə əsasən məhkəmə bildirişi ünvan sahibinə-cavabdehə çatdırılması üçün yerli icra hakimiyyəti orqanına verilmişdir. Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 avqust 2025-ci il tarixli, 5-80-26/2-689/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda ərazidə yaşamır. Həmçinin, cavabdehin istifadəsində olan mobil telefon nömrələrinə məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsi ilə “sms xəbərdarlığı” barədə bildirişlər göndərilsə də mesajların statusunda müvafiq olaraq “çatdırılmayıb” və “status gözlənilir” qeyd olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən mülki işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının müraciətini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 26 iyul 2024-cü il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisində tərəflər arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc verəniddiaçı borc alana-cavabdehə 8400 manat məbləğində pulu borc vermiş, borc alancavabdeh borcu 26 mart 2027-ci il tarixinədək borc verənə-iddiaçıya hər ay 300 manat vəsait ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə 26 iyul 2024cü il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu Cahid Məmmədov tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-411 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 365198 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Səlimov X3 rayonundan məcburi köçkündür. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə borc müqaviləsi bağlanmış, iddiaçı 26 iyul 2024-cü il tarixdə cavabdehdə 8400 manat məbləğində pulu borc vermiş, cavabdeh hər ay 300 manat vəsaiti ödəməklə qaytarmağı öhdəsinə götürsə də borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə borc müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır, iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 8400 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün kimi qeyd olunan tələblə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən və iddianın qiyməti 8400 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 104 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 104 (bir yüz dörd) manat məbləğində pul tutularaq Azərbaycan Respulikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-950/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-950/2025
01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver