Məhkəmə qərarları › İş №2(064)-1381/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1381/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1381/2023 23.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.700 manat pulun, 17 manat etibarnaməyə verilmiş dövlət rüsumunun və 100 manat hüquqi yardıma görə ödənilmiş haqqın alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bir müddət əvvəl həmkəndlisi Cavabdeh2 vasitəsilə digər Cavabdeh1 tanımışdır. Münasibətləri yaxın olmuşdur. Bir müddət əvvəl Elmin ona Azərə 3.500 manat pul lazım olduğunu bildirmişdir. O, pulu verməyini əks halda zaminin özü olduğunu dedi. O, həmin vaxt pulu versə də Azərin dilindən kağız da almışdır. O, həmin kağızda pulu vermədiyi təqdirdə özünə məxsus yük avtomobilini ona verəcəyini bildirmişdir. Lakin puldan ona 800 manat ödəsə də qalan 2.700 manatı ödəməmişdir. O, bununla bağlı Elminə bildirdikdə Elmin pulu ödəməkdən boyun qaçırmışdır. Cavabdehlərə dəfələrlə zəng etsə də onlar pulu qaytarmaqdan imtina etmişdir. Pulu cavabdehlərdən ala bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuş. Bütün bunların nəzərə alınıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, digər Cavabdeh2la zaminlik müqaviləsi bağlanmasa da təminat verdiyindən ona inanaraq Cavabdeh1 3.500 manat borc vermişdir. Cavabdeh1 800 manatı qaytarsa da qalan 2.700 manatı qaytarmadığından hesab edir ki, hər iki cavabdeh birgə məsuliyyət daşıyır və qalan 2.700 manat hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində göstərilənlərlə və iddiaçı ilə oxşar məzmunlu izahat verdi və iddianın hər iki cavabdehə münasibətdə təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən iş materiallarına əlavə edilmiş qəbzlə müəyyən edilir ki, Cavabdeh1 İddiaçı 2022-ci ilin dekabr ayının 4-ə kimi qaytarmaq şərti ilə 3.500 manat pulu borc almışdır. Lakin bu müddət ərzində cavabdeh 800 manat qaytarsa da qalan 2.700 manatı qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh1 aldığı 3.500 manat borcu qaytaracağı barədə üzərinə öhdəlik götürsə də buna lazımınca əməl etməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə əsaslı olduğundan təmin edilməli və Cavabdeh1 İddiaçı xeyrinə 2.700 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddia tələbinin digər Cavabdeh2 aid hissəsini isə rədd edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, digər cavabdehlə qanunvericiliyin tələb etdiyi qaydada yazılı formada zaminlik müqaviləsi bağlanmamışdır. İş materiallarına Cavabdeh1 imzaladığı qəbz əlavə edilmişdir ki, burada da digər Cavabdeh2 borcalan-Cavabdeh1 zamin durması barədə hər hansı qeydin aparılması müəyyən edilimir. Digər tərəfdən, məhkəmə hesab edir ki, həmin qəbz Cavabdeh1 tərəfindən yazılmaqla imzalansa da birtərəfli əqd olduğundan müqavilə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 471. Zaminlik müqaviləsinin forması. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə 17 manat etibarnaməyə verilmiş dövlət rüsumunun və 100 manat hüquqi yardıma görə ödənilmiş haqqın Cavabdeh1 alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 2.700 manat borc, 17 manat etibarnaməyə verilmiş dövlət rüsumunun əvəzi və 100 manat hüquqi yardıma görə ödənilmiş haqq tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar