Məhkəmə qərarları › İş №2(064)-1363/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1363/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1363/2025 01.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pulun və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, internetdə 1999-cu il buraxılışlı, Opel Vectra markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılması barədə elan vermiş Cavabdeh ilə telefon əlaqəsi saxlamışdır. Cahid ona bildirmiş ki, avtomaşını 1500 manata satır və avtomaşının 2000-2500 manat cəriməsi var. Razılaşdmışlar və iddiaçı 02 yanvar 2025-ci ildə avtomaşını götürmüşdür. Sms Radar vasitəsi ilə yoxlamış ki, avtomaşının 4500-5000 manat cəriməsi var və avtomaşın axtarışdadır. Cavabdeh maşını Buzovna qəsəbəsindən sürərək Sumqayıt şəhərinə gətirmiş və Sumqayıt şəhərində Cahid maşının açarını və sənədlərini İddiaçı təhvil vermişdir. Cahid ona bildirmiş ki, istəsə avtomaşını hissələr şəklində də sata bilər. O, həmçinin ona cərimələrin ödənilməsində köməklik göstərəcəyini və bundan sonra avtomaşına görə iddiaçıya etibarnamə verəcəyini bildirmişdir. O, cavabdehə müraciət edərək avtomaşını qaytarmaq istədiyimi bildirmiş və Cavabdeh Sumqayıt şəhərinə gələrək avtomaşını və avtomaşının sənədlərini ondan alaraq aparmışdır. Hal-hazırda avtomaşın cavabdehdədir. İddiaçı avtomaşının alınmasına görə 1500 (ilkin olaraq 300 manat, sonra isə 1150 manat) ödəniş etmiş, habelə 64,50 manat cəriməsini ödəmişdir. Avtomaşının ödənilməmiş cərimələri olduğuna görə cavabdeh ona avtomaşını idarə etməyə görə etibarnamə verməmişdir. İddiaçı avtomaşının alınmasına və cəriməsinə görə cavabdehə ödədiyi 1500 manat pulun 300 manatını kart hesabından çıxardaraq əlbə-əl, 1150 manatını isə M10 vasitəsilə cavabdehin kart hesabına göndərmişdir. O, dəfələrlə avtomaşına görə ödədiyi 1500 manatı cavabdehdən tələb etsə də, cavabdeh əsassız bəhanələr gətirərək pulu qaytarmamışdır. Hesab edir ki, Cavabdeh avtomaşının alınmasına görə ödədiyi 1500 manatın və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək tələbin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Həmçinin cavabdehə olan borcunu qaytaracağını qeyd etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Leo visa kartından edilmiş pul köçürməsi üzrə çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə 4098 58……1814 nömrəli hesaba 1150 manat köçürülmüşdür. - xx.xx.2025-ci il tarixli **********7 nömrəli qəbzin surətindən görünür ki, ****3634 nömrəli kart hesabından 300 manat məxaric edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, m10 ödəniş vasitəsilə 64,50 manat məbləğində cərimə ödənilmişdir. İş materiallarında olan digər sənədlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 35 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 1500 manat dəyərində olan 1999-cu il buraxılışlı, Opel Vectra markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşı almışdır. Cavabdeh Sumqayıt şəhərində maşının açarını və sənədlərini İddiaçı təhvil vermişdir. Cavabdeh ona avtomaşının 2000-2500 manat cəriməsi olduğunu bildirmişdir. Tərəflər razılaşdmışlar və iddiaçı 02 yanvar 2025-ci ildə avtomaşını almış, sonradan Sms Radar vasitəsi ilə yoxlamış ki, avtomaşının 4500-5000 manat cəriməsi var və avtomaşın axtarışdadır. İddiaçı avtomaşının alınmasına görə 1500 (ilkin olaraq 300 manat, sonra isə 1150 manat) ödəniş etmiş, habelə 64,50 manat cəriməsini ödəmişdir. Avtomaşının ödənilməmiş cərimələri olduğuna görə cavabdeh ona avtomaşını idarə etməyə görə etibarnamə verməmişdir. İddiaçı avtomaşının alınmasına və cəriməsinə görə cavabdehə ödədiyi 1500 manat pulun 300 manatını kart hesabından çıxardaraq əlbəəl, 1150 manatını M10 vasitəsilə cavabdehin kart hesabına göndərmiş və 64,50 manat məbləğində avtomobilin cəriməsini ödəmişdir. Göründüyü kimi cavabdeh avtomobili 1500 manata satmış, sonra iddiaçı həmin avtomobili cəriməsi və axtarışda olduğuna görə cavabdehə qaytarmışdır. Lakin cavabdeh ona ödənilən 1500 manat pulu qaytarmamışdır. Odur ki, iddiaçı cavabdeh tərəfindən ona ödənilməli olan 1500 manat cavabdehdən tələb edir. Cavabdeh keçirilmiş məhkəmə iclaslarında iştirak edərək iddia tələbini qəbul etdiyini, borcunu iddiaçıya ödəyəcəyini və tələbin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmədə müəyyən olundu ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinə görə cavabdehə 1500 manat pul verilməsi cavabdehin izahatı ilə təsdiq edilmiş, sonradan avtomobilin yüksək cəriməsi olduğu üçün nəqliyyat vasitəsi iddiaçı tərəfindən geri qaytarılmışdır. Bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Maşının alınmasına görə 1500 manatın müqabilində alınmış nəqliyyat vasitəsi iddiaçı tərəfindən qaytarıldığından, o, verdiyi 1500 manat pulla yanaşı aldığı nəqliyyat vasitəsindən də məhrum olmuşdur. Belə olan halda iddiaçı tərəfindən cavabdehə verilmiş 1500 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1500 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 1500 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar