Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1307/2023 14.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 350 manat borcun və 1000 manat mənəvi zərərin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, metal tullantılarının yığılması fəaliyyəti ilə məşğul olur. Cavabdeh bir müddət əvvəl tanıyır. Cavabdeh ondan 350 manat pul alaraq ona metal tulantıları gətirəcəyini demişdir. Lakin bir müddət keçdikdən sonra cavabdeh ona metal tulantıları gətirməmişdir. O, cavabdehə zəng vursa da hər dəfə onu boş vədlər verərək aldatmışdır. Hətta son zamanlar onu hədələmişdir. Bununla bağlı o, Füzuli RPŞ-ə muraciət etmiş və cavabdeh polis şöbəsində demişdir ki, onun pulunu verməyəcək, hara istəyir şikayət etsin. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehdən nisyə şəkildə metal almış, lakin 350 manatı qabaqcadan versə də metalı ala bilməmişdir. İddiaçı bir ədəd CD disk təqdim edərək bildirdi ki, onunla Cavabdeh arasında telefon danışığında cavabdeh ona borclu olduğunu etiraf etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş səsyazmadan aydın olur ki, İddiaçı Cavabdeh metal qırıntıları almaq üçün qabaqcadan ona 350 manat ödəsə də cavabdeh bu vəsaitin əvəzində metal qırıntılarını iddiaçıya verməmişdir. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və aldığı 350 manatın qarşılığında metal qırıntılarını iddiaçıya verməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. İddia tələbinin mənəvi zərərə görə 10.000 manat pulun cavabdehdən tutulması hissəsini isə rədd edərək məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 4-cü bəndində deyilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İddia ərizəsindən və iddiaçı tərəfin izahatlarından görünür ki, iddiaçı cavabdehin hərəkətlərinin onda hansı mənəvi sarsıntı və iztirablara səbəb olmasını əsaslandırmamışdır. Yuxarıda isnad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 350 manat tutulsun. İddia tələbi mənəvi ziyanın tutulması hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1307/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1307/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver