Məhkəmə qərarları › İş №2(064)-108/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-108/2024

08.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-108/2024 08.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş maddi ziyana görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 330,40 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 may 2021-ci il tarixdə saat 17 radələrində Qaraməryam-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən 48,9-cu km.-də cavabdehin idarə etdiyi “HYUNDAİ SOLARİS” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “Lada Granta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdehin təqsirindən toqquşması nəticəsində sonuncu “Lada Granta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan vurmuşdur. Buna görə də cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən “Lada Granta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 5772,00 manat məbləğində maddi ziyan dəydiyini müəyyən edib, 300 manat azadolma çıxılmaqla, 5472,00 manat məbləğində pul ödəmişdir. Həmin pulun 5000 manat hissəsi cavabdehin sığortaçısı "xxxx" ASC-nin vəsaiti hesabına ödənildiyinə görə iddiaçı həmin pulun 300 manat hissəsinin subroqasiya hüququ əsasında və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - “Lada Granta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı iddiaçı tərəfindən 13 aprel 2019-cu-ci il tarixdən 12 aprel 2022-ci il tarixədək kasko sığorta növündə sığortalanmışdır (12 aprel 2019-cu il tarixli, MC-MİC-0118/19 nömrəli “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi”nin surətinə əsasən). - 03 may 2019-cu il tarixdə “HYUNDAİ SOLARİS” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi həmin avtomobili idarə etmək hüququnu cavabdehə etibar etmişdir (03 may 2019-cu il tarixli, ƏN-İV seriyalı, 822456 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsində iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı cavabdeh verdiyi izahatında göstərmişdir ki, 20 may 2021-ci il tarixdə saat 17 radələrində Qaraməryam-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən 48,9-cu km.-də onun idarə etdiyi “HYUNDAİ SOLARİS” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan gəlmiş “Lada Granta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sonuncu avtomobilin hərəkət hissəsində toqquşmuşdur (Həmin izahatın surətinə əsasən). Beləliklə, cavabdeh həmin izahatında iş üzrə yol-nəqliyyat hadisəsinin onun təqsirindən baş verdiyini etiraf etmişdir. - İnzibati xəta haqqında 19 iyun 2021-ci il tarixli protokolda 20 may 2021-ci il tarixdə saat 17 radələrində Qaraməryam-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən 48,9-cu km.-də cavabdehin idarə etdiyi “HYUNDAİ SOLARİS” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Lada Granta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmasından ibarət yol-nəqliyyat hadisəsinin cavabdehin təqsirindən baş verdiyi, nəticədə sonuncunun Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir (Həmin protokolun surətinə əsasən). Cavabdeh həmin protokolu mübahisələndirməmişdir. - Göstərilən inzibati xəta nəticəsində “Lada Granta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilmiş xərc cəmi 5772 manat təşkil etmişdir (“Avanqard servis”-in verdiyi məlumatlar əsasında iddiaçının tərtib etdiyi 28 may 2021-ci il tarixli, 122415 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a və 13 iyun 2021-ci il tarixli, 059HA nömrəli müstəqil ekspert rəyinə əsasən). - İddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün “Lada Granta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 5472 manat məbləğində pul ödəmişdir (25 iyun 2021-ci il tarixli sığorta aktına əsasən). - İddiaçı iş üzrə dövlət rüsumuna görə 30,40 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə göstərilən maddi hüquq normaları və sənədlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh tərtib edilmiş 19 iyun 2021-ci tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini “HYUNDAİ SOLARİS” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı törətdiyinə, beləliklə də baş vermiş həmin sığorta hadisəsi ilə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə olduğuna görə iddiaçının həmin hadisəyə görə “Lada Granta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödədiyi pulun 300 manat hissəsini cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 300 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 330,40 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar