Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1004/2025 29.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehdən 3400 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun əvəzinin tutulub İddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə əvvəldən münasibətləri olmuşdur. 2019-cu ildə tanışı vasitəsilə Bakı şəhəri, Xəzər rayonu ərazisində 3 otaqdan ibarət tikilişi olan 2 sot torpaq sahəsinin satıldığını bilmiş, əri X1 ilə birlikdə həmin ünvana getmişlər. Mülk sahibi – Cavabdeh həmin evi borcu olduğu üçün 15000 manata satmaq istədiyini və evin bəzi sənədlərini hazırlamaq üçün ona əvvəlcədən pul lazım olduğunu bildirmişdir. Belə olan halda qarşılıqlı razılıq əsasında 2019-cu il ərzində Cavabdehə həm kart vasitəsilə, həm də əlbəəl olmaqla cəmi 6000 manat beh vermişdir. Lakin 2020-ci ildə Cavabdehin onu aldatmasını başa düşərək əlaqə saxlamışlar və evi almaqdan imtina etdiklərini bildrimişlər. Lakin Cavabdeh pulu qaytarmamış, müxtəlif bəhanələrlə boyun qaçırmışdır. 2023-cü ildə İddiaçı əri ilə birlikdə sözügedən mənzilə gedərək qapının bağlı olmasını görmüşlər və qonşulardan öyrənmişlər ki, o, evi satıb, çıxıb gedib. Cavabdehlə telefon əlaqəsi saxladıqlarında Cavabdeh evi satdığını etiraf etmiş, aldığı pulu öz ehtiyaclarına xərclədiyini və pulu qaytara bilməyəcəyini bildirmişdir. Uzun çəkən söhbətlərdən sonra Cavabdeh pulu aylıq 200 manat olmaqla hissə-hissə ödəəcəyini bildirmişdir. Bugünədək borcundan 2600 manat ödəsə də, yerdə qalan 3400 manatı ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasını Cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarinda olan: - “Cinayət işinin başalnmasının rədd edilməsi” haqqında xx.xx.2024-cüil tarixli qərardan müəyyən edilir ki, Cvabdeh İddiaçıya borclu olduğunu etiraf etmişdir. - Cavbdeh tərəfindən yazılmış “İltizam” əsasında müəyən olunur ki, o, İddiaçıya 5250 manat pulu ödəyəcəyinə söz verir. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki qanunvericiliyə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasında əsassız varlanma da yer alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başalnmasının rədd edilməsi” haqqında qərar və xx.xx.2023-cü il tarixli iltizam əsasında müəyyən olunur ki, Cavabdeh İddiaçıya 6000 manat pul qaytarmalı olduğunu etiraf etmiş, 750 manat əvvəlcədən ödəniş edərək qalan 5250 manatı aylıq 200 manat olmaqla geri qaytaracağına dair öhdəlik götürmüşdür. Göründüyü kimi, Cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan İddiaçının hesabına əsassız varlanmışdır. İddiaçı Caavbdehə verdiyi pul məbləğini beh kimi adlandırsa da, qanunvericiliyin tələbindən də aydın olur ki, behlə bağlı razılaşma yazılı qaydada rəsmləşməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, tərəflər arasında baş tutmuş razılaşma etibarsızdır və bu razılaşma cavabdehin heç bir qanuni və ya müqavilə əsası olmadan varlanmasına səbəb olmuşdur. Bununla da iddia ərizəsinin məzmunu və İddiaçının məhkəmə iclasında verdiyi izahat əsasında müəyyən olunur ki, Cavabdeh 2600 manat ödəniş etmiş, hazırda 3400 manat borcu qalmışdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 54 manat dövlət rüsumunun əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 54 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1004/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1004/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver