Məhkəmə qərarları › İş №2(064)-1482/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1482/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1482/2024 04.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2550 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2022-ci il tarixdə işə qəbul olmaq məqsədi ilə ondan 2550 manat pul borc verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2022-ci il tarixində 2550 manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh almış olduğu pulu xx.xx.2023-cü il tarixinə kimi ona qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcunu ona qaytarmamışdır. Göstərilən səbəbə görə maddi cəhətdən ağır vəziyyətə düşmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun keçmiş kürəkənidir. Qızı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. O, borc pulu cavabdehə verməsinə dair ona qəbz imzalatdırmamışdır. Birinci dəfə 2000 manat, daha sonra isə 1000 manat borc pul vermişdir. Cavabdeh ona 450 manat pulu qaytarıb, lakin 2550 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh pulu qaytarmaqdan imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Lakin cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının ona qarşı qaldırdığı iddia şər böhtan xarakterli əsassız bir iddiadır. Bildirir ki, İddiaçı onun keçmiş qaynatası olub. 2023-cü ildə iddiaçının qızı Şahid1 Mamed qızı ilə aralarında olan nikah pozulmuşdur. Buna görə də iddiaçı ondan əsassız olaraq pul tələb edir. O, heç vaxt İddiaçı borca pul almamış və heç vaxt da pul istəməmişdir. İddiaçı ondan bir növ qızına görə qisas almaq üçün əsassız iddia qaldırmışdır. Bu səbəbdən də iddianı qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun əridir. Cavabdeh isə keçmiş kürəkəni olub. İddiaçı cavabdehə iddia ərizəsində qeyd etdiyi 2550 manat pulu onun yanında verməyib. Belə ki, həmin vaxt o, qızı ilə birlikdə Bakıda xəstəxanada qalırdı. Sonradan iddiaçıdan eşidib ki, o, cavabdehə borc pul verib. İddiaçının qeyd edilən pulu cavabdehin kartına göndərdiyini və ya əlbəəl verdiyindən xəbəri yoxdur. Həmin vaxt qızı ilə cavabdeh nikahda idilər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı atasıdır, cavabdeh isə onun əri olub, hazırda aralarındakı nikah pozulub. Bildiyinə görə cavabdehlə nikahda olduğu vaxt cavabdeh onun atasından 2550 manat borc pul alıb və onu qaytarmamışdır. İddiaçı pulu cavabdehə verdiyi zaman o, orada olmamışdır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Məhkəmə iddiaçını, şahidləri dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı cavabdehdən 2550 manat pulun onun xeyrinə tutulmasını xahiş edir. O, tələbini onunla əsaslandırır ki, cavabdehə xx.xx.2022-ci il tarixdə məhkəmə iclasına dəvət etdiyi şahidlərin yanında 2550 manat məbəğində pulu borc vermişdir. İddiaçının həmin halı təsdiq etmək üçün dəvət etdiyi şahidlər isə borc pulun onların yanında verilməsi halını təsdiq etməmişlər. Beləliklə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir, iş üzrə sübutlarla iddiaçının cavabdehə xx.xx.2022-ci il tarixində 2550 manat məbləğində pul borc verməsi halı təsdiq edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə hesab edir ki, iş üzrə sübutlarla iddiaçının cavabdehə xx.xx.2022-ci il tarixində 2550 manat məbləğində pul borc verməsi halı təsdiq edilmədiyindən iddia tələbi rədd edilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar