Məhkəmə qərarları › İş №2(064)-1098/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1098/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1098/2024 31.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehdən, ümumilikdə 13000 manat pulun və ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 4 ildir ki, Ruhini tanıyır və onunla aralarında heyvan biznesi olmuşdur. Belə ki, Ruhinə alver etməsi üçün ümumilikdə 13.000 manat pulu 4 il ərzində vermişdir. Ruhin ilə aralarında olan razılaşmaya görə özü ona verdiyi pulun qarşılığında o, ona əldə etdiyi gəlirdən pay verməli olduğu halda özünün ona verdiyi əsas məbləği isə hissə-hissə qaytarmalı imiş. Bu minvalla 4 il alver etmişlər və sonuncu dəfə 2023-cü il tarixdə onunla aralarında sonuncu alverləri olmuşdur. Həmin vaxt Ruhinin ona 13.000 manat borcu yaranmış, Ruhuni bir neçə gün görmədiyi üçün maraqlanan zaman Rusiyaya getməsini müəyyən etmişdir. 2024-cü il tarixdə Ruhin geri qayıdan zaman ondan borcu istəyən zaman qısa zamanda qaytaracağını bildirmiş və indiki zamana qədər ödəmədiyi üçün respublikanın ali orqanlarına müraciətlər etmişdir.O, Ruhinə 10.000 manat pulu hissəhissə özü Sabirabad rayonu Şəhriyar kəndində yerləşən mal bazarında və Sabirabad rayonunun müxtəlif yerlərində vermişdir. Qalan 3.000 manatı isə taksi sürücüsü işləyən dayısı X1 şəhəri Muğan prospektində yerləşən «Xan Çinarı» adlı kafenin qarşısında ona vermişdir. Ruhinin ona borcu olmasını çox insan bilir və bunu təsdiq edə bilərlər. Dəfələrlə onunla danışıan zaman Ruhin ona borcu olmasını təsdiq etmişdir.Ona pul verməkdə məqsədi və mal-qara alveri ilə məşğul olmaq istəməyi olmuşdur. Özü onunla 4 il alver etmiş və Ruhin ona pul verməyinin qarşılığında alver zamanı əldə etdiyi gəlirdən 4 il müddətində pay vermişdir. Lakin sonradan 13.000 manat borcunun qalmasına baxmayaraq ödəməkdən boyun qaçırmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 13000 manat borcun və ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, 10 ilə yaxındır ki, Muradı tanıyır və onunla aralarında dəfələrlə borc pul münasibətləri olmuşdur. Tanıdığı Muraddan son 4 il ərzində pul alaraq heyvan alveri ilə məşğul olmuşdur. Belə ki, ondan aldığı pulun qarşılığında ona əlavə pul verirmiş. Bu bir neçə ilə davam etmiş və iki ildir ki, ziyan etdiyi üçün Murada olan borcları ödəyə bilməmiş və ona borcu və borcuna görə faizlər yığılmağa başlamışdır. Özü borclarını ödəmək üçün 2023-cü ilin fevral ayında Türkiyəyə işləmək üçün gedib borclarını bağlamışdır. Murad ondan borcunu istəyən zaman guya ona 13.000 manat borcu olması barədə bildirmişdir. Cavab olaraq Murada ümumilikdə ona 4.000 manat borcu olduğunu həmin məbləği də ay-ba-ay qaytaracaqdır. Buna baxmayaraq Murad ondan təkidlə pulu istəmişdir. Qeyd edir ki, özü ondan son 4 il ərzində dəfələrlə borc almış və qaytarmışdır. Ona hazırda 4.000 manat borcu var. Muradın dediyi 13.000 manat pul 4.000 manat pulun üzərinə 2 ildə gəldiyi pullardır. Muraddan 3000 manat alsa da həmin məbləğdən 3100 manat qaytarmışdır. Murada hazırda olan borcu 4.000 manatdır, həmin borcu da imkan olduqca qaytaracaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, 4 ildir ki, Ruhini tanıyır və Muradla onun arasında heyvan biznesi olmuşdur. Belə ki, Murad Ruhinə alver etməsi üçün ümumilikdə 13.000 manat pulu 4 il ərzində vermişdir. Belə ki, sonuncu dəfə 2023-cü ilin Fevral ayında Murad işləri olduğu üçün ona 3.000 manat pul vermiş ki, aparıb Ruhinə versin. Onun dediyi kimi pulu axşam üstü saat 21 radələrində Sabirabad şəhəri, Muğan prospektində yerləşən «Xan Çinarı» adlı kafenin qarşısında vermişdir. Sonradan eşitmiş ki, Ruhin Muradın pulunu ödəməyərək qaçıb gedib. Qeyd edir ki, Ruhin Muraddan dəfələrlə onların yanlarında müxtəlif məbləğlərdə pul alıb və özü ona dəfələrlə müxtəlif məbləğlərdə pulları Sabirabad rayonu Qalaqayın dairəsi adlanan yerdə vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən Məhkəməyə Cavabdehin ona 13000 manat məbləğində borcunun olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Lakin hazırki mülki iş üzrə yeganə sübut Cavabdehin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 may 2024-cü il tarixli qərarda göstərilən və məhkəmə iclası zamanı verdiyi 4000 manat borcunun olduğunu etiraf etməsilə bağlı izahatıdır. Cavabdeh həmin izhatında İddiaçıdan sonuncu aldığı 3000 manat pulun faizi ilə birlikdə, yəni 3100 manat qaytardığını bildirmiş və hazırda İddiaçıya cəmi 4000 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və Cavabdeh tərəfindən İddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyindən də aydın olur ki, sübutların toplanması və verilməsi yükü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə düşür. Belə olan halda, İddiaçı Cavabdehin ona 13000 manat məbləğində borcunun olduğunu bildirsə də, bunu tam olaraq sübuta yetirə bilməmiş, Məhkəmə tərəfindən həmin borcun 4000 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, iddiaçının verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehdən 4000 manat məbləğində pul alınaraq İddiaçıya ödənilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 129 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 89 manat İddiaçıdan, 40 manat da Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat məbləğində pul və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar