Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1471/2024 11.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Borclu2 və Borclu1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - İddiaçı) cavabdehlər Borclu2 və Borclu1 (bundan sonra – cavabdehlər) qarşı əmr icraatı qaydasında ərizə ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək cavabdehlərdən 13583,06 ABŞ dolları əsas və 16541,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 30124,73 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulub ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2(064)-392/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İşin xx.xx.2018-ci il tarixə saat 10:20-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılması barədə Məhkəməyə müraciət etməmişlər və nəticədə, Məhkəmənin 2(064)-11/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanmışdır. İddiaçı Məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə iclası barədə məlumatları olmamasını bildirmiş və baxılmamış saxlanma barədə qərardadın ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Həmçinin İddiaçı xx.xx.2024-cü il tarixli iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə Məhkəməyə müraciət edərək cavabdehlərdən İddiaçının xeyrinə 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1653,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19032,25 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Borclu1 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 16 ay müddətinə, illik 24% faiz dərəcəsi ilə 22727 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Borclu1 kredit verilərkən borcun təminatı olaraq cavabdeh Borclu2 öz üzərinə zaminlik öhdəliyi götürmüşdür. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh Borclu1 xx.xx.2024-cü il tarixə 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1653,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19032,25 ABŞ dolları borcu yaranmışdır. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Borclu1 Məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Borclu1 ərizəsini belə əsaslandırmışdır ki, Məhkəmənin 2018-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanmışdır. Lakin İddiaçı uzun illər (kredit müqaviləsindən 9 il, iş məhkəmədə baxılmamış qaldıqdan isə 6 il) sonra 2024-cü il tarixdə yenidən Məhkəməyə müraciət etmişdir. O isə keçən illər ərzində, yəni 2015-ci ildə devalivasiyadan sonra ödəmə qabliyyəti aşağı düşdüyündən həmin kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Mülki işin materiallarından göründüyü kimi İddiaçı Məhkəməyə 2024-cü ilin 2ci yarısından sonra müraciət etmişdir. Beləliklə, yuxarıda göstərilən hallardan görünür ki, hazırkı mülki iş üzrə iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Cavabdeh Borclu2 Məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddia tələbinin zaminliyə dair hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Borclu2 ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən cavabdeh Borclu1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 16 ay müddətinə, illik 24% faiz dərəcəsi ilə 22727 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin vaxt o, borcun təminatı olaraq öz üzərinə zaminlik öhdəliyi götürmüşdür. Lakin hazırda müqavilədən 9 il sonra İddiaçı Məhkəməyə müraciət etmişdir. Belə olan halda zaminliyə xitam verilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - cavabdeh Borclu1 İddiaçıdan istehlak məqsədilə illik 24% dərəcəsi ilə 16 ay müddətinə 22727 ABŞ dolları məbləğində kredit almışdır (xx.xx.2015-ci il tarixli, DP/60318/50/10 saylı kredit müqaviləsinin surəti əsasında); - cavabdeh Borclu2 borcun təminatı olaraq öz üzərinə zaminlik öhdəliyi götürmüşdür (xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin surəti əsasında); - cavabdeh Borclu1 xx.xx.2024-cü il tarixə 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1653,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19032,25 ABŞ dolları borcu yaranmışdır (xx.xx.2024-cü il tarixli maliyyə arayışının surəti əsasında). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-ci maddəsinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (İddiaçının cavabdehlərə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən cavabdeh Borclu1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 16 ay müddətinə, illik 24% faiz dərəcəsi ilə 22727 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin borcun təminatı olaraq Borclu2 öz üzərinə zaminlik öhdəliyi götürmüşdür. İş materiallarından göründüyü kimi, İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər və nəticədə cavabdeh Borclu1 xx.xx.2024-cü il tarixə 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1653,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19032,25 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə AR MM-nin 467-ci maddəsinə əsasən tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, İddiaçının cavabdehlərə hesabladığı 1653,75 ABŞ dolları məbləğində dəbbə pulu miqdarı cavabdehlərin İddiaçıya ödəmədiyi 13583,06 ABŞ dolları əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cavabdehlərin İddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq, 1358 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair ərizələrinə münasibətdə hesab edir ki, ərizələr təmin edilməməlidir. Belə ki, kredit münasibətlərinin yarandığı zaman mövcud olmuş müki qanunvericiliyin tələbinə görə borcverənin kredit müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən, yəni kredit müqaviləsinin icra müddətinin bitdiyi vaxtdan başlamışdır. Məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, İddiaçı Məhkəməyə iddia müddətini ötürmədən xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Daha sonra tərəflərə xx.xx.2018-ci il tarixə saat 10:20-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq İddiaçı tərəfindən həmin bildirişin qəbul edilməsini təsdiq edən hər hansısa bir sənəd (xəbərnamə və s.) iş materiallarında mövcud deyildir. Bununla yanaşı, Məhkəmənin 2(064)-11/2018 saylı, xx.xx.2018-ci il tarixli ərizənin baxılmamış saxlanmasına dair qərardadının surətini yalnız cavabdeh Borclu1 təhvil almışdır. Beləliklə, İddiaçı irəli sürülmüş iddia ilə bağlı Məhkəmə tərəfindən çıxarılmış qərardaddan xəbərsiz olmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, lazımi qaydada məlumatlandırılmamış İddiaçının iddia müddətini ötürməsi üzürlü səbəblərdən baş verdiyindən cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin də cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Borclu2 və Borclu1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1358 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18736,5 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1471/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1471/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver