Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1145/2023 14.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 4000 manat və dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında vermiş, cavabdeh yazılı qaydada iddia tələbinə etiraz verməklə işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyinə görə məhkəmənin 26 iyul 2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində və məhkəmənin hazırlıq iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, 19 dekabr 2021-ci il tarixdə cavabdehə xahişi əsasında 4000 manat məbləğində pulu 4 ay müddətinə qaytarması şərtilə borc vermiş, sonuncu bu barədə yazılı qaydada qəbz tərtib edib ona vermişdir. Cavabdeh ona borcunu qaytaracağı barədə dəfələrlə vəd versə də, öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu cəmi 4000 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 60 manat məbləğində pul ödəmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə baxışı iclasına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM-in) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında göstərmişdir ki, o, iddiaçıdan hər hansı məbləğdə borc pul almamışdır. Onun oğlu 19 dekabr 2021-ci il tarixdə iddiaçıdan 1000 manat məbləğində borc aldığı pulu ödəyə bilmədiyinə görə sonradan o, iş materiallarına əlavə edilmiş 19 dekabr 2021-ci il tarixli qəbzi yazıb imzalayaraq iddiaçıya vermişdir. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddia ərizəsinə əlavə edilmiş: - cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 19 dekabr 2021-ci il tarixli qəbzdə sonuncu ehtiyacı olduğu üçün iddiaçıdan 4000 manat məbləğində pulu borc aldığını, həmin pulu 2022-ci ilin aprel ayına kimi ödəyəcəyini göstərmişdir. - 01 iyun 2023-cü il tarixli, 1440 nömrəli qəbzdə iddiaçının iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 60 manat məbləğində pul ödədiyi göstərilmişdir. Beləliklə, məhkəmə cavabdehin izahatı, iddia ərizəsinə əlavə edilmiş 19 dekabr 2021-ci il tarixli qəbz və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının məzmunu ilə bağlı 19 dekabr 2021-ci il tarixdə cavabdehin iddiaçıdan 2022-ci ilin aprel ayında qaytaracağı şərtilə 4000 manat məbləğində pulu borc aldığını, iş materiallarında bu barədə olan 19 dekabr 2021-ci il tarixli qəbzin cavabdeh tərəfindən tərtib edilib imzalandığını, cavabdehin həmin borc məbləğini iddiaçıya qaytarmamaqla öhdəliyini yerinə yetirmədiyini və iddiaçının iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 60 manat məbləğində pul ödədiyini müəyyən edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iş üzrə tərtib etdiyi 19 dekabr 2021-ci il tarixli qəbzin predmetini təşkil edən 4000 manat məbləğində pulu iddiaçıdan borc almadığını, həmin qəbzi göstərilən tarixdə oğlunun iddiaçıdan 1000 manat məbləğində pulu borc alması ilə əlaqədar sonradan tərtib etdiyini göstərsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işin materialları əsasında belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdehin yazılı qaydada tərtib etdiyi qəbz əsasında 19 dekabr 2021-ci il tarixli borc müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini icra etməməsi ilə bağlıdır. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, buna görə də iddiaçının işə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödədiyi 60 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş borca görə 4000 manat və dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 60 manat olmaqla, cəmi 4060,00 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-1145/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1145/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver