Məhkəmə qərarları › İş №2(064)-1303/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1303/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1303/2023 16.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və İddiaçı nümayəndəsi - Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə (bundan sonra – iddiaçının nümayəndəsi) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 7000 manat və ödənilmiş dövlət rüsumuna görə 90 manat olmaqla, cəmi 7090 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və onun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini onunla əsaslandırmışlar ki, 2021-ci ilin ortalarında iddiaçı tanışı X1 xahişi ilə cavabdehə şifahi qaydada əldə etdikləri razılığa əsasən təxminən bir ay ərzində, müvafiq ardıcıllıqla 3000, 2000, 1500 və 500 manat olmaqla, cəmi 7000 manat məbləğində pulu sonuncunun 2022-ci ilin ortalarına qədər üzərinə cəmi 750 manat məbləğində pul əlavə edib qaytaracağı şərti ilə, hər hansı sənəd tərtib edilmədən borc vermişdir. İddiaçı cavabdehə həmin borcun 3000 manat hissəsini verdikdən 15 gün sonra cavabdeh iddiaçıya həmin pul məbləğindən əldə etdiyi faydaya görə 300 manat məbləğində pul qaytarmışdır. Cavabdeh bundan sonra iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq, sonuncuya borc aldığı 7000 manat məbləğində pulu qaytaracağına vəd versə də, qaytarmamışdır. Bu səbəbdən iddiaçının əri Şahid Radik oğlu göstərilən halla bağlı cavabdeh barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət etmişdir. Bununla bağlı həmin idarənin 34-cü polis şöbəsində aparılmış araşdırma zamanı cavabdeh verdiyi izahatında iddiaçıdan 2021-ci ilin ortalarında 7000 manat məbləğində pulu borc aldığını və qaytarmadığını etiraf etmişdir. Beləliklə, cavabdehin iddiaçıya borclu qaldığı pul məbləği 7000 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumuna görə 90 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndə ilə təmsil edilməsi, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasını nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 28 sentyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında 2021-ci ilin ortalarında iddiaçıdan faizlə qaytarmaq şərti ilə aldığı 7000 manat məbləğində pulu sonuncuya beş ay müddətində, hər həftədə 750 manat, cəmi 16500 manat olmaqla, hər hansı sənəd tərtib edilmədən, şahidlərin yanında qaytardığını göstərərək, iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, arvadı olan iddiaçı 2021-ci ilin ortalarında tanışı X1 xahişi ilə, onun yanında cavabdehə şifahi qaydada əldə etdikləri razılığa əsasən təxminən bir ay ərzində, müvafiq ardıcıllıqla 3000, 2000, 1500 və 500 manat olmaqla, cəmi 7000 manat məbləğində pulu sonuncunun 2022-ci ilin ortalarına qədər üzərinə cəmi 750 manat məbləğində pul əlavə edib qaytaracağı şərti ilə, hər hansı sənəd tərtib edilmədən borc vermişdir. Cavabdeh iddiaçıya həmin məbləğin 400 manat hissəsini qaytarsa da, qalan 6600 manat hissəsini dəfələrlə tələb etmələrinə baxmayaraq, qaytarmamışdır. Buna görə də o, göstərilən halla bağlı cavabdeh barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət etmişdir. Məhkəmə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə, iş üzrə hansı faktiki halların müəyyən edilməsi və onlara tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə mülki işin materialları əsasında belə qənaətə gəlir ki, iş üzrə iddia tələbinin mahiyyəti cavabdehin iddiaçı ilə şifahi qaydada bağladığı borc müqaviləsindən yaranan öhdəliyini icra etməməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə göstərilən mülki-prosessual qanunvericilik normalarına əsaslanaraq, iddiaçının iddia ərizəsində göstərdiyi hallar, məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi izahat və şahid qismində dindirilmiş Şahid verdiyi ifadə ilə yanaşı, cavabdehin 2021-ci ilin ortalarında iddiaçıdan 7000 manat məbləğində pulu borc aldığı barədə məhkəmə iclasında və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsində araşdırılması aparılmış, 29 noyabr 2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş HK-1/2808-2022 nömrəli materialı üzrə verdiyi, məhkəmə tərəfindən qəbul edilmiş etirafedici izahatları əsasında müəyyən etmişdir ki, 2021-ci ilin ortalarında cavabdehin iddiaçıdan 7000 manat məbləğində pulu 2022-ci ilin ortalarına qədər qaytaracağı şərti ilə borc alması işin tərəflərin mübahisələndirmədikləri və ya mübahisəsiz halını təşkil edir. Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. - 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. - 188.3-cü maddəsinə əsasən işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Cavabdeh 2021-ci ilin ortalarında iddiaçıdan borc aldığı 7000 manat məbləğində pulu sonuncuya beş ay müddətində faizi ilə birlikdə qaytardığı barədə iddia tələbinə dair verdiyi etirazının sübutu kimi həmin halların şahidi olmuş, gələcəkdə məhkəməyə təqdim edəcəyi şəxslərin dindirilmələri ilə əlaqədar 28 sentyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasının təxirə salınması haqqında vəsatət vermiş, məhkəmə cavabdehin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı məhkəmənin hazırlıq iclaslarına iki dəfə gəlməsə də, son nəticədə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər müvafiq məzmunda vəsatət vermək imkanından istifadə edə bilmədiyini və prosesdə çəkişmə prinsipinin təmin edilməsinin zəruri olmasını nəzərə alaraq, cavabdehin məhkəməyə iddia tələbinə dair verdiyi etirazla bağlı sübut təqdim etməkdən ibarət prosessual hüququnun təmin edilməsi məqsədilə həmin vəsatətini təmin edib məhkəmə iclasını 09 oktyabr 2023cü il tarixə təxirə salmışdır. Lakin cavabdeh həmin məhkəmə iclası, eləcə də sonuncu dəfə 16 oktyabr 2023-cü il tarixə təxirə salınmış məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə iddia tələbinə dair verdiyi etirazının sübutu kimi təqdim edəcəyi şahid qismində dindirilməli olan şəxs(lər)i təqdim etməmişdir. Nəticədə məhkəmə işə baxılmasını 3 dəfədən artıq təxirə sala bilmədiyini, cavabdehin bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı halda, göstərilən məzmunda vəsatət verib məhkəmə iclaslarına iki dəfə üzürsüz səbəbdən gəlməməklə icraatı qəsdən yubandırdığını nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 185.5 və 188.3-cü maddələrinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan sonuncu məhkəmə baxışı iclasının keçirilməsini və yekun qərarın qəbul edilməsini mümkün hesab etmiş, hazırki qətnaməni çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh məhkəmə iclasında və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsində HK-1/2808-2022 nömrəli materialı üzrə araşdırma zamanı verdiyi izahatlarında 2021-ci ilin ortalarında iddiaçıdan 7000 manat məbləğində pulu borc aldığını etiraf etdiyinə görə həmin pulu iddiaçıya qaytarmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında həmin pulu iddiaçıya tam həcmdə qaytardığını göstərsə də, məhkəməyə bu barədə hər hansı sübut növü təqdim etməməklə, etirazının əsası kimi istinad etdiyi müvafiq halı sübut edə bilməmişdir. Məhkəmə bununla yanaşı, Şahid məhkəmə iclasında şahid qismində verdiyi ifadəsi və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsində HK-1/2808-2022 nömrəli materialı üzrə aparılmış araşdırma zamanı verdiyi izahatı əsasında cavabdehin iddiaçıya 2021-ci ilin ortalarında borc aldığı 7000 manat məbləğində pulun 400 manat hissəsini qaytardığını, 6600 manat hissəsini isə qaytarmadığını müəyyən edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarına tətbiq edilməli olan, tərəflər arasındakı hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin müəyyən etdiyi faktiki hallarına göstərilən maddi hüquq normalarını tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh iddiaçıya 2022-ci ilin ortalarına qədər qaytaracağı şərti ilə 2021-ci ilin ortalarında borc aldığı 7000 manat məbləğində pulun 400 manat hissəsini qaytarsa da, qalan 6600 manat hissəsini qaytarmamaqla, borc müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra etməmiş, öhdəliyinin icrasını gecikdirmişdir. Buna görə də iddiaçının cavabdehdən öhdəliyini tam həcmdə icra etməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə əsasən mütəxəssislərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən ödənilmədiyi borca görə 6600 manat məbləğində pul alınıb iddiaçıya ödənilməli, həmçinin bu səbəbdən müvafiq mədaxil qəbzinə əsasən iddiaçının iş üzrə dövlət büdcəsinə dövlət rüsumuna görə 90 manat məbləğində pul ödəməsi nəzərə alınaraq, həmin məbləğin 80 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ödəmədiyi borca görə 6600 manat və ödənilmiş dövlət rüsumuna görə 80 manat olmaqla, cəmi 6680,00 manat məbləğində pul alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar