Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1090/2023 09.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 6.500 manat əsas borc, 2.340 manat faiz borcu və 600 manat cərimə borcu olmaqla, cəmi 9.440 manat pulun və 108 manat ödənilmiş dövlət rusumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 1.200 saylı kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh1 şəxsi məqsədləri üçün 36 ay müddətinə 36 faiz olmaqla 6.500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq digər cavabdeh X4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kreditor müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi Ə.Hacıyev iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər X6 və X3 oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsininin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1lə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1.200 saylı kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 şəxsi məqsədləri üçün 36 ay müddətinə 36 faiz olmaqla 6.500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx.xx.2023-cü il tarixdə digər cavabdeh X4 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh-zamin cavabdeh-borclu ilə birgə məsuliyyət daşımağı barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində 2.340 manat faiz borcunun qaytarılmasını tələb etsə də məhkəmə bu borcun azaldılmasını əsaslı hesab edir. Belə ki, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, müqavilə müddətinin sonuna, yəni xx.xx.2025-ci il tarixə faiz borcu 2.340 manat təşkil edir. Lakin məhkəmə hesab edir ki, müqavilə müddətinin sonuna hesablanmış faiz borcunun tutulması əsaslı ola bilməz. Odur ki, məhkəmə qətnamə elan olunduğu günə, yəni xx.xx.2023-cü il tarixə kimi faiz borcunun hesablanaraq cavabdehdən tutulmasını əsaslı hesab edir. Belə ki, ödəniş cədvəlindən görünür ki, aylıq faiz borcu 65 manat təşkil etməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bu borc 65x12=780 manat təşkil edir. Odur ki, məhkəmə iddia tələbini faiz borcunun qaytarılması hissəsində qismən təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn,pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 108 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 6.500 manat əsas borc, 780 manat faiz borcu və 600 manat cərimə borcu olmaqla, cəmi 7.880 manat və 108 manat dövlət rusumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1090/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1090/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver