Məhkəmə qərarları › İş №2(064)-1048/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1048/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1048/2024 31.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, iddiaçı Bakı şəhər Probasiya İdarəsinin cavabdeh X1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Bakı şəhər Probasiya İdarəsi cavabdeh X1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277,40 manat dəyərində pul məbləğinin cavabdehdən tutularaq Bakı şəhəri Baş Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən iddia ərizəsi icraata götürülmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsini iddiaçı Bakı şəhər Probasiya İdarəsinin adından Cavid İsmayılov imzalamışdır. İddia ərizəsinə Cavid İsmayılovun iddiaçının nümayəndəsi olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Probasiya İdarəsi - Cavid İsmayılovun onun nümayəndəsi olmasını təsdiq edən etibarnamənin əslini və ya müvafiq qaydada təsdiq olunmuş surətlərini ərizəsinə əlavə etmədiyindən, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizə səlahiyyəti olmayan Cavid İsmayılov tərəfindən imzalandığından, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, iddiaçı Bakı şəhər Probasiya İdarəsinin cavabdeh X1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar arandan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah edilməlidir. Beləliklə də, yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Bakı şəhər Probasiya İdarəsinin cavabdeh X1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səkinəxanım Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar