Məhkəmə qərarları › İş №2(064)-1383/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1383/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1383/2025 25.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilmiş kredit borcuna görə 12220 manat, həmin borca hesablanmış faizə görə 4305 manat, qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, avtomaşının idarə edilməsinə görə 1500 manat, vurulmuş mənəvi zərərə görə 3000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 167 manat, cəmi 25625 manat pulun alınıb İddiaçı1 ödənilməsi və ödənilmiş kredit borcuna görə 25732 manat, həmin borca hesablanmış faizə gorə 5403 manat, vurulmuş mənəvi zərərə görə 2000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 190 manat, cəmi 33625 manat pulun alınıb İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 nümayəndəsi Vəkil məhkəməyə İddiaçı1 aid tələb üzrə iddia tələbin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə təqdim edərək, Cavabdeh ödənilmiş kredit borcuna görə 12220 manat, qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat, avtomaşının idarə edilməsinə görə 1500 manat, həmin məbləğin cəminə hesablanmış faizə görə 4498 manat, vurulmuş mənəvi zərərə görə 3000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat olmaqla, cəmi 29218 manat və ödənilmiş dövlət rüsumuna görə 177 manat pulun alınıb İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olarkən Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etirazla müraciət edərək, Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin baxılması üçün Füzuli Rayon Məhkəməsinin başqa hakiminə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hakim İsmayılov Elmir Akif oğlunun bu işi aparmasını istəmir. Çünki bundan əvvəl eyni tələbə və eyni tərəflər arasında olan e-2(064)-2093/2024 saylı mülki işə baxıb və qətnamə qəbul etmişdir. Həmin qətnamə apellyasiya qaydasında ləğv edilmiş və mülki iş baxılmamış saxlanılmışdır. Bundan əlavə həmin mülki iş üzrə çox ciddi prosessual hüquq normalarının pozuntularına yol verilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh hakim İsmayılov Elmir Akif oğluna verdiyi etiraz təmin edilmiş və mülki işə baxılması Füzuli Rayon Məhkəməsinin digər hakiminin icraatına verilmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək özünün 2(064)-1383/2025 saylı mülki iş üzrə dövlət hesabına vəkil ilə təmin olunmağı barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırda işləmir və maddi vəziyyətinin yaxşı olmaması səbəbi ilə özünü vəkil ilə təmin edə bilmir. Hesab edir ki, məhkəmədə müdafiə olunmaq məqsədilə ona dövlət hesabına vəkil təyi edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş cavabdehin gəlir məlumatlarına əsasən, o, "X8" MMC-nin direktoru vəzifəsində çalışır və 1950 manat əmək haqqı alır. Bu da cavabdehin kifayət qədər vəsaitə malik olduğunu açıq-aşkar göstərir. Odur ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadı ilə vəsatət rədd edilmişdir. Füzuli Rayon Məhkəməsinin qərardadından narazı qalan Cavabdeh elektron məhkəmə informasiya sistemində olan şəxsi kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarixdə şikayət verərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilərək verdiyi şikayətə baxılması xahiş etmişdir.Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə rədd edilmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadının ləğv edilməsi və iş üzrə buraxılmış prossesual müddətin bərpası barədə ərizənin təmin edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 2(064)-1383/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Füzuli Rayon Məhkəməsinin 2(064)-1383/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilən xx.xx.2025-ci il tarixli şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 1490/2025 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı1 Cavabdeh ilə xx.xx.2021-ci ildə Bakı Səadət Sarayında rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Cavabdeh İran vətəndaşı Marzieh Shafeipour ilə rəsmi nikahda olduğu halda, özünü subay şəxs kimi təqdim edərək, heç zaman evli olmadığını, İran vətəndaşı ilə nişanlı olub ayrıldığını söyləyərək, İddiaçı1 aldatmaqla onunla nikaha daxil olmağa nail olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixində baş tutmuş toylarından bir müddət sonra, xx.xx.2021-ci il tarixində birlikdə İrana səfər edərkən, İranlı xanımı tərəfindən İranda məhkəməyə verilməsindən xəbərdar olmuşdur. Daha sonra İranlı xanım ailəsi ilə əlaqəyə keçərək toy görüntülərini, rəsmi nikah sənədlərini təqdim etmişdir. Cavabdeh 2 ilə yaxın müddətdə həm İddiaçı1, həm İran vətəndaşı ilə rəsmi nikahda olmuşdur. Cavabdeh İddiaçı1 ilə evlənmək niyyətinin olduğunu deyərkən özünü iş adamı kimi təqdim etmiş, etibarlı biri olduğuna inandırmışdır. Lakin daha sonra iddiaçıya onun əsl niyyətinin maddi maraq olduğu məlum olmuşdur. Belə ki, toyları üçün çəkilmiş xərclərin hamısını iddiaçıdan almış, özünün işlərinin yubandığını, sonradan çəkilmiş xərcləri ona qaytaracağını demişdir. Hətta iddiaçının qızıllarını toydan bir neçə gün sonra ondan almışdır. Bundan əlavə, Cavabdeh toy ərəfəsində Bank Respublikadan iddiaçının adına 10000 manat məbləğində, toydan sonra isə atasının adına 19700 manat məbləğində krediti götürərək özü ödəyəcəyini demiş, lakin ödəməkdən boyun qaçırmışdır. İddiaçı1 hər ay cavabdehin götürdüyü kreditlərin aylığını (1500 manat) ödəmişdir. Həmçinin Cavabdeh iddiaçının işləməyini istəmədiyini deyərək onu işdən çıxarmış və işdən çıxmağı ilə əlaqədar ona ödənmiş 3400 manat məbləğində son haqq-hesabı da əlindən almışdır. Qeyd etdiyi məsələlər barədə səs yazıları, WhatsApp və mail yazışmaları mövcüddur. Bundan əlavə, cavabdehin ailəsi də məsələni bilərəkdən gizlətmiş, xx.xx.2021 -ci il tarixində baş tutmuş elçilik mərasimində cavabdehin atası X6 “Taqət heç zaman evli olmayıb, toyu olmayıb" deyərək onları cavabdehin subay şəxs olduğuna inandırmışdır. Cavabdehin İrandakı arvadı İran vətəndaşı Marzieh Shafeipour ilə əlaqəsi yarandıqdan sonra onlara məlum olmuşdur ki, cavabdeh onu da eyni məqsədlə aldatmış, özünü ona Rusiya Respublikasında diplomat və iş adamı kimi təqdim etmiş, həmin qadının da külli miqdarda pullarını ələ keçirmişdir. Ümumilikdə cavabdeh iddiaçıya bank faizləri ilə birlikdə 12220 manat iddiçının adına, 3400 manat işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesab, 5000 manat dəyərindəki qızıllarını ələ keçirmiş, eyni zamanda avtomobilini idarə etdiyi üçün 1500 manat ödəyəcəyini bildirsə də, bundan da yayınaraq İddiaçı1 maddi ziyan vurmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Eyni zamanda İddiaçı2 bildirirlər ki, Cavabdeh toydan sonra onun adına 19700 manat məbləğində krediti götürərək özü ödəyəcəyini demiş, lakin ödəməkdən boyun qaçırmışdır. O, hər ay cavabdehin götürdüyü kreditlərin aylığını ödəmişdir. Nəticədə həmin kreditə görə 25732 manat ödəniş etmiş. Qeyd etdiyi məsələlər barədə səs yazıları, WhatsApp və mail yazışmaları mövcüddur. Dəfələrlə onlara dəymiş ziyanın ödənilməsini tələb etsələr də, cavabdeh hər dəfə bir bəhanə gətirərək ziyanı ödəməkdən yayınmışdır. Bundan əlavə, məsələnin məhkəmədənkənar həll edilməsi üçün keçirilən ilkin mediasiya sessiyasında da cavabdeh tərəf iştirak etmədiyindən mediasiya prosesi də baş tutmamışdır. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən yenə də heç bir tədbir görülməmiş, borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh könüllü olaraq həmin məbləği ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, X1 nisbətdə cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün iki faiz bəndi əlavə edilməklə illik beş faiz tətbiq edilməli və ödənilməsi 3 il gecikdirilmiş pul məbləğinə 5+2=7 faiz ödəmə hesablanmalıdır (20500 manat x illik 7 faiz = 1435 AZN x 3 il =4305 AZN). İddiaçı2 nisbətdə isə cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün iki faiz bəndi əlavə edilməklə illik beş faiz tətbiq edilməli və ödənilməsi 3 il gecikdirilmiş pul məbləğinə 5+2=7 faiz ödəmə hesablanmalıdır (25732 manat x illik 7 faiz =1801 AZN x 3 il =5403 AZN). Göstərilənlərə əsasən cavabdeh tərəfindən törədilən mülki hüquq pozunutusu və borclu olduğu halda, ona hədə-qorxu gəlməsi, eləcə də cavabdehdən məhkəmə orqanlarına etdiyi şikayətlərə əsasən həmin orqanlara çağırılmağı, maddi itkilərlə yanaşı, orada saatlarla gözləməklə və sinirlənməklə həyəcan və narahatlıq keçirməyi, buna baxmayaraq nəticədə onun tərəfindən borcunun qaytarılmaması özünü zəif, köməksiz, çarəsiz və cəmiyyətdən təcrid olunmuş hiss etməyinə və buna görə şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmaqla mənəvi sarsıntı keçirməyinə əsasdır. Məhz buna görə də həmin halların əlavə sübutlarla müəyyən edilməsinə ehtiyac yoxdur. Buna görə də cavabdehin törətdiyi mülki hüquq pozunutusu nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş və onun tərəfindən mənəvi zərərə məruz qalmışdır. Hesab edir ki, məhkəmə mənəvin zərərin vurulmasına səbəb olmuş sözügedən əməlin nəticələrinin heç nə ilə aradan qaldırıla və kompensasiya edilə bilinməməsini nəzərə almaqla zərərin məbləğini ədalətli olaraq ən azı iddiaçılardan İddiaçı1 nisbətdə 3000 manat, Akif Abbasova nisbətdə isə 2000 manat həcmində müəyyən edilməsini ağlabatan hesab edəcək və o, həmin məbləği tələb edir. Odur ki, cavabdehdən ödənilmiş kredit borcuna görə 12220 manat, qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, avtomaşının idarə edilməsinə görə 1500 manat, həmin borca hesablanmış faizə görə 4305 manat, vurulmuş mənəvi zərərə görə 3000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 167 manat, cəmi 25605 manat pul alınıb İddiaçı1, cavabdehdən ödənilmiş kredit borcuna görə 25732 manat, həmin borca hesablanmış faizə görə 5403 manat, vurulmuş mənəvi zərərə görə 2000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 190 manat, cəmi 33625 manat pul alınıb İddiaçı2 ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, X1 nisbətdə cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün iki faiz bəndi əlavə edilməklə illik beş faiz tətbiq edilməli və ödənilməsi 3 il gecikdirilmiş pul məbləğinə 5+2=7 faiz ödəmə hesablanmalıdır (21420 manat x illik 7 faiz = 1499 AZN x 3 il =4498 AZN). Qeyd olunanları nəzərə alaraq iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat daxil olmamışdır. Cavabdeh məhkəmənin əvvəlki iclasına ünvanladığı əriəzsində işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, iddiaçı və ya nümayəndəsi gəlmədiyi halda mülki işi baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan: - Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ 472142 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Füzuli Rayon Qeydiyyat Şöbəsində tərəflər arasında olan nikah ər-arvadın birgə ərizəsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 118 nömrə ilə qeyd edimişdir. Nikah pozulduqdan sonra arvada Əsgərbəyli soyadı verilmişdir. - xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinin surətindən görünür ki, Bank Respublika ASC İddiaçı1 50000 manat məbləğində 120 ay müddətə, xx.xx.2031-ci il tarixinədək kredit limiti ayırmışdır. - xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı1 10000 manat əsas və 2220,32 manat faiz borcu olmaqla, cəmi 12220,32 manat borcu olmuşdur. - Bank Respublika ASC-nin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Bank Respublika ASC-dən 10000 manat dəyərində kredit götürmüş və hal-hazırda Banka sözügedən müqavilə üzrə aktiv öhdəliyi yoxdur. - İddiaçı2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı2 19700 manat əsas və 6032,31 manat faiz borcu olmaqla, cəmi 25732,31 manat borcu olmuşdur. - Bank Respublika ASC-nin xx.xx.2024-cü il tarixli, 02/456 nömrəli arayışından görünür ki, İddiaçı2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Bank Respublika ASC-dən 19700 manat dəyərində kredit götürmüş və Banka sözügedən müqavilə üzrə xx.xx.2024cü il tarixə 1208,88 manat əsas və 2,41 manat faiz borcu olmaqla, cəmi 1211,29 manat kredit borcu vardır. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 83 nömrəli hesabatından müəyyən edilir ki, təqdim edilmiş siyahı və fototəsvirlər əsasında qeyd olunan və iddiaçı tərəfindən tələb edilən 750 əyarlı 18 qram çəkisi və üzərində 3,0 karat daşı olan “Damla (badam)” adlı qızıl-zinət əşyasının hazırki tarixə bazar dəyəri 4300 manat təşkil edir. - Cavabdeh ilə “Whatsapp” yazışmalarının surətindən görünür ki, Cavabdeh 3 ay avtomobili idarə etdiyi üçün hər ay 500 manat olmaqla, cəmi 1500 manat, İddiaçı1 işdənçıxma müavinəti olan 3400 manat, götürülmüş kreditlər və qızıl-zinət əşyalarına görə borcu olduğunu etiraf etmiş və imkan olduğu zaman ödəyəcəyinə vəd vermişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 076 nömrəli müqavilə və qəbzin surətlərindən görünür ki, İddiaçı1 hüquqi yardım üçün Vəkil 300 manat xidmət haqqına ödəmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 075 nömrəli müqavilə və qəbzin surətlərindən görünür ki, İddiaçı2 hüquqi yardım üçün Vəkil 300 manat xidmət haqqına ödəmişdir. - xx.xx.2025-ci il tarixli, MŞA/MT044/2024-00082 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı1 və onun nümayəndəsi Vəkil mediasiya sessiyasında iştirak etmişlər və mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 60 manat xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 Cavabdeh ilə xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Füzuli Rayon Qeydiyyat Şöbəsində tərəflər arasında olan nikah ər-arvadın birgə ərizəsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixində xiram verilmişdir. Cavabdeh toyları üçün çəkilmiş xərclərin hamısını iddiaçıdan almış, özünün işlərinin yubandığını, sonradan çəkilmiş xərcləri ona qaytaracağını demiş, iddiaçının qızıllarını toydan bir neçə gün sonra ondan almışdır. Cavabdeh toy ərəfəsində Bank Respublikadan iddiaçının adına 10000 manat məbləğində, toydan sonra isə atasının adına 19700 manat məbləğində krediti götürərək özü ödəyəcəyini bildirmiş, lakin ödəməkdən boyun qaçırmışdır. İddiaçı1 hər ay cavabdehin götürdüyü kreditlərin aylığını (1500 manat) ödəmişdir. Həmçinin Cavabdeh iddiaçının işləməyini istəmədiyini bildirmiş, onun işdən çıxmasına nail olmuş və işdən çıxmağı ilə əlaqədar ona ödənmiş 3400 manat məbləğində son haqq-hesabı da iddiaçıdan almışdır. Eyni zamanda Cavabdeh İddiaçı2 adına olan 19700 manat məbləğində krediti ödəyəcəyinə vəd versə də, həmin krediti hər ay İddiaçı2 özü ödəmişdir. Nəticədə İddiaçı2 həmin kreditə görə 25732 manat ödəniş etmişdir. İddiaçılar hər iki krediti cavabdehin özü ödəyəcəyinə vəd verməsi və ödəməməsi səbəbindən özləri ödəmişlər. Həmçinin iddiaçılar onlara mənəvin zərərin vurulmasını tələb edərək İddiaçı1 nisbətdə 3000 manat, İddiaçı2 nisbətdə isə 2000 manat həcmində müəyyən edilməsini ağlabatan hesab edirlər və həmin məbləği tələb edirlər. Belə ki, iş materiallarında olan “Whatsapp” yazışmalarından müəyyən olunur ki, Cavabdeh iddiaçılar İddiaçı1 və onun atası X2 adına götürülmüş kreditləri, X3 işdən çıxması ilə əlaqədar aldığı 3400 manat məbləğində son haqq-hesabı borc olaraq almış, avtomaşının idarə edilməsinə görə 3 ay müddətində, hər ay 500 manat olmaqla, cəmi 1500 manat məbləğində pulu qaytaracağını bildirmişdir. Həmçinin Cavabdeh iddiaçı X4 toyda hədiyyə kimi təqdim edilmiş qızılları da ondan alaraq həmin qızılların dəyərini qaytaracağına vəd vermişdir. İddiaçıların nümayəndəsi və vəkili İddiaçı1 aid tələb üzrə iddia tələbin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə təqdim edərək, Cavabdeh cəmi 29218 manat və ödənilmiş dövlət rüsumuna görə 177 manat pulun alınıb İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, ödənilmiş kredit borcuna görə 12220 manat, qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat, avtomaşının idarə edilməsinə görə 1500 manat, həmin məbləğin cəminə hesablanmış faizə görə 4498 manat, vurulmuş mənəvi zərərə görə 3000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat olmaqla, cəmi 29218 manat və ödənilmiş dövlət rüsumuna görə 177 manat pulun alınıb İddiaçı1 və cavabdehdən ödənilmiş kredit borcuna görə 25732 manat, həmin borca hesablanmış faizə görə 5403 manat, vurulmuş mənəvi zərərə görə 2000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 190 manat, cəmi 33625 manat pul alınıb İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia barədə məlumatlı olsada yazılı və ya şifahi etiraz, həmçinin tələbin rədd edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 427.3-cü maddəsinə müvafiq olaraq, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. - 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır.Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.1-ci maddəsinə əsasən- Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 10000 manat götürmüş, həmin pulu cavabdehə vermiş və həmin pul məbləği faizləri ilə birlikdə ümumikdə 12220,32 manat İddiaçı1 tərəfindən xx.xx.2023-cü il tarixdə tam şəkildə Banka ödənilmişdir. Cavabdeh həmin krediti ona verilməsini və qaytarcağını “Whatsapp” yazışmalarında etiraf etmiş və ödəyəcəyinə vəd vermişdir. Ona görə də iddia tələbi Cavabdeh ödənilmiş kredit borcuna görə 12220 manatın İddiaçı1 xeyrinə tutulmasına dair hissədə əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün hesablanmış məbləğin cavabdehdən tutulmasını qismən əsaslı hesab edir. Belə ki, iddiaçı tərəfindən tələb olunan 12220 manat xx.xx.2023-cü il tarixdə ödənildiyindən, xx.xx.2023-cü ildən hazırki tarixə, yəni xx.xx.2025-ci il tarixinə 2 il 6 ay 3 gün müəyyən olunur, budakı 903 gün təşkil edir. Qeyd olunanlara əsasən illik 5% götürüldükdə, yəni 5%/360=0,014% (yuvarlaq), bununlada 0,014% x 903 günə = 12,6% təşkil edir. İddia tələbinin 12220 manatı x 12,6% = 1539,72 manat məbləği müəyyən olunur. Odur ki, cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış 1539,72 manat İddiaçı1 xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdehin İddiaçı1 aldığı və qaytaracağına vəd verdiyi qızıl-zinət əşyalarının dəyəri, həmçinin işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba dair pulun, 3 ay müddətinə avtomaşının idarə edilməsinə görə hər ay 500 manat olmaqla, cəmi 1500 manat məbləğində pulun cavabdeh tərəfindən “Whatsapp” yazışmalarında qaytaracağına vəd verməsi onun bu öhdəliyi qəbul etməsini sübut edir. Ona görə də Cavabdeh qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat və avtomaşının idarə edilməsinə görə 1500 manat İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə İddiaçı2 aid iddia tələbinə dair hissədə isə belə nəticəyə gəlir ki, İddiaçı2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Bank Respublika ASC-dən 19700 manat götürmüş, cavabdehə vermiş və həmin pul məbləği faizləri ilə birlikdə ümumikdə 25732,31 manat İddiaçı2 tərəfindən tam şəkildə Banka ödənilmişdir. Cavabdeh həmin krediti ona verilməsini və qaytarcağını “Whatsapp” yazışmalarında etiraf etmiş və ödəyəcəyinə vəd vermişdir. Ona görə də iddia tələbi Cavabdeh ödənilmiş kredit borcuna görə 25732 manatın İddiaçı2 xeyrinə tutulmasına dair hissədə əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün hesablanmış məbləğin cavabdehdən tutulmasını qismən əsaslı hesab edir. Belə ki, iddiaçı tərəfindən tələb olunan 25732 manat xx.xx.2024-cü il tarixdə ödənildiyindən, xx.xx.2024-cü ildən hazırki tarixə, yəni xx.xx.2025-ci il tarixinə 1 il 1 ay 25 gün müəyyən olunur, budakı 415 gün təşkil edir. Qeyd olunanlara əsasən illik 5% götürüldükdə, yəni 5%/360=0,014% (yuvarlaq), bununlada 0,014% x 415 günə = 5,81% təşkil edir. İddia tələbinin ödənilmiş kredit borcuna görə 25732 manatı x 5,81% = 1495 manat məbləği müəyyən olunur. Odur ki, cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış 1495 manat İddiaçı2 xeyrinə tutulmalıdır. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Məhkəmə qeyd edir ki, iddia tələbinin İddiaçı1 tərəfindən hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manatın və İddiaçı2 tərəfindən hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manatın ödənilməsi hissəsi iş materiallarına əlavə edilmiş müqavilələr və qəbzlərlə sübuta yetirildiyindən və əsaslı olduğuna görə təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsrinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Məhkəmə qeyd edir ki, iddiaçılar mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdikləri fiziki və mənəvi sarsıntıları sübut etməlidirlər. Hazırki halda iddiaçılar cavabdehin hərəkəti nəticəsində mənəvi ziyana düşmələrini göstərsələr də, həmin zərərin real olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiasının maddi-mənəvi ziyanın ödənilməsinə dair hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, tərəflərin verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ödənilmiş kredit borcuna görə 12220 manat, həmin məbləğə hesablanmış faizə görə 1539,72 manat, qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat, avtomaşının idarə edilməsinə görə 1500 manat və hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat olmaqla, cəmi 23259,72 manat İddiaçı1 xeyrinə tutulmalıdır. Cavabdeh ödənilmiş kredit borcuna görə 25732 manat, həmin borca hesablanmış faizə gorə 1495 manat və hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat, cəmi 27527 manat İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda İddiaçı1 aid iddia tələbinin təmin edilən hissəsi 23259,72 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 177 manat dövlət rüsumunun 159,78 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 17,22 manatı isə iddiaçının özünə aid edilməlidir. Həmçinin Hazırda İddiaçı2 aid iddia tələbinin təmin edilən hissəsi 27527 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 190 manat dövlət rüsumunun 172,58 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 17,42 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə onu da qeyd edir ki, cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçılar tərəfindən ona qarşı iddia qaldırmaq üçün iddia müddətini ötürmələri səbəbindən iddianın rədd olunmasını xahiş etmişdir. Lakin məhkəmə qeyd edir ki, İddiaçı1 ilə cavabdeh arasında nikaha xx.xx.2023-cü il tarixində xitam verilmiş, İddiaçı1 xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırmış, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-34/2024 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-1740/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-34/2024 saylı qətnaməsi ləğv edilmiş, iddia baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçılar xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Məhkəməyə müraciət etmişlər. Göründüyü kimi iddiaçılar iddia müddətlərini ötürməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən- Müddət mülki olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ödənilmiş kredit borcuna görə 12220 manat, həmin məbləğə gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 1539,72 manat, qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat, avtomaşının idarə edilməsinə görə 1500 manat və hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat olmaqla, cəmi 23259,72 manat və ödənilmiş 159,78 manat dövlət rüsumunun əvəzi İddiaçı1 xeyrinə tutulsun. Ödənilmiş Dövlət rüsumunun 17,22 manat hissəsi İddiaçı1 aid edilsin. Cavabdeh ödənilmiş kredit borcuna görə 25732 manat, həmin borca gecikdirilmiş vaxt üçün hesablanmış faizə gorə 1495 manat və hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat, cəmi 27527 manat və ödənilmiş 172,58 manat dövlət rüsumunun əvəzi İddiaçı2 xeyrinə tutulsun. Ödənilmiş Dövlət rüsumunun 17,42 manat hissəsi İddiaçı2 aid edilsin. İddia tələbləri qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar