Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1189/2023 21.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 21 oktyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 433,08 manat əsas və 43,92 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 507 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında vermiş, cavabdeh iddia tələbinə yazılı qaydada etiraz verməklə işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyinə görə məhkəmənin 10 iyul 2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış 21 oktyabr 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən ona təhvil aldığı “Samsung” markalı paltaryuyan üçün ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 55,56 manat olmaqla, cəmi 1000,08 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin müqavilə üzrə cəmi 567 manat məbləğində ödəniş etmiş, iddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq, qalıq qalmış 433,08 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqavilənin əlavəsinə əsasən gecikdirilmiş borc məbləğinə görə cəmi 43,92 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 433,08 manat əsas və 43,92 manat cərimə borcu olmaqla, cəmi 477 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir. İddiaçı və cavabdeh məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, gəlməmişlər. İddiaçı məhkəməyə göndərdiyi teleqramlarında iş üzrə məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə göndərdiyi 21 sentyabr 2023-cü il tarixli teleqramında maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, iddia ərizəsində göstərilən paltaryuyanı iddiaçıya qaytardığını və sonuncuya həmin məhsulun dəyərini ödədiyini, buna görə də iddianı qəbul etmədiyini göstərmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 21 oktyabr 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi, onun tərkib hissəsi olan bildiriş, təhvil-təslim aktı və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi yazılı xəbərdarlıq, ona dair poçt qəbzi, 24 may 2023-cü il tarixli maliyyə və ödəniş cədvəli, iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu, xüsusilə də cavabdehin 21 oktyabr 2021-ci il tarixdə həmin müqavilə, onun tərkib hissəsi olan bildiriş, təhvil-təslim aktı və ödəniş cədvəlinə imza etməklə iddiaçıdan “Samsung” markalı paltaryuyanı təhvil aldığını, həmin məhsulun dəyərinə görə iddiaçıya ödəməyi öhdəliyinə götürdüyü cəmi 1000,08 manat məbləğində pulun 567 manat hissəsini ödədiyini, 477 manat hissəsini isə ödəmədiyini, ödəniş cədvəli üzrə ödənişləri gecikdirərsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində peniya ödəmək öhdəliyini üzərinə götürdüyünü müəyyən edir. Məhkəmə buna görə də işin iddia ərizəsi ilə eyni məzmunda müəyyən edilmiş digər faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Cavabdeh məhkəməyə göndərdiyi 21 sentyabr 2023-cü il tarixli teleqramında iddia ərizəsində göstərilən paltaryuyanı iddiaçıya qaytardığını və sonuncuya həmin məhsulun dəyərini tam ödədiyini göstərsə də, bunlara dair sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehin verdiyi etiraz əsassızdır, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının dövlət rüsumuna görə dövlət büdcəsinə ödədiyi 30 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 21 oktyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 433,08 manat əsas və 43,92 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 507 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-1189/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1189/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver