Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1421/2025 24.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8700 manat borc pulun və 108 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı və etibar etdiyi Beyləqan rayonu, ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edən Cavabdeh 2025-ci ilin yanvar ayında borc pula ehtiyacı olduğundan iddiaçıdan 8700 (səkkiz min yeddi yüz) manat məbləğində borc pul alaraq 2 ay müdətində geri qaytarcağına dair öhdəlik götürmüşdür. Həmin öhdəliklə bağlı öz xətti ilə ona yazılı qəbz belə vermişdir. Hətta yazdığı qəbzdə əgər borcunu qaytarmasa pul tələbinə dair mülki icraat qaydasında iddia qaldıracağına dair belə söz vermişdir. Lakin buna baxmayaraq Cavabdeh ondan borca aldığı 8700 (səkkiz min yeddi yüz) manat borc pulu geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. Hazırda cavabdeh borcunu ödəməkdən boyun qaçırır, telefon zənglərinə cavab vermir, bir sözlə götürdüyü öhdəlikdən müxtəlif yollarla yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qismən qəbul etdiyini o, iddiaçıdan 3000 manat borc pul götürmüşdür. Lakin ailədə atası və anası xəstə olduğuna görə qaytara bilməmişdir. Hal-hazırda aldığı əmək haqqından ayda 100 manat tutulmasına razıdır. Bildirir ki, yazılan qəbzdə göstərilən məbləği o, İddiaçı götürməmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, qəbzə qol çəkmiş, amma qəbzdə göstərilən pulu götürməmişdir. O, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Qəbzdə qeyd olunur: “mən Cavabdeh, ehtiyacım olduğu üçün tanışım İddiaçı borc olaraq 8700 (səkkiz min yeddi yüz manat) pul götürdüm. Həmin götürdüyüm pulu 2 ay müddətində geri qaytaracağıma dair söz verirəm, əgər həmin tarixdə İddiaçı götürdüyüm 8700 manatı geri qaytarmasam mənim barəmdə mülki icraat qaydasında məhkəməyə şikayət edə bilər. Özüm yazdım öz imzamla təsdiq edirəm” İmza: var, Cavabdeh. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 108 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Azərbaycan Respublikası Mülki Məcəllənin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda cavabdehin məhkəməyə ünvanladığı ərizədə qeyd etdikləri ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 3000 manat məbləğində borc pul aldığını qeyd etsə də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş, cavabdehin də onun tərəfindən imzalandığını etiraf etdiyi qəbzdən isə görünür ki, cavabdeh iddiaçıdan 8700 manat borc pul almışdır. Cavabdeh iddiaçıdan 8700 manat pul almadığını, lakin 8700 manat pul alması barədə qəbzi imzaladığını, hazırda iddiaçıya 3000 manat borcunun qaldığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8700 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 108 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul və 108 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1421/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1421/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver