Məhkəmə qərarları › İş №2(064)-1242/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1242/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1242/2024 16.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı Hüseyn oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı Hüseyn oğlunun Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Hüseyn oğlu Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3700 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, onun xeyrinə cavabdehdən 3700 (üç min yeddi yüz) manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə göndərildikdən bir müddət sonra ona məlum olmuşdur ki, cavabdehdən tələb etdiyi məbləğdə qeyri-dəqiqliyə yol vermişdir. Belə ki, cavabdeh ona olan borcunu ödəmək üçün üç dəfə, hər dəfə 300 (üç yüz) manat olmaqla, bir dəfə isə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə ona 1050 (bir min əlli) manat ödəmiş, hazırda cavabdehin ona cəmi 2450 (iki min dörd yüz əlli) manat ödənilməmiş borcu qalmışdır. Ona görə də iddia tələbində dəqiqləşdirmə apararaq Cavabdeh İddiaçı xeyrinə 2450 (iki min dörd yüz əlli) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh) həmkəndlisi və dostu X1 2023-cü ilin iyul ayının 28-də cavabdehə 6-7 ay müddətində qaytarmaq şərti ilə borc kimi 3000 (üç min) manat pul verməyini xahiş etmişdir. O razılaşıb, cavabdehə çatdırması üçün Xaliq Əhmədova yaşadığı evdə 2000 (iki min) manat pul vermişdir. Bundan az sonra cavabdeh yaşadığı evə gəlib Xaliq Əhmədovla göndərdiyi 2000 (iki min) manat pulu Xaliqdən aldığını bildirmiş və ondan əlavə 1000 (bir min) manat də borc pul almış, ondan borc aldığı ümumilikdə 3000 manat qarşılığında 4000 (dörd min) manat qaytaracağı barədə öz əli ilə qəbz yazaraq ona vermişdir. Sonra cavabdeh məcburi köçkün kimi dövlət tərəfindən onun ailəsinə verilən 4169 7420 8619 9243 nömrəli vahid aylıq müavinət kartını ona verərək karta hər ay 240 (iki yüz qırx) manat pul yükləndiyini, 2023-cü ilin avqust ayından 2024-cü ilin yanvar ayınadək hər ay kartdan 240 manat çıxarmağını tapşırıb, qalan 2800 (iki min səkkiz yüz) manatı isə 2024-cü ilin yanvar-fevral aylarında ona tam ödəyəcəyini bildirmişdir. O, həmin kartdan 2023-cü ilin avqust və sentyabr aylarında hər ay 240 manat deyil, kartda olan 150 manatı, ümumilikdə 300 manat çıxardıqdan sonra cavabdehin həmin karta hər ay yüklənməsi nəzərdə tutulan 240 manatı özünün başqa kartına yönəltməsi səbəbindən bu günədək kartdan pul çıxara bilməmişdir. Cavabdeh ona borclu olduğu 3700 manat məbləğində pulu 2024-cü ilin fevral ayınadək tam ödəməyi öhdəsinə götürsə də, həmin tarixdən artıq beş aya yaxın müddət keçməsinə və israrlı tələblərinə baxmayaraq, pulu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Hüseyn oğlu iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin ona hazırda cəmi 2450 manat borcu vardır. O, cavabdehə 2000 manat, 600 manat və 900 manat olmaqla, 3 dəfəyə cəmi 3500 manat borc pul vermişdir. Cavabdeh 3 ay Xaliq adlı şəxs vasitəsilə ona 300 manat olmaqla, cəmi 900 manat borcundan göndərmişdir. Cavabdehin bank kartından isə 150 manat pul çıxartmışdır. Beləliklə, cavabdeh 3500 manat borcundan 1050 manatını qaytarmış, 2450 manat borcu isə qalmaqdadır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun hazırda iddiaçıya cəmi 2000 manat borcu var və həmin pulu da yaxın vaxtlarda bankdan kredit götürüb iddiaçıya qaytaracaq. O, həmçinin bildirmişdir ki, 450 manat borc pulu isə qəbul etmir, belə ki, iddiaçı həmin pulun 150 manatını pensiya kartından, 300 manatını isə arvadının maaş kartından çıxartmışdır. O, qeyd olunanlarla bağlı məhkəməyə ərizə təqdim etmişdir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixində borc olaraq 4000 manat pulu borc almışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 3500 manat məbləğində borca pul verilmiş, lakin tərəflər arasında yazılı qaydada borc müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsaəsn əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü ildə iddiaçı tərəfindən cavabdehə borc pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında 2023-cü il tarixdə şifahi qaydada bağlanmış borc kimi pulun verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında borca pulun verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pul məbləğinin 2450 manat hissəsinin qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərin izahatları və iş materialları ilə cavabdeh tərəfindən iddiaçıdan 3500 manat pul alındığı öz təsdiqini tapdığından və həmin pulu qaytarmasını sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşdüyündən, həmçinin həmin pulu qaytarmağı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən, cavabdeh tərəfindən alınmış 3500 manat puldan 2540 manat hissəsi qaytarılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2450 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 2450 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul vəsaiti və 44,50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar