Məhkəmə qərarları › İş №2(064)-1141/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1141/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1141/2023 10.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “istifadə olunmuş təbii qaza görə borcun tutulması” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) istifadə etdiyi təbii qaza görə yaranmış borc üzrə 1049,17 manat məbləğində pulun alınıb sonuncunun adına qaz istehlakçısı kimi açılmış abonent koduna və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 08 sentyabr 2011-ci il tarixli, 7 nömrəli müqavilə əsasında yaşadığı evə quraşdırılmış qaz sayğacından keçən təbii qazdan istifadə etmişdir. Cavabdeh həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış, qaz paylayıcısı olan iddiaçının təqdim etdiyi və ya göndərdiyi hesab üzrə qazın dəyərini tam ödəməli olduğu halda, iddiaçıya istifadə etdiyi təbii qaza görə cəmi 1049,17 manat məbləğində borcunu yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ödəməmiş, bununla da müqavilə öhdəliyini icra etməmişdir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 30,40 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 08 sentyabr 2011-ci il tarixli, 7 nömrəli müqavilənin surəti, “Abonentin Salidosu”, iddiaçının cavabdehə göndərdiyi yazılı xəbərdarlıq əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 135.1-ci maddəsinə əsasən fiziki şəxslər kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. - 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə qaz təminatına görə ödənilən haqlar daxildir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 08 sentyabr 2011-ci il tarixli, 7 nömrəli müqavilə üzrə yaranmış borca görə 1049,17 manat məbləğində pul alınıb özünün adına qaz istehlakçısı kimi açılmış abonent koduna və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar