Məhkəmə qərarları › İş №2(064)-112/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-112/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-112/2025 13.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçılar İddiaçı3 Müseyib qızı, İddiaçı2 və İddiaçı1 Rizvan oğlunun Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı3 Müseyib qızı, İddiaçı2 və İddiaçı1 Rizvan oğlu iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı3 Müseyib qızının xeyrinə dəymiş 2620 manat maddi zərərin və ödənilmiş 62 manat dövlət rüsumunun, iddiaçılar İddiaçı2 və İddiaçı1 Rizvan oğlunun xeyrinə dəymiş 8250 manat maddi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıların qohumudur və Cavabdeh tərəfindən İddiaçı3 qızı Fəridə Rəhimovaya təzyiq göstərilərək iddiaçılara məxsus qızılların F.Rəhimova tərəfindən oğurlanaraq mənimsənilməsinə nail olmuşdur. Cavabdeh əldə etdiyi qızılları 4500 manata satdığını və əldə etdiyi məbləği öz məqsədləri üçün istifadə etdiyini bildirmişdir. Lakin oğurlanmış qızıllar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə 10870 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğin 2620 manatı İddiaçı3, qalan hissəsi isə iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsusdur. Bundan əlavə İddiaçı3 hazırki iddia ərizəsini qaldırmaq üçün Füzuli Rayon Məhkəməsinə 62 manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin 20 fevral 2025-ci il tarixli baxış iclasında iştirak edən: İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hər gün bu məsələ ilə bağlı ailələrində mübahisə yaşanır. Odur ki, iddia tələbinin təmin edilməsini və Cavabdeh tərəfindən ələkeçirilmiş qızılların dəyərinin geri qaytarılmasının təmin edilməsini xahiş edir. İddiaçı1 iddia ərizəsinin məzmununa və İddiaçı3 dediklərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa və İddiaçı3 dediklərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə müəyyən edir ki, Cavabdeh hazırda Füzuli Rayon Hərbi Məhkəməsinin 1- 1(097)-135/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəzasını çəkməkdədir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun tərəfindən iddia tələbini mübahisələndirilməsi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırki mübahisə üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıda qeyd edilənlərə istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası hesab olunur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəni nəzərə alsaq cavabdeh tərəfindən delikt törədildiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz mülki hüquq pozuntusudur. Məhkəmə iş materiallarına əlavə edilmiş Füzuli Rayon Hərbi Məhkəməsinin 1-1(097)- 135/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü əsasında müəyyən edir ki, Cavabdeh 2023cü ilin iyul ayında İddiaçı3 məxsus Rusiya istehsalı ümumi dəyəri 1000 manat olan 2 ədəd qızıl üzüyü, 750 manat dəyərində 1 ədəd qızıl sepi, 300 manat dəyərində 1 ədəd qızıl klonu, 450 manat dəyərində 1 cüt sırğanı və 120 manat dəyərində 1 ədəd qızıl dişi, İddiaçı1 məxsus 850 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü və İddiaçı2 məxsus İtaliya istehsalı ümumi dəyəri 5000 manat olan qızıl dəsti, Rusiya istehsalı ümumi dəyəri 850 manat olan 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü, Rusiya istehsalı 850 manat və 400 manat dəyərində 2 ədəd qızıl üzüyü və 300 manat dəyərində qızıl klonu dolayı yolla əldə edərək satmış, qızılların satışından əldə etdiyi məbləği öz məqsədləri üçün istifadə etmiş və bununla da ümumilikdə İddiaçı3 2620 manat, İddiaçı1 850 manat və İddiaçı2 7400 manat məbləğində maddi ziyan vurmuşdur. Belə olan halda Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı3 xeyrinə 2620 manat, İddiaçı1 xeyrinə 850 manat və İddiaçı2 xeyrinə 7400 manat məbləğində dəymiş maddi ziyanın əvəzi Cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci İddiaçı3 dövlət rüsumuna görə ödədiyi 62 manatdan ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumunun əvəzi də Cavabdehə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı3 Müseyib qızının xeyrinə 2620 manat və 62 manat dövlət rüsumunun əvəzi, İddiaçı1 Rizvan oğlunun xeyrinə 850 manat və İddiaçı2 xeyrinə 7400 manat məbləğində dəymiş maddi ziyanın əvəzi Cavabdeh tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar