Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1422/2025 24.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 900 manat pul və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2025-ci ilin oktyabr ayında arvadının xəstə olması ilə əlaqədar ondan 900 manat borc istəmiş, 1 aylıq müddətə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu günədək dəfələrlə mobil telefonla zəng vuraraq pulunu tələb etsə də, Məqsəd onu müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmamışdır. O da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib şikayət etmiş, Məqsəd polis şöbəsinə verdiyi izahatda da borcunu etiraf etsə də, ödəniş etməmiş və əsassız böhtanlar yazmışdır. Ona görə də o, pul tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmir, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə cavabdehə məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materialları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Füzuli rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması toplanmış materialda cinayət hadisəsi olmadığına görə rədd edilmiş, ərizəçi İddiaçı qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. -Cavabdeh tərəfindən Füzuli rayon Polis şöbəsinə verilmiş izahatın surətində qeyd olunur ki, Cavabdeh bildirmişdir ki, Rəfayıl qonşu kənddəndir və uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Təxminən 6 ay əvvəl ailə üzvünün sağlamlığında yaranan narahatlıqla bağlı ondan 20 faizlə 900 manat pul almış, iki ay ərzində 40 faiz əlavə ödənişlə pulu geri qaytaracağına söz vermiş, iki ay ərzində hər ay 180 manat pul vermişdir. Lakin sonrakı aylarda yaranan digər problemlərlə bağlı ona pulu qaytarmağa maddi imkanı olmamışdır. xx.xx.2025-ci il tarixdə Rəfayıl ona zəng edib pulu geri istədikdə ondan nəzərə almasını və vaxt verməsini istəmiş, bu vaxt ona qarşı nalayiq ifadələr işlədərək onu öldürəcəyi ilə hədələmiş, ona sakit olmasını və imkanı olmadığını, pulu düzəldən kimi geri qaytaracağını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, cavabdeh borcun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 900 manat məbləğində olan əsas borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1422/2025
Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-1422/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver