Məhkəmə qərarları › İş №2(063)-992/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-992/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-992/2025 11.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, sonuncunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat məbləğində pulun və ödənilmiş 124 manat dövlət rüsumu olmaqla, cəmi 11124 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Ucar rayonu, Qazyan kənd sakini Cavabdeh təxminən 30 ildir tanıyır. O, uzun müddətdir – təqribən 25 ildir ki, Ucar rayonu, Alpout kəndində iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlayır, şəxsi təsərrüfatında 271 baş qoyun və 1 baş keçi saxlayırmış. Lakin heyvanları otarmaq üçün çoban olmadığından onları satmaq qərarına gəlmişdir. 2017-ci ildə Ucar rayonunda yerləşən “Ucar” restoranında cavabdeh Fərzalı və vəfat etmiş Ağahüseynlə birlikdə olduğu vaxt heyvanları Fərzalıya satmaqla bağlı razılığa gəlmişlər. Həmin vaxt cavabdehin Qazyan kəndində yerləşən ferması boş olduğundan o, heyvanları almaq istədiyini bildirmişdir. Bundan sonra o, Fərzalı ilə razılaşaraq fermasında işləyən işçisinə zəng etmiş və heyvanları körpünün altına gətirməsini xahiş etmişdir. Daha sonra isə cavabdehlə birlikdə həmin yerə getmişlər. Cavabdeh 271 baş qoyun və 1 baş keçiyə baxdıqdan sonra onunla 25000 manat müqabilində heyvanları almağa razılaşmışdır. Bu zaman Fərzalı həmin məbləği 15 gün ərzində verəcəyini, o, isə tələsmədiyini, 2–3 ay ərzində iri buynuzlu heyvanları aldıqda ödəniş edə biləcəyini bildirmişdir. Bundan sonra cavabdeh çobanı ilə birlikdə heyvanları aparmışdır. Bundan təxminən 2 ay sonra isə onun cavabdehin nisyə satdığı heyvanları bazarda satdığını eşitmişdir. Bundan sonra o, cavabdehdən razılaşdıqları 25000 manat borcunu tələb etmiş, cavabdeh bu məbləğin yalnız 14000 manatını qaytarmış, qalan 11000 manat isə indiyədək ödənilməmişdir. Borcunu dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin məbləği qaytarmamışdır. Buna görə də o, ərizə ilə Ucar RPŞ-yə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Ucar RPŞ-də izahat verərək göstərmişdir ki, onu 20 ilə yaxındır tanıyır, Qazyan kəndində özünə məxsus ferması var və orada iri və xırda buynuzlu heyvanlar saxlayır. Cavabdehin dediyinə görə, 2017-ci ildə Ucar restoranında onunla və mərhum Ağahüseynlə birlikdə olduğu vaxt heyvanları 25000 manata almağa razılaşıb və sonra onları fermasına aparmışdır. Cavabdeh iddia edir ki, guya bir müddət sonra heyvanlar xəstəlikdən ölməyə başlayıb. Buna baxmayaraq, ona olan 14000 manat ödənişi əvvəlcədən, qalan 11000 manatı isə guya hissə-hissə ödədiyini bildirərək, ona borcunun qalmadığını bildirmişdir. Lakin cavabdehin bu izahı həqiqətə uyğun deyil. Əvvəla, o, cavabdehə xəstə heyvan satmamışdır. Digər tərəfdən, onun dedikləri məntiqə ziddir. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, İddiaçı iddia tələbini müdafiə etdiyini, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə vəsatətinin əsassız olduğunu və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən, İddiaçı nümayəndəsi və vəkili Vəkil göstərdi ki, əvvəla cavabdeh özü məhkəmə araşdırması zamanı iddiaçıya borclu olduğunu qeyd etmiş, bu hal cavabdehin məhkəmə baxışı zamanı verdiyi etirafedici ərizəsi ilə də öz təsdiqini tapır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi məsələsinə gəldikdə isə bildirdi ki, ümumiyyətlə mülki qanunvericiliyin tələbinə əsasən pul əşya sayılır və bu məsələlər mülkiyyət hüququ ilə tənzimləndiyindən bu hallara iddia müddəti tətbiq edilə bilməz. Odur ki, iddia tələbinin əsaslı və qanuni olduğundan iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı məhkəməyə müraciət edərək, ondan 11000 manat məbləğində borc, 124 manat dövlət rüsumu olmaqla, cəmi 11124 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin o, 25000 manat pulu artıqlaması ilə iddiaçıya qaytarmışdır. Belə ki, iddiaçının da etiraf etdiyi kimi, qoyunların ona təhvil verilməsindən cəmi bir ay sonra onun tələbi ilə mərhum Ağahüseyn müəllimə 14000 manat pul ödəmişdir. Bundan bir ay sonra isə Ucar rayonunun Alpout kəndində yerləşən çayxanada, oğlu X1 iştirakı ilə şəxsən iddiaçıya 3000 manat pul vermişdir. Təxminən 15 gün sonra isə əlavə 5000 manat pulu oğlu ilə birlikdə həmin yerə aparmışdır ki, iddiaçıya təqdim etsin. Lakin iddiaçı pulu qəbul etməyərək ondan tam məbləği tələb etmişdir. Bundan təxminən bir həftə sonra isə iddiaçı onu polisə şikayət etmişdir. Bununla bağlı bir müddət sonra onu polisə çağırdılar. Həmin vaxt Ucar Rayon Polis Şöbəsində müavin vəzifəsində çalışan X4 İsmayılovun pulunu niyə ödəmədiyini soruşmuş o, isə cavabında 5000 manat ödədiyini Maarifin isə həmin məbləği götürmək istəmədiyini bildirmişdir. Daha sonra isə pulu harda saxladığını soruşduqda o, pulun maşında olduğunu bildirmişdir. Bu zaman Ucar Rayon Polis Şöbəsində müavin vəzifəsində çalışan Rasim Musayev ona pulu gətirməsini tapşırmışdır. O, pulu gətirmək üçün getmiş, lakin qayıdanda iddiaçını otaqda görməmişdir. Rasim Musayev pulu ona verilməsini və Maarifə özünün çatdıracağını bildirmişdir. Bu zaman o, pulu Rasim Musayevə təqdim etmişdir. Daha sonra Rasim Musayev ondan əlavə 1000 (bir min) manat da verməsini istədiyindən o, həmin məbləği də vermişdir. Bundan təxminən 10 gün sonra iddiaçı qardaşı ilə birlikdə onun kəndinə gəlmişdir. Onlardan az sonra isə mərhum Ağahüseyn müəllim və dostu Dilavər də onların yanına gəlmişlər. Həmin söhbət zamanı iddiaçı Maarif, Rasim Musayevin ona 6000 (altı min) manat verdiyini təsdiqləmişdir. Daha sonra isə aralarında razılıq əldə olunmuşdur ki, o, iddiaçıya əlavə 3000 (üç min) manat da ödəməlidir. Bu razılaşmaya əsasən, təxminən 10 gün sonra qoyunların satışından əldə etdiyi 3500 (üç min beş yüz) manat pulu mərhum Ağahüseyn müəllimə təqdim emişdir. Beləliklə, ümumilikdə o, iddiaçıya və onun göstərişi ilə digər şəxslərə 26500 (iyirmi altı min beş yüz) manat məbləğində pul vəsaiti ödəmişdir. Halbuki ona verilmiş qoyunların satışından cəmi 17500 (on yeddi min beş yüz) manat gəlir əldə etmişdir. Bütün bunlara baxmayaraq, mərhum Ağahüseyn müəllim dünyasını dəyişdiyindən və hər dəfə pulu verdiyi zaman iddiaçıdan və ya digər şəxslərdən heç bir qəbz almadığından, bu halları sübut etməkdə çətinlik çəkir. Bu səbəbdən, hazırki iş üzrə İddiaçı ona qarşı irəli sürdüyü 11000 manat borc və 124 manat dövlət rüsumu olmaqla, cəmi 11124 manat məbləğində pul tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini xahiş edir (bununla bağlı yazılı ərizə də təqdim etmişdir). Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Ucar RPŞ-nin 23 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, HK-1/347 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı müraciəti mülki xarakterli olduğu üçün bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Cavabdeh tərəfindən 11 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, iddia tələbini qəbul edərək, qoyunları İddiaçı götürdüyünü və pulunu qaytardığını bildirərək, hazırda sonuncuya heç bir borcunun olmadığını bildirmişdir. İşdə olan 16 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 124 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2017-ci ildə İddiaçı məxsusus xırdabuynuzlu heyvanları yəni, 271 baş qoyunu və 1 baş keçini 25000 manat müqabilində sonuncudan satın almışdır. Lakin, cavabdeh bu günədək borcundan 14000 manat ödəniş etmiş, qalıq 11000 manat borcunu isə ödəməmişdir. Cavabdeh aldığı xırdabuynuzlu heyvanların dəyərini (borc pulu) hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, o, iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməmiş, borclu olduğu 11000 manat pulu qaytarmamışdır. Hazırda cavabdehin iddiaçıya 11000 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. İlk öncə onu qeyd etmək lazımdır ki, iddiaçı mülki prosessual qanunvericiliyin tələbinə əsasən öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyır ki, bu xüsusat da məhz iddiaçı tərəfindən sübuta yetirilmiş hesab edilir. Bundan başqa, cavabdehin iddia edilən məbləği iddiaçıya qaytarmasına münasibətdə isə, onu qeyd etmək olar ki, bu halın sübut edilməsi isə sübutetmədə dönüş olaraq məhz cavabdehin üzərinə düşmüşdür (iddia edilən məbləğin etiraf edilməsi nəticəsində). Cavabdeh də öz növbəsində, məhkəmə araşdırması zamanı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə Cavabdeh münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə Cavabdeh münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Lakin qanunvericilikdə bir sıra hallarda iddia müddəti tətbiq edilmir. Bu istisnalardan biri də Mülki Məcəllənin 384-cü maddəsində öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinə görə, pul da əşya hesab olunur. Əşya anlayışı yalnız fiziki predmetlərlə məhdudlaşmır, qanunvericilik pulu da əşya kimi müəyyən etmişdir. Bu isə o deməkdir ki, pul üzərində mülkiyyət hüququ mövcuddur və həmin hüquq sözügedən Məcəllənin 157-ci maddəsi ilə qorunur. Bu iş üzrə isə tərəflər arasında müvafiq razılaşmaya əsasən iddiaçı heyvanları cavabdehə verib, müqabilində isə 25000 manat pul almalı olduğu təqdirdə, cavabdeh həmin məbləğdən 14000 manatı vermiş, lakin qalan məbləği, yəni 11000 manat pulu ödəməmişdir. Bu halda cavabdeh faktiki olaraq iddiaçıya məxsus olan pulu əsassız olaraq özündə saxlamış olur. Yəni, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməməklə yanaşı, həm də iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Pul əşya sayıldığından, iddiaçının həmin pulu geri tələb etmək hüququ mülkiyyət hüququnun müdafiəsi üsullarından biri hesab edilir. Pul əşya hesab olunduğundan və mülkiyyət hüququna aid olduğundan, cavabdehin pulu ödəməməsi nəticəsində yaranmış tələb mülkiyyətin müdafiəsi tələbi kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilmir. Beləliklə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə vəsatəti hüquqi əsasa malik olmadığından təmin olunmamalıdır. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni İddiaçı ilə Cavabdeh arasında olan mülki mübahisəyə mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.2-ci maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh şifahi alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qalıq 11000 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 11000 (bir on bir min) manat pul və ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11000 (bir on bir min) manat pul və ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar