Məhkəmə qərarları › İş №2(063)-99/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-99/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-99/2025 24.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqularının pozulması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqularının pozulması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən istehlakçı hüquqlarının bərpa edilməsinə, dəyəri 1399.99 manat olan 1 ədəd “Samsung S22” markalı və 419,99 manat olan 1 ədəd “Xiaomi Redmi note 12” markalı mobil telefonların dəyərinin əvəzinin ödənilməsi və ya yenisi ilə əvəz olunmasının, həmçinin nəticədə Cavabdeh MMC tərəfindən vurulmuş 3000 manat mənəvi zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası 24 iyun 2025-ci il tarixə saat 10:30-a təyin edilmişdir. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişlər və Cavabdeh MMC nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etsə də, İddiaçı iştirakı olmadan baxmağı xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlməmişlər və işə onların iştirakları olmadan baxılması mümkün deyildir, buna görə də iddiaçının cavabdehə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalı, eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqularının pozulması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması izah edilsin. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar