Məhkəmə qərarları › İş №2(064)-143/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-143/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-143/2024 31.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı qızı xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah qeyd etdirmədən evlənmişlər. jBirgə evlilik müddətində xx.xx.2017-ci il tarixdə X2 adlı bir övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Füzuli Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 351/2019 saylı qətnaməsi ilə cavabdehdən uşağının saxlanılması üçün cəmi 120 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda məhkəmənin həmin dövrü iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşağının gündən-günə artan xərclərinin ödənilməsində onun maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. Uşağı xəstədir, daimi müalicə və müayinəyə ehtiyacı vardır. O işsiz olduğundan övladını tək saxlamaqda maddi cəhətdən həddindən artıq çətinlik çəkir, onun gündəlik minimum xərciərini ödəyə bilmir. Cavabdeh işləyir, aylıq gəliri yüksəkdir, buna baxmayaraq uşağı ilə maraqlanmır, onun gündən-günə artan xərclərinin ödənilməsində ona heç bir köməklik göstərmir. Bu səbəbdənİ alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur və maddi vəziyyəti qənaətbəxşdir. İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı-ana azyaşlı qızı Nigarın maddi tələbatlarının artmasını əsas gətirərək alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının: 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda isnad olunan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə, ……məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər…..Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (hazırkı halda artırılması) üçün zəruri şərtlərdən biri kimi tərəflərdən birinin ailə vəziyyətində dəyişikliyin olmasını qeyd etmişdir. İşin faktiki hallarından aydın olur ki, tərəflərin ailə vəziyyətlərində dəyişikliklər olmasına dair sübutlar tədqiq edilməmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi əsaslarından biri də tərəflərdən birinin (hazırkı halda cavabdeh atanın) maddi vəziyyətində dəyişikliyin olması, yəni maddi vəziyyətinin yaxşılaşmasıdır. İddiaçı tərəfindən cavabdehin maddi vəziyyətinin yaxşılaşmasına dair hər hansı sübutlar məhkəməyə təqdim olunmamışdır. Yuxarıda isnad olunan Ali Məhkəmənin Plenum Qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan Nigarın mənafeyini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, iddiaçı ananın özünün də azyaşlı qızını saxlamaq vəzifəsinin olmasını, eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən azyaşlı Nigarın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən azyaşlı xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar