Məhkəmə qərarları › İş №2(064)-1500/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1500/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1500/2023 05.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X1, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə X3 ilə ailə həyatı qurmuşdur. Ondan Seymur, Sadiq və Şahin adlı 3 oğlu vardır. Böyük oğlu Seymur Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində “Bayraqdar” uçuş aparatlarına nəzarət sahəsində operator işləyir. Ortancıl oğlu X8 rayonunun Suqovuşan qəsəbəsində “N“ saylı hərbi hissədə kəşfiyyat bölüyündə hərbiçidir. Kiçik oğlu Şahin isə heç bir yerdə işləmir. 06 fevral 2022-ci il tarixdə oğlu Sadiq Behbidovu bibisi qızı Cavabdeh ilə nişanlamışlar. Onlar bir-birilərini sevirdilər. Kəmalə nişanlı olduğu ərəfədə Bakı şəhərində adını bilmədiyi hansısa kollecin əyani şöbəsində oxuyurdu. Kəmalə kolleci qurtardığı üçün belə qərara gəlmişdir ki, onların toyunu etsinlər. Toy gününü 19 mart 2023-cü ilə təyin etmişlər. Kəmaləgil Füzuli rayonu, Zobucuq-5 qəsəbəsində yaşadığı üçün onu 15 mart 2023-cü il tarixdə evilərinə gətirmiş və toy hazırlıqlarına başlamışlar. 17 mart 2023-cü il tarixdə Kəmalənin kiminləsə tez-tez yazışmasından şübhələnən oğlu Sadiq onun telefonunu əlindən alıb baxdıqda telefonda otel nömrələri olduğunu bildirdi, bunu ona dedikdən sonra başlarının qarışmasıdan istifadə edən Kəmalə müəyyən sirlərinin açılmasından qorxaraq evdən qaçıb getmişdir. Sonradan cavabdehin onlarda qalan telefonunda olan səs yazılarından, votsapp yazılarından müəyyən etmişlər ki, Kəmalə gizlin olaraq X6 ad-soyadlı şəxslə münasibətdə olmuş, hətta ondan hamilə qalmışdır. Hətta Kəmalənin telefonunda “UZİ” aparatının nəticəsi və hamilə olması ilə bağlı Elşadla yazışmasını müəyyən etmişlər. Kəmalə onların evindən qaçıb gedəndə evdən təxminən 2870 manat dəyərində qızıl-zinət əşyalarını da götürüb qaçmışdır. Cavabdehin bu hərəkəti nəticəsində onlara çox böyük miqdarda ziyan maddi ziyan vurulmuşdur. Belə ki, Kəmalə evdən Rusiya istehsallı 585 əyyarlı 1200 manat dəyərində 1 komplekt qızıl əşyasını, 1 ədəd Rusiyada istehsal olunmuş 300 manat dəyərində nişan üzüyünü, bir ədəd 300 manat və 1 ədəd 200 manat dəyərində 585 əyyarlı qızıl qol bağıları, 1 ədəd 200 manat dəyərində 583 əyyarlı sepi və 1 ədəd 400 manat dəyərində kişi qızıl üzüyünü götürmüşdür. Toy hazırlıqlarına isə xərci kimi isə 17.130 manat pul xərclənib, belə ki, Ağdam rayonu, Əhmədağalı kəndindəki “Ağdam“ şadlıq sarayına beh kimi 800 manat, musiqiçilərə 400 manat, tamadaya 150 manat, vidioçəkənə 100 manat, gəlini gətirmək xərci 800 manat, 1300 manat dəyərində müxtəlif məzələr, 500 nəfərlik 1000 manat dəyərində müxtəlif araqlar, şoklar, mineral sular 850 manat toyuq ətləri, 1500 manata 5 baş qoyun, müxtəlif növ meyvə-tərəvəzə 1000 manat, 2100 manat dəyərində mal əti və s. xərclər olmuşdur. Kəmalə ümumilikdə ona 21.000 manat dəyərində maddi ziyan vurmuşdur. Onlar bu xərcləri cavabdehdən tələb etsələr də bu günə kimi o, bu xərcləri ödəməmişdir. Ona görə də xahiş edir ki, Cavabdeh 21.000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul olunsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 4.000 manat dəyərində qonaq və yataq dəsti, dəyəri 1.000 manat olan 2 ədəd döşək, 1 ədəd tax döşəyi, 2 ədəd yorğan, 1 ədəd taxt yorğanı, 4 ədəd balış, 6 ədəd slikon balış, dəyəri 900 manat olan 1 ədəd BOSH markalı paltaryuyan maşın, dəyəri 50 manat olan 7 ədəd bədən dəsmalı, dəyəri 30 manat olan 6 ədəd üz dəsmalı, dəyəri 25 manat olan stəkan dəsmalı, dəyəri 50 manat olan 1 ədəd çılçıraq, dəyəri 150 manat olan 5 ədəd termoüstü qablar, dəyəri 48 ədədlik dəyəri 50 manat olan 1 ədəd qab dəsti, dəyəri 7.50 manat dəyərində 6 ədəd çəngəl, dəyəri 7.50 manat dəyərində 6 ədəd bulud qaşığı, dəyəri 7.50 manat dəyərində 6 ədəd yemək qaşığı, dəyəri 6.50 manat dəyərində 6 ədəd çay qaşığı, dəyəri 7.50 manat dəyərində 6 ədəd pendir bıçağı, dəyəri 150 manat dəyərində 2 ədəd sürfə, dəyəri 50 manat dəyərində 1 ədəd eurolux markalı ütü, dəyəri 30 manat dəyərində 1 ədəd çaydan-çaynik dəsti, dəyəri 30 manat dəyərərində 6 ədədlik rumka dəsti, dəyəri 40 manat dəyərində 2 ədəd meyvə vazası, dəyəri 100 manat dəyərində 1 ədəd xalça, dəyəri 40 manat dəyərində 12 ədədlik 1 dəst stəkan, dəyəri 200 manat dəyərində 7 ədəd yataq örtük dəsti, dəyəri 420 manat dəyərində 585 əyarlı 1 ədəd kişi üzüyü, dəyəri 250 manat dəyərində 1 ədəd qazan dəsti, dəyəri 200 manat dəyərində 1 ədəd pərdə dəsti və ümumi dəyəri 25 manat eurolux markalı blender, onlar olmadıqda isə dəyərinin pulla hesablanmaqla cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirdi ki, Cavabdeh hədiyyə verilmiş qızıl-zinət əşyaları onun vəsaiti hesabına alınmışdır. Lakin Cavabdeh toya bir gün qalmış başqa oğlana qoşularaq qaçdığına və artıq onun gəlini olmadığına görə nişanda hədiyyə alınmış qızıl-zinət əşyalarının naturada və ya bu mümkün olmadıqda dəyərinin alınaraq qaytarılmasını tələb edir. Bununla yanaşı, toya hazırlıqla əlaqədar 17.000 manatdan artıq xərc çəkmişlər və Cavabdeh təqsiri ucbatından bu toy baş tutmamışdır. Hesab edir ki, vurulmuş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Qarşılıqlı iddia tələbini qismən qəbul edir. Belə ki, qarşılıqlı iddia ərizəsində sadalanan əşyaların əksər hissəsi hazırda onların yaşadıqları 4 otaqlı evdədir. Həmin əşyalar bir otağa yığılmış və həmin otağın qapısı bağlı saxlanılmaqla açarı ondadır. Həmin otaq onun sahibliyindədir. Qarşılıqlı ərizədə sadalanan əşyalardan 2-ci sırada göstərilən 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd silkon balış, 4-cü sırada qeyd olunan 4 ədəd bədən dəsmalı, 15-cı sırada göstərilən 1 ədəd süfrə, 22-ci sırada qeyd olunan 1 ədəd yataq örtük dəsti və digər sadalanan əşyalar onun evindədir. Lakin ərizədə göstərilmiş 8-ci sıradakı 5 ədəd termoüstü qab və 23-cü sıradakı 1 ədəd kişi üzüyü onlarda deyil. Qalan cehiz əşyalarının qaytarılmasına etiraz etmir. İddiaçı həmçinin bildirdi ki, hadisədən bir neçə gün sonra Cavabdeh qohumu Ədalət Kəmaləyə hədiyyə alınmış nişan üzüyünü ona qaytarsa da o, qəbul etməmiş və qızılların hamısının qaytarılmasını xahiş etmişdir. Odur ki, hazırda məhkəməyə müraciət etmişdir. İlk iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi Vəkil ilk iddia tələbini qəbul etməyərək və qarşılıqlı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək bildirdi ki, Cavabdeh evi gecə saatlarında qəflətən tərk etdiyindən qızıl-zinət əşyalarını özü ilə götürüb apara bilməzdi. İddia tələbinin toya hazırlıq üçün çəkilmiş xərcin tutulması hissəsi də əsassızdır. Belə ki, toy baş tutmasa da toya hazırlığa çəkilmiş xərc Cavabdeh verilmədiyindən ondan tutula bilməz. İddiaçı çəkdiyi xərci şadlıq sarayının direktorundan və ərzaq məhsullarını hansı şəxslərdən almışdırsa onlardan tələb edə bilər. Odur ki, ilk idddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş edir. İlk iddia üzrə İddiaçı təşəbbüsü ilə dəvət edilmiş şahidlər: X2 bildirdi ki, toya hazırlıq üçün iddiaçı S.Behdudovaya 2 dananı 2.100 manata satmışdır. Lakin sonradan eşitmişdir ki, toy baş tutmamışdır. Satdığı danaların sonrakı aqibətindən xəbəri olmamışdır. X7 bildirdi ki, toya hazırlıq üçün iddiaçı S.Behdudovaya hər birinin dəyəri 300 manat olmaqla 5 baş quzunu cəmi 1.500 manata satmışdır. Lakin sonradan eşitmişdir ki, toy baş tutmamışdır. Satdığı quzuların sonrakı aqibətindən xəbəri olmamışdır. İddiaçı tərəfin təqdim etdiyi Ağdam rayon PŞ İB-nin müstəntiqi M.Behbudov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ona şər atır, o, heç bir qızıl-zinət əşyası oğurlamamışdır. Onların aldığı qızıllar ona toy günü təqdim olunmalı olsa da ona heç bir qızıl-zinət əşyası təqdim olunmamışdır. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilk və qarşılıqlı iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsini qismən təmin edərək məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında ilk iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh evi gecə saatlarında qəflətən tərk etdiyindən qızılzinət əşyalarını özü ilə götürüb apara bilməzdi. İddiaçı tərəfin təqdim etdiyi Ağdam rayon PŞ İB-nin müstəntiqi M.Behbudov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından isə görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, onların (yəni İddiaçıgilin) aldığı qızıllar ona toy günü təqdim olunmalı olsa da ona heç bir qızıl-zinət əşyası təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, nişan mərasimində Cavabdeh iddia ərizəsində sadalanan qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Odur ki, məhkəmə ilk iddia üzrə Cavabdeh ona heç bir qızıl əşyası verilməməsinə dair mülahizələrini inandırıcı hesab etməyərək rədd edir. Tələb olunan qızıl-zinət əşyalarının dəyəri cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə iddia ərizəsində göstərilən cəmi 2.200 manat məbləği əsas götürür - Rusiya istehsalı olan 585 əyarlı 1 komplekt qızıl əşyası - 1.200 manat dəyərində, 1 ədəd Rusiyada istehsal olunmuş nişan üzüyü - 300 manat dəyərində, bir ədəd 300 manat və bir ədəd 200 manat dəyərində 585 əyyarlı qızıl qol bağıları, 1 ədəd 200 manat dəyərində 583 əyarlı sep. Beləliklə, cəmi 2.200 manat dəyərində qızıl-zinət əşyalarının iddiaçı R.Behbidova tərəfindən Cavabdeh hədiyyə edildiyi işin mübahisəsiz halıdır. Bununla yanaşı, Cavabdeh Ağdam RPŞ-də verdiyi izahatında ona heç bir qızılzinət əşyası verilmədiyini bildirdiyi halda, onun nümayəndəsi Vəkil Cavabdeh evi gecə saatlarında qəflətən tərk etdiyindən qızıl-zinət əşyalarını özü ilə götürüb aparmadığını bildirmişdir. Cavabdeh və nümayəndəsinin ziddiyyətli izahatlar verməsi məhkəməyə onu deməyə əsas verir ki, həmin qızıl əşyaları Cavabdeh istifadə və sahibliyində olmuşdur. İlk iddia üzrə İddiaçı iddia tələbinin bu hissəsinin məğzi də ondan ibarətdir ki, Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə düşən vəzifələri onun barəsində kobudcasına pozduğundan bağışlamadan imtina edib. Qeyd edilən tələbin hüquqi əsasını Mülki Məcəllənin 673.1.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Tədqiq edilmiş sübutlardan, o cümlədən tərəflərin izahatlarından belə anlaşılır ki, tərəflər arasında, yəni İddiaçı oğlu ilə Cavabdeh arasında ailə hüquq, yəni ər-arvad münasibətləri yaranmamışdır. Belə ki, qızıl əşyaları Cavabdeh nişan mərasimində hədiyyə edilmiş, lakin toya bir gün qalmış Cavabdeh başqa oğlana qoşularaq qaçmış və sonradan onunla ailə həyatı qurmuşdur. Lakin bununla belə məhkəmə qanunun analogiyası qaydasında məhz Mülki Məcəllənin 673.1.2-ci maddəsinə isnad edir. AR MPM-in 13.4-cü maddəsində qeyd olunur ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsi mülki qanunvericilikdə konkret göstərilməmis, lakin ailə qanunvericiliyi ümumi şəkildə bu vəzifələri müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsində ailə münasibətlərinin bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması bu Məcəllənin vəzifələri sırasındadır (maddə 3.0.2, 3.0.5). Məcəllənin “Ər-arvadın şəxsi hüquq və vəzifələri” adlanan Vİ fəslinin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidirlər. Göründüyü kimi Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin bütün ailə üzvlərinin qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması vəzifələrinə nail olmaq üçün ərarvadın üzərinə ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmaq, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərmək vəzifələri qoyur. Bu mənada ailə üzvlərindən birinin həmin dəyərlərə, o cümlədən, qarşı tərəfə açıq hörmətsizlik göstərməsi, cəmiyyətdə ümumi qəbul olunmuş davranış normalarına zidd tərzdə ailə bağlarının zəifləməsinə yönələn hərəkətlərə yol verməsi müvafiq ailə üzvünün üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması kimi qiymətləndirilməlidir. İlk iddia üzrə İddiaçı tərəfindən Mülki Məcəllənin 673.1.2-ci maddəsində müəyyən edilmiş bağışlamadan imtinaya əsas verən hərəkətə yol verildiyini təsdiq edən sübut qismində Cavabdeh onun oğlu ilə nişanlı olduğu halda toya bir gün qalmış başqa bir oğlana qoşularaq qaçması və sonradan ailə qurmasını bildirmiş, qarşı tərəf buna etiraz etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdırarq ilk iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılmasını hissəsini qismən təmin edir. Qızıl-zinət əşyalarının kişi üzüyünün qaytarılması hissəsini isə rədd edərək məhkəmə bildirir ki, həmin qızıl əşyasının Cavabdeh olması öz təsdiqini tapmamışdır. Belə ki, həmin kişi üzüyü İddiaçı oğluna hədiyyə alındığından və demək olar ki, onun istifadə və sahibliyində olduğundan həmin üzüyün Cavabdeh olması inandırıcı görsənmir. İlk iddia tələbinin toya hazırıq üçün çəkilmiş xərcin Cavabdeh tutulması hissəsini isə rədd edərək məhkəmə bildirir ki, qeyd olunan məbləğdə vəsait və ya alınmış ərzaq və digər məhsullar Cavabdeh verilmədiyindən buna görə çəkilmiş xərc də ondan tələb oluna bilməz. Cavabdeh təqsirli hərəkətləri ilə İddiaçı maddi zərər vurulması öz təsdiqini tapmır. Bu hallarla bağlı çəkişmə prinsipini özündə təsbit edən MPM-in 77.1-ci maddəsinin mövqeyi qəti və aydındır: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin müvafiq müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. İş materialları ilə müəyyən edilir ki, ilk növbədə ilk iddia üzrə iddiaçıya vurulmuş maddi ziyanla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı təşəbbüsü ilə dindirilmiş şahidlər Ə.Xanquliyev və Ş.Quliyev toya hazırlıq üçün S.Behdudovaya müvafiq olaraq 2.100 manat və 1.500 manat dəyərində dana və quzu satdığını bildirsələr də satdıqları heyvanların sonrakı aqibətindən xəbərləri olmadıqlarını bldirmişlər. Məhkəmə hesab edir ki, bu şəxslərin İddiaçı cəmi 3.600 dəyərində iri və xırda buynuzlu heyvanlar satması İddiaçı maddi ziyana uğraması anlamına gəlmir. Digər tərəfdən, iddiaçıya maddi ziyan vurulması müəyyən edilsə də Cavabdeh hüquqazidd davranışı və təqsiri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ərizədə sadalanan əşyaların Cavabdeh cehiz əşyaları olmaqla hazırda İddiaçı sahibliyində olan fərdi yaşayış evində (İddiaçı istisna etdiyi hallar nəzərə alınmaqla) olması işin mübahisəsiz halıdır. Lakin bununla yanaşı, İddiaçı qarşılıqlı iddia ərizəsinə belə münasibət göstərmişdir ki, qarşılıqlı ərizədə sadalanan əşyalardan 2-ci sırada göstərilən 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd silkon balış, 4-cü sırada qeyd olunan 4 ədəd bədən dəsmalı, 15-cı sırada göstərilən 1 ədəd süfrə, 22-ci sırada qeyd olunan 1 ədəd yataq örtük dəsti və digər sadalanan əşyalar onun evindədir. Lakin ərizədə göstərilmiş 8-ci sıradakı 5 ədəd termoüstü qab və 23-cü sıradakı 1 ədəd kişi üzüyü onlarda deyil. Qalan cehiz əşyalarının qaytarılmasına etiraz etmir. Məhkəmə qeyd olunan iddia tələbinin qanuni əsasları ilə bağlı mülki və ailə qanunvericiliklərinin bir sıra normalarına isnad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 225.3-cü maddəsinin tələbinə görə isə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak nikah dövründəərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələri də eyni mövqeni bildirir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh Rusiya istehsalı olan 585 əyarlı bir komplekt qızıl əşyası - 1.200 manat dəyərində, bir ədəd Rusiyada istehsal olunmuş nişan üzüyü - 300 manat dəyərində, bir ədəd 300 manat və bir ədəd 200 manat dəyərində 585 əyyarlı qızıl qolbağılar, bir ədəd 200 manat dəyərində 583 əyarlı sep (boyunbağı) naturada və ya bu mümkün olmadıqda dəyəri pulla alınaraq İddiaçı verilsin. İlk iddia tələbi digər hissədə rədd olunsun. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı dəyəri 4.000 manat dəyərində qonaq və yataq dəsti, dəyəri 1.000 manat olan 1 ədəd döşək, 1 ədəd tax döşəyi, 1 ədəd yorğan, 1 ədəd taxt yorğanı, 4 ədəd balış, 2 ədəd slikon balış, dəyəri 900 manat olan 1 ədəd “BOSH” markalı paltaryuyan maşın, dəyəri 50 manat olan 4 ədəd bədən dəsmalı, dəyəri 30 manat olan 6 ədəd üz dəsmalı, dəyəri 25 manat olan stəkan dəsmalı, dəyəri 50 manat olan 1 ədəd çılçıraq, dəyəri 48 ədədlik dəyəri 50 manat olan 1 ədəd qab dəsti, dəyəri 7.50 manat dəyərində 6 ədəd çəngəl, dəyəri 7.50 manat dəyərində 6 ədəd bulud qaşığı, dəyəri 7.50 manat dəyərində 6 ədəd yemək qaşığı, dəyəri 6.50 manat dəyərində 6 ədəd çay qaşığı, dəyəri 7.50 manat dəyərində 6 ədəd pendir bıçağı, dəyəri 150 manat dəyərində 1 ədəd sürfə, dəyəri 50 manat dəyərində 1 ədəd eurolux markalı ütü, dəyəri 30 manat dəyərində 1 ədəd çaydançaynik dəsti, dəyəri 30 manat dəyərərində 6 ədədlik rumka dəsti, dəyəri 40 manat dəyərində 2 ədəd meyvə vazası, dəyəri 100 manat dəyərində 1 ədəd xalça, dəyəri 40 manat dəyərində 12 ədədlik 1 dəst stəkan, dəyəri 200 manat dəyərində 1 ədəd yataq örtük dəsti, dəyəri 250 manat dəyərində 1 ədəd qazan dəsti, dəyəri 200 manat dəyərində 1 ədəd pərdə dəsti və dəyəri 25 manat eurolux markalı blender naturada və ya bu mümkün olmadıqda onların dəyəri pulla alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar