Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1462/2024 14.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı (bundan sonra - İddiaçı) alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək cavabdeh X1 (bundan sonra - Cavabdeh) xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmuş alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdehlə birgə evlilik müddətində xx.xx.2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(064)-853/2023 saylı qətnaməsi ilə Cavabdehlə aralarında bağlanmış nikah akt qeydi ləğv edilmiş, Cavabdehdən uşağın saxlanılması üçün 170 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda Məhkəmənin həmin dövrü iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşağın gündən-günə artan xərclərinin ödənilməsində onun maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. Bu səbəbdən alimentin miqdarının artırılması tələbi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, uşağın səhəti yaxşı deyil, maddi baxımdan gücü çatmır, ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq hazırda işsiz olduğunu və aylıq gəlirinin az olmasını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: AZ-İİİ seriyalı, 786976 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Füzuli rayonunda doğulmuş, atası X4, anası isə İddiaçıdır. AZ-İ seriyalı, 409500 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərəflər arasında olan nikah akt qeydinə Füzuli Rayon Məhkəməsinin xx.xx.20200-ci il tarixli qətnaməsi əsasında xitam verilmişdir. Füzuli Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(064)-853/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat olmaqla sabit pul məbləğində alimentin X1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Füzuli RİHB-nın Füzuli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı, həqiqətən, Füzuli şəhəri, H.Əliyev prospekti, bina 30, mənzil 653-də ata himayəsində yaşayır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, İddiaçı-ana övladının maddi tələbatlarının artmasını əsas gətirərək alimentin artırılması tələbi ilə Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda istinad olunan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər. Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (hazırkı halda artırılması) üçün zəruri şərtlərdən biri kimi tərəflərdən birinin ailə vəziyyətində dəyişikliyin olmasını qeyd etmişdir. İşin faktiki hallarından aydın olur ki, tərəflərin ailə vəziyyətlərində dəyişikliklər olmasına dair sübutlar təqdim edilməmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi əsaslarından biri də tərəflərdən birinin (hazırkı halda cavabdeh atanın) maddi vəziyyətində dəyişikliyin olması, yəni maddi vəziyyətinin yaxşılaşmasıdır. İddiaçı tərəfindən cavabdehin maddi vəziyyətinin yaxşılaşmasına dair hər hansı sübutlar məhkəməyə təqdim olunmamışdır. Yuxarıda istinad olunan Ali Məhkəmənin Plenum Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Odur ki, Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, İddiaçı ananın özünün də azyaşlı övladını saxlamaq vəzifəsinin olmasını, Cavabdehin maddi vəziyyətini, eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 190 manat sabit pul məbləğində aliment İddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin olunsun. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-853/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. X1 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1462/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1462/2024
14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver