Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1313/2024 02.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X10 ilə birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1699/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək cavabdeh X2 hər ay 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 19 mart 2019-cu ildə Füzuli rayonu, Horadiz şəhəri icra nümayəndəliyində nikah qeyd etdirməklə ailə qurmuşlar. Cavabdehlə evli olduğu müddətdə xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmış, nikahları Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)- 1699/2022 saylı qətnaməsi ilə pozulmuş, uşaq onun yanında saxlanılmış, eyni zamanda Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1699/2022 saylı qətnaməsi ilə cavabdehdən bir uşaq üçün hər uşağa 140 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda məhkəmənin həmin dövrün iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşağın günü-gündən artan xərclərinin ödənilməsində ona maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. O, işsiz olduğundan övladını tək saxlamaqda maddi cəhətdən həddindən artıq çətinlik çəkir, onların gündəlik minimum xərclərini ödəyə bilmir. Uşaq böyüdükcə onun xərcləri də artır. Cavabdeh aylıq olaraq yaxşı gəlir əldə edir, toz boya şikətində və əlavə olaraq kuryer kimi fəaliyyət göstərir. Aylıq gələri 2000 manatdan coxdur. Buna baxmayaraq uşağı ilə maraqlanmır, onun gündən-günə artan xərclərinin ödənilməsində ona heç bir köməklik göstərmir. Bu səbəbdən alimentin miqdarının artırılmasına dair qətnamə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən onun və cavabdehin ailə və maddi vəziyyətini, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almağı xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, hazırda maddi problemləri var, 235 manat aliment ödəməyə gücü çatmır, lakin 170 manat məbləğində alimenti ödəməyə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.2020-ci il təvəllüdlü X5 atası X10, anası İddiaçıdır. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1699/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X12 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 05 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı xx.xx.2020-ci il təvəllüdlü X3 anası X7 yanında qalması və xx.xx.2022-ci il tarixindən Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. -xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, X10 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. -Füzuli Rayon İcra Hakimiyyəti Böyük Bəhmənli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. Onun ailə tərkibi - oğlu xx.xx.2020-ci il təvəllüdlü X1 ibarətdir. (Qeyd: X9 hal-hazırda anası İddiaçı himayəsində yaşayır.) -Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, X10 hal-hazırda “APEX Metal Vorks" Məhdud Məsuliyyətli Cəmiyyətində qurğu operatoru, (boyama/metal) vəzifəsində işləyir və aylıq əmək haqqı 1020 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan tərəflərin 1 uşağı doğulmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1699/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşağın anasının yanında saxlanılması və cavabdehdən hər ay uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 140 manat sabit pul məbləğində alimentin tutulub X8 verilməsi qət edilmişdir. Hazırda uşaq anasının yanındadır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının: -8.2-ci bəndində göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. -8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. -8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. -8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1699/2022 saylı qətnaməsi ilə alimentin təyin edildiyi vaxtdan 2 ilədən artıq müddət keçdiyindən iddiaçı ilə cavabdehin nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz bunun sübuta ehtiyacı yoxdur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq, uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olmasını, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmalarını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)- 1699/2022 saylı qətnaməsi ilə tutulmuş alimentin məbləği artırılmaqla dəyişdirilməli, cavabdeh X2 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq azyaşlı xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1699/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla dəyişdirilsin. xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Cavabdeh X2 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1313/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1313/2024
02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver