Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1072/2023 06.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 11023 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə aralarında yazılı qaydada tərtib edilmiş 31 mart 2017-ci il tarixli qəbzə əsasən 09 sentyabr 2017-ci il tarixədək qaytarmaq şərtilə 11323 manat məbləğində pulu borc vermişdir. Cavabdeh ona sonuncu dəfə 04 avqust 2021-ci il tarixdə borcunun 300 manat hissəsini qaytarmış, qalan 11023 manat hissəsini isə qaytaracağı barədə dəfələrlə söz versə də, qaytarmamaqla öhdəliyinə əməl etməmişdir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu cəmi 11023 manat təşkil edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə təqdim etdiyi yazılı ərizəsində isə iddia ərizəsində göstərdiklərinə əlavə olaraq, məhkəməyə iddia ərizəsi ilə müraciət etməsindən sonra cavabdehin ona borclu qaldığı məbləğdən 1100 manat pul qaytardığını, buna görə də iddia tələbinin həcmini 1100 manat həcmində azaltdığını göstərmiş, buna görə də cavabdehdən 9923 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh verdiyi izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində işin faktiki hallarının iddiaçının ərizəsi və izahatında göstərdikləri ilə eyni məzmunda olmasını və iddiaçıya cəmi 9923 manat məbləğində pul borcunun olmasını etiraf etmiş, həmin məbləği maddi vəziyyətinin ağır olması ilə əlaqədar iddiaçıya ödəyə bilmədiyini, bundan sonra hissə-hissə ödəyəcəyini göstərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə cavabdehin iddianı etiraf etməsini onda işin hallarının gizlədilməsi məqsədi ilə edilməsi, yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə dair şübhə aşkar etmədiyinə görə qəbul edir, bu səbəbdən yuxarıda göstərilən prosessual qanunvericilik normalarına uyğun olaraq, iddiaçının izahatı ilə yanaşı, cavabdehin iddianı etiraf etməsi əsasında cavabdehin 31 mart 2017-ci il tarixdə iddiaçıdan borc aldığı 11023 manat məbləğində pulun 9923 manat hissəsini sonuncuya qaytarmadığını, beləliklə də cavabdehin iddiaçıya 9923 manat məbləğində pul borclu olduğunu müəyyən edir. Beləliklə, məhkəmə mülki işin materialları əsasında belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdehin onunla yazılı qaydada bağladığı müqavilədən yaranan öhdəliyini icra etməməsi ilə bağlıdır. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş üzrə iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-in yuxarıda göstərilən, eləcə də 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9923,00 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-1072/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1072/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver