Məhkəmə qərarları › İş №2(064)-1/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1/2025 15.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2014-cü il tarixli 76 saylı kredit müqaviləsinə əsasən kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində əsas, 1880 manat məbləğində faiz və 1100 manat məbləğində penya və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 8000 manatın, xx.xx.2014-cü il tarixli, 71 saylı kredit müqaviləsinə əsasən isə kredit borcunun qaytarılması tələbinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində əsas, 1880 manat məbləğində faiz və 1100 manat məbləğində penya və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 8000 manatın tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi xx.xx.2014-cü il tarixli, 76 saylı kredit müqaviləsi üzrə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 76 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borclu kredit və hesablanmış faizləri müqavilə üzrə müəyyən olunmuş müddətdə qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq yerinə yetirməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq digər borclu Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən kredit götürənin öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. Lakin borclular kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə borcluların 5000 manat əsas, 1880 manat faiz borcu, 1100 manat penya borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 8000 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddiaçı həmin borcun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi xx.xx.2014-cü il tarixli, 71 saylı kredit müqaviləsi üzrə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 71 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borclu kredit və hesablanmış faizləri müqavilə üzrə müəyyən olunmuş müddətdə qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq yerinə yetirməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq digər borclu Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən kredit götürənin öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. Lakin borclular kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə borcluların 5000 manat əsas, 1880 manat faiz borcu, 1100 manat penya borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 8000 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddiaçı həmin borcun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddianın əsası kimi təqdim olunan məhkəmə hökmünə görə, "xxxx" MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər əsasında külli miqdarda əmlakı ələ keçirmələri barədə daxil olmuş müraciət və həmin müraciətin araşdırılması zamanı cinayət işinin başlanması üçün əsas olan cinayətin əlamətlərinə işarə edən dəlillər olduğuna görə başlanılmış ********* nömrəli cinayət işi üzrə MMC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş X1 Azərbaycan Respublikası CM-nin 308.2, 313 və 326.1-ci maddələri ilə, MMC-nin kredit mütəxəssisi və xəzinədarı vəzifəsində işləmiş Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 313 və 326.1-ci maddələri ilə, MMC-nin baş mühasibi vəzifəsində işləmiş X2 Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2, 308.2, 313 və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmə məsuliyyətinə verilmişlər. Həmin şəxslər sonradan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə məhkum olunmuşlar. Təqsirləndirilən şəxslərə, törətdikləri cinayət əməllərinin izini itirmək üçün 2013 və 2014cü illərdə "xxxx" MMC-yə kredit almaq üçün müraciət etmiş şəxslərin təqdim etdikləri şəxsiyyət vəsiqələrinin surətindən və digər sənədlərdən istifadə etməklə adlarına kredit rəsmiləşdirib mənimsənilən pullara dair kredit qovluğundakı ayrı-ayrı, o cümlədən müvafiq şəxslər və mənim adıma tərtib edilmiş rəsmi sənədlər - kredit və zaminlik müqavilələri, kassa məxaric orderləri, ərizə və məlumatlar həmin tarixdə cəmiyyətin binasındakı xidməti otaqdan tamah niyyəti ilə qanunsuz olaraq götürülüb oğurlanılmaqla istintaqa məlum olmayan şəraitdə və vaxtda məhv edilməsi ilə bağlı ittiham verilmiş və təqsirli bilinərək məhkum olunmuşlar. Amma maraqlı haldır ki, kredit müqaviləsi və digər sənədlər müvafiq şəxslər tərəfindən məhv edilmişdirsə, bu sənədlərin kserosurəti hansı mənbədən əldə olunaraq onun əsasında məhkəmədə iddia qaldırırılmışdır. Onunla bağlı təqdim olunmuş müqavilələrin mahiyyətinə, əsaslı olub-olmamasına toxunmadan, hazırkı halda mübahisələndirmədən qeyd edir ki, verilmiş rəsmi ittihama və çıxarılmış hökmə görə, adına tərtib edilmiş kredit və zaminlik müqavilələri məhv edilmişdir, bu ittiham isə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini taparaq, sübuta yetirilmiş, təqsirləndirilən şəxslər məhkum edilmişlər. Tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilələr yoxdur, məhv edilmişdir. Belə olan halda, mövcud olmayan sənədlər əsasında işə baxılması üçün qanuni əsaslar yoxdur, hesab edir ki, məhz bu əsasla - işə baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilməlidir və məhkəmədən bununla bağlı qərardad çıxarmasını xahiş edir. Bundan başqa, təqdim edilmiş kserosurət müqavilələr məhkəmə tərəfindən sübut kimi qəbul edildiyi halda, nəzərə alınmalıdır ki, həmin “müqavilələr” guya 28 iyun 2014-cü il tarixdə bağlanmışdır. Təbiidir ki, faktiki mövcud olmayan, real olaraq bağlanmamış müqavilələr üzrə ona hər hansı məbləğdə kredit verilməmişdir, ona görə də tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Belə olan halda, iddia müddəti ötmüşdür, onunla bağlandığı iddia edilən hər iki müqavilə üzrə iddia tələblərinə iddia müddətinin tətbiq olunmasını və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialına əlavə edilmiş: - xx.xx.2014-cü il tarixli 76 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 18 ay müddətinə illik 25 faizlə 5000 manat məbləğində kredit götürməsilə bağlı müqavilə imzalanmışdır. - xx.xx.2014-cü il tarixli 71 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında 18 ay müddətinə illik 25 faizlə 5000 manat məbləğində kredit götürməsilə bağlı müqavilə imzalanmışdır. - xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə Cavabdeh1 məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 1(089)-04/2018 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 179.3.2, 178.2.2, 178.2.3, 178.2.4, 313 və 326.1-ci maddələrilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. - Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya qaşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş 10 iyun 2017-ci il tarixli məktubda göstərilmişdir ki, istintaq zamanı Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC-dən kredit götürmələri, hər birinin "xxxx" MMC-ə 6770 manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsi görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqavilələri, eləcə də onun təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri xx.xx.2014-cü il tarixdə yarandığından, MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməklə tərəflər arasındakı hüquq münasibətlərinə həmin vaxt qüvvədə olmuş MM-nin 739.1-ci maddəsi tətbiq olunmalıdır. xx.xx.2014-cü il tarixli, 76 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" MMC Cavabdeh1 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsinə əsasən borclu kredit və hesablanmış faizləri müqavilə üzrə müəyyən olunmuş müddətdə qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq digər borclu Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən zamin kredit götürənin öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. Kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə müqaviləyə əsasən üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmiş və götürülmüş borcu vaxtında qaytarmamışlar. Kredit müqaviləsinin 4.1.6-cı bəndinə əsasən İddiaçı haqlı olaraq Cavabdehlərə qarşı həm də cərimə tələbini irəli sürmüşdür. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, İddiaçının Cavabdehlərə xx.xx.2014-cü il tarixli, 76 saylı kredit müqaviləsi üzrə hesabladığı 1100 manat məbləğində dəbbə pulunun miqdarı 5000 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə həmin əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. xx.xx.2014-cü il tarixli, 71 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" MMC Cavabdeh2 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsinə əsasən borclu kredit və hesablanmış faizləri müqavilə üzrə müəyyən olunmuş müddətdə qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq digər borclu Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən zamin kredit götürənin öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. Kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə müqaviləyə əsasən üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmiş və götürülmüş borcu vaxtında qaytarmamışlar. Kredit müqaviləsinin 4.1.6-cı bəndinə əsasən İddiaçı haqlı olaraq Cavabdehlərə qarşı həm də cərimə tələbini irəli sürmüşdür. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, İddiaçının Cavabdehlərə xx.xx.2014-cü il tarixli, 71 saylı kredit müqaviləsi üzrə hesabladığı 1100 manat məbləğində dəbbə pulunun miqdarı 5000 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə həmin əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. X3 Cinayətlər Məhkəməsinin hökmü ilə də Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 179.3.2, 178.2.2, 178.2.3, 178.2.4, 313 və 326.1-ci maddələrilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsi, Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya qaşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş 10 iyun 2017-ci il tarixli məktubda göstərilmiş Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC-dən kredit götürmələri, hər birinin "xxxx" MMC-ə 6770 manat borcu olması barədə fikirlər bir daha iddia tələbinin əsaslı olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı vəsatətinə münasibət bildirərək hesab edir ki, İddiaçı tərəfindən iddia tələbi iddia müddəti ötürülmədən verilmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi 18 ay müddətinə xx.xx.2014-cü il tarixdə bağlanmış, İddiaçı tərəfindən isə iddia tələbi xx.xx.2016-cı il tarixdə irəli sürülmüşdür. Hüquq münasibətlərinin yarandığı zaman mövcud olmuş maddi hüquq normasının (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci madəsi) tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti həmin dövr üçün qanunvericiklə üç il müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq Cavabdehlərə qarşı məhkəməyə əsaslı iddia tələbləri ilə müraciət etmişdir. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli, 71 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5000 manat, faiz borcu üzrə 1880 manat, penya borcu üzrə 500 manat olmaqla cəmi 7380 manat, xx.xx.2014-cü il tarixli, 76 saylı kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 5000 manat, faiz borcu üzrə 1880 manat, penya borcu üzrə 500 manat olmaqla cəmi 7380 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırki iş üzrə məhkəmə xərci olaraq iddiaçının hər iki tələb üzrə ayrılıqda dövlət rüsumuna görə ödədiyi 20 manatın da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 71 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5000 manat, faiz borcu üzrə 1880 manat, penya borcu üzrə 500 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cəmi 7400 manat, xx.xx.2014-cü il tarixli, 76 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5000 manat, faiz borcu üzrə 1880 manat, penya borcu üzrə 500 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cəmi 7400 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar