Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1148/2024 15.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Füzuli Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Füzuli Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 25 mart 2016-cı ildə 3 saylı Bakı “ASAN XİDMƏT” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Cavabdehlə evli olduğu müddətdə 15 avqust 2016-cı il tarixdə Nuray və Uğur adlı əkiz uşaqları dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmış, nikahları Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(064)-681/2022 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmış, cavabdehdən iki uşaq üçün hər uşağa 120 manat olmaqla, cəmi 240 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda məhkəmənin həmin dövrün iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşaqların gündən-günə artan xərclərinin ödənilməsində ona maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. O, işsiz olduğundan övladlarını tək saxlamaqda maddi cəhətdən həddindən artıq çətinlik çəkir, onların gündəlik minimum xərclərini ödəyə bilmir. Uşaqlar böyüdükçə onların xərcləri də artır. Qızı Nuray daun sindiromundan əziyyət çəkir, onun daimi müalicə və müayinəyə ehtiyacı vardır. Cavabdeh aylıq olaraq yaxşı gəlir əldə edir, buna baxmayaraq uşaqları ilə maraqlanmır, onların gündən-günə artan xərclərinin ödənilməsində ona heç bir köməklik göstərmir. Bu səbəbdən alimentin miqdarının artırılmasına dair qətnamə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən onun və cavabdehin ailə və maddi vəziyyətini, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almağı xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcmini artırılması barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbini artırılmış həcmdə müdafiə etmiş, eyni zamanda iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Füzuli Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil elektron məhkəmə vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı xx.xx.2016-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-681/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılaraq hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xahişini, uşaqlara görə müəyyən olunmuş yaşayış minimumu və Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandırmışdır. Tərəflərin alimentə dair aralarında heç bir saziş bağlanmamışdır. Lakin Nuray və Uğurun yetkinlik yaşına çatanadək saxlanılması üçün Ailə Məcəlləsinin 76.1.1-ci maddəsində müəyyən olunmuş qaydada aliment tutulmasına (əmək haqqının 1/3 hissəsi qədər) etiraz etmir. Gələcəkdə əmək haqqında dəyişiklik olduğu halda da aliment məbləğində də dəyişiklik baş verəcəkdir. Cavabdeh "X4 Ekspedisiyası Kompaniyası" MMC-də yük avtomobili sürücüsü vəzifəsində xx.xx.2024-cü il tarixdən hal-hazıradək işləyir və aylıq əmək haqqı hər ay 345 manat təşkil edir. Hazırki durumda o, övladlarının qayğısına qalmaq üçün məcburi qaydada işə qəbul olub işləyir. Bütün bunlara baxmayaraq anasının və bacısının da dəstəyi ilə uşaqların digər qayğılarını da maksimun ödəməyə cəhd göstərir. 2022-ci il tarixdə qəbul olunmuş məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarının ödənilməsi üzrə maddi vəziyyətində isə demək olar ki, heç bir yaxşılaşma olmamışdır. Digər baxımdan, onun əmək qabiliyyəti olmayan pensioner valideynləri də onun himayəsində yaşayır. Qazandığı pul vəsaitindən hər ay uşaqların saxlanılması üçün 240 manat aliment ödəyir və uşaqlarla mübahisəsiz qaydada ünsiyyətdə oluram. Əmək haqqından tutulmalar çıxıldıqdan sonra qalmış vəsaitdən isə iddiaçının tələb etdiyi alimentin ödənilməsi mümkün deyildir. Eyni zamanda qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentləri: uşağa yardım etmir, qayğısına qalmır və s. kimi fikirlər həqiqəti əks etdirmir. Uşaqların saxlanılması üçün ödənilən aliment pulundan başqa, bütün bayramlarda onlara sovqat göndərir, Bakı şəhərinə gətirib yay tətili günlərində qayğılarına qalır, onlara geyim əşyaları alır, ümumiyyətlə, maddi dəstək göstərir. Uşaqların anası isə işləmək istəmir, uşaqların qayğılarını və tələbatlarını yalnız onun ödədiyi aliment pulu hesabına yerinə yetirmək istəyir. Hesab edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə onun ailə vəziyyətindəki diqqətəlayiq hallar Füzuli Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasına əsas vermir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz ərizəsində qeyd etdikləri ilə yanaşı onu bildirmişdir ki, cavabdeh iddia tələbini qismən qəbul edir və o, hər uşağın saxlanması üçün hər ay 160-170 manat məbləğində aliment ödəyə bilər. Qeyd olunanlara əsasən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-681/2022 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 anasının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən müəyyən edilir ki, tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 2 uşaqları doğulmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-681/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqların anasının yanında saxlanılması və cavabdehdən hər ay iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda uşaqlar analarının yanındadır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının: - 8.2-ci bəndində göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. -8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. -8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. -8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-681/2022 saylı qətnaməsi ilə alimentin təyin edildiyi vaxtdan 2 ilədən artıq müddət keçdiyindən iddiaçı ilə cavabdehin nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz bunun sübuta ehtiyacı yoxdur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq, uşağın mənafeyini, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-681/2022 saylı qətnaməsi ilə tutulmuş alimentin məbləği dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-681/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1148/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1148/2024
15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver