Məhkəmə qərarları › İş №2(064)-12/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-12/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-12/2025 20.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh dəymiş maddi zərərə görə 8000 manat xərcin əvəzinin Cavabdehdən alınıb İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdehə məxsus heyvanlar ona məxsus 8 ha əkinə yararlı torpaq sahəsinə ziyanlıq vurmuşdur. Bu barədə polisə müraciət etsə də, xeyri olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İş üzrə tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən: İddiaçı izahat verərək bildirdi ki, özü əkinçiliklə məşğul olur və tək qazanc yeri bu işdir. Cavabdehə məxsus otlaq sahəsi ilə ona məxsus əkin sahəsi qonşudur, aralarında təxminən eni 5 metr olan yol var. Dəfələrlə Cavabdehə məxsus heyvanlar ona məxsus əkin sahəsinə girərək ziyanlıq vurmuşdur. Bu barədə xəbərdarlıq etməsinə baxmayaraq bir nəticəsi olmamışdır. Polisə də müraciət etmiş, lakin polis əməkdaşları məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Cavabdeh izahat verərək bildirdi ki, ziyanlığın dəyməsini etiraf edir. Belə ki, ona məxsus heyvanlar İddiaçıya məxsus əkin sahəsinə girir. Bu hal qəsdən olmur. Onun nəzarətindən kənar baş verir. Torpaq sahələri arasında hasar çəkməyə maddi gücü çatmır. Odur ki, təklif edir ki, İddiaçı ona məxsus torpaq sahəsini icarəyə versin, ziyan da ona dəysin. İş materiallarında olan: - AR ƏMDKDƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarış (Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır) və 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı əsasında müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində Füzuli rayonu Qarabağ kəndində yerləşən 1,9999 ha ölçüdə ********** qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır; - AR ƏMDKDƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (Daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır) və 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı əsasında müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində Füzuli rayonu Qarabağ kəndində yerləşən 2,0 ha ölçüdə **********90 qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır; - AR ƏMDKDƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır) və 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı əsasında müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində Füzuli rayonu Qarabağ kəndində yerləşən 2,0002 ha ölçüdə **********92 qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır; - AR ƏMDKDƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır) və 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı əsasında müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində Füzuli rayonu Qarabağ kəndində yerləşən 2,0 ha ölçüdə **********06 qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır; - xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi əsasında müəyyən olunur ki, İddiaçı arpa sahəsinin xırdabuynuzlu mal-qara ilə otarılması və tapdanması nəticəsində arpa məhsuluna görə əldən çıxmış faydanın 5040 (beş min qırx) manat olması reallığa yaxındır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 14.2.6-cı maddəsinə görə başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından. 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsində isə təsbit edilmişdir ki, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdehdən İddiaçının xeyrinə 5040 manat məbləğində dəymiş maddi zərərin əvəzi ödənilməlidir. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdehə məxsus xırdabuynuzlu heyvanlar tərəfindən İddiaçıya məxsus arpa sahəsinin tapdanması nəticəsində İddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Dəymiş maddi zərərin məbləğinə gəldikdə isə Məhkəmə qeyd edir ki, iş materiallarında olan qiymətləndirmə rəyi əsasında müəyyən olunur ki, bu məbləğ 5040 (beş min qırx) manat olması reallığa yaxındır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi zərərə görə 5040 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar