Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1013/2025 02.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2700 manat borc pulun və 47 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə uzun müddət tanışdır. Cavabdeh xx.xx.2024-ci il tarixdə ondan 1300 manat məbləğində pul borc almışdır və bildirmişdir ki, hər ay 100 manat ona əlavə pul verəcək. (hörmət mənasında). Lakin nəinki 100 manat pulu, heç aldığı 1300 manat pulu indiyə kimi qaytarmamışdır. O, dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq Cavabdeh heç telefonlarına belə cavab verməkdən boyun qaçırmışdır. Əlində məhkəməyə təqdim etməli sübutlar da var. O, Cavabdeh pulu əlbə-əl vermişdir. Cavabdeh pulu qaytarmağına dair vədlər versə də, pulu qaytarmamışdır. Pulun qaytarılmasını dəfələrlə cavabdehdən tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Cavabdeh telefon zənglərinə cavab verməmiş, pulu qaytarılmasından boyun qaçırtmışdır. Bundan əlavə olaraq iddiaçı 47 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh pula ehtiyacı olduğundan ondan 1300 manat məbləğində borc pul istəmiş, həmçinin hər ay əlavə olaraq 100 manat da pul ödəyəcəyini bildirmişdir. O, qonşuluğunda yaşayan yaşlı qadına bu barədə danışmış, həmin şəxsdən 1300 manat məbləğində pulu alıb cavabdehə vermiş, əvəzində həmin qadına hər ay 100 manat pul verəcəyini bildirmişdir. Cavabdeh götürdüyü borca görə hər ay əlavə 100 manat pul ödəyəcəyini qonşusuna vəd etsə də, həmin pulu ödəmədiyindən o, cavabdehin əvəzinə həmin qadına hər ay 100 manat pul vermiş, lakin buna dair hər hansı sübutu yoxdur. Ona görə də hazırda cavabdehdən tələb etdiyi borc pulun məbləği 2700 manat təşkil edir. Həmçinin bildirmişdir ki, cavabdehlə aralarında nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o, cavabdehə 20900 manat məbləğində avtomobili ilkin ödəniş 6500 manat olmaqla satmış, məhkəmənin qətnaməsinə əsasən həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Hazırda tələb etdiyi borc pul həmin alqı-satqı müqaviləsi ilə əlaqədar deyil. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq məktubu göndərmişdir. - cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanmış ərizədə qeyd olunur ki, İddiaçı haqq-nahaq onu şərləyərək deyir ki, onun iddiaçıya pul borcu var, amma ona borcu yoxdur. O, iddiaçıdan ilkin ödəniş edib altı min beş yüz manat verərək maşın almışdır. 24 aylıq müqavilə bağlamış, 24 ay ərzində altı yüz manat ödəyib, hər ay ərzində ödəniş etmiş, lakin 10 ay ödəniş etdikdən sonra maşını əlindən almışdır. Maşını əlindən aldıqdan sonra hətta ondan pul tələb edir. O, altı min manat ödəniş etdikdən sonra ondan maşını almışdır. O, bildirmişdir ki, taksi sürücüsü kimi işləyib. Lakin iddiaçı tərəfindən onun əlindən maşını alındıqdan sonra o, işsiz qalmışdır. Bütün bunların nəzərə alınmasını xahiş etmişdir. - məhkəmə iclasında baxılmış bir ədəd diskin yaddaşına yazılmış videogörüntülərdən görünür ki, Cavabdeh iddiaçıya 1300 manat məbləğində pul borcunun olduğunu və onu qaytaracağını bildirmişdir. - qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda məhkəmə iclasında diskin yaddaşına yazılmış videogörüntülə baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 1300 manat məbləğində borc pul aldığını və onu qaytaracağını etiraf etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində iddiaçıya borcunun olmadığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı iddia tələbində və məhkəmə iclasında verdiyi izahatında cavabdehə 1300 m manat borc pulu qonşusundan alıb verdiyini bildirmiş, iddia tələbinin 1400 manat hissəsinə dair isə hər hansı sübutunun olmadığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1300 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 23,5 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 23,5 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində borc pul və 23,5 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 23,5 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1013/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1013/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver