Məhkəmə qərarları › İş №2(064)-1501/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1501/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1501/2023 27.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinə xitam verilməsini və sözügedən müqaviləyə əsasən tərəfindən cavabdehə ödənilmiş 12.000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh adlı şəxslə tanış olmuşdur. Cavabdeh bildirmişdir ki, ev tikib satmaqla məşğuldur. Onun öz briqadası var. O, öz torpağında ev tikib satır və ona da təklif etmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 1.5 sotda ümumi sahəsi 64 kv.m olmaqla bir mərtəbəli bir metir hündürlüyündə kürsü, iki yataq, bir ədəd qonaq otağı, bir ədəd mətbəx və bir ədəd sanitar qovşağından ibarət fərdi yaşayış evinin başa çatdırmaq və ona təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdehin bildirdiyinə görə ev 43.000 manata tikilib başa çatmalı idi. İlkin olaraq cavabdeh ondan 12.000 manat pul istəmişdir. Aralarındakı razılaşmaya görə qalan ödənişi ayda ***-**** manat olmaq şərtilə keçirilməli idi. iddiaçı ilkin olaraq Cavabdeh 12.000 manat pul vermişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq nə ev tikilmiş, nə də pul qaytarılmışdır. Cavabdeh onu çox ağır vəziyyətə salmışdır. Ona görə də, məhkəməyə muraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsindən görünür ki, cavabdeh-podratçı Cavabdeh xidmətlər və işlər görməyi öhdəsinə götürür, iddiaçı-sifarişçi İddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə əsasən Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsində 1.5 sotda ümumi sahəsi 64 kv.m olmaqla bir mərtəbəli bir metir hündürlüyündə kürsü, iki yataq, bir ədəd qonaq otağı, bir ədəd mətbəx və bir ədəd sanitar qovşağından ibarət fərdi yaşayış evini tikib başa çatdırmaq və iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıdan ilkin olaraq 12.000 manat alsa da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi bu hissədə əsaslı sayılaraq təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 12.000 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinə xitam verilməsi hissəsini rədd edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, iddiaçı podrat müqaviləsinin ləğvinə dair iradə ifadəsini şifahi və ya yazılı şəkildə məhkəmədən kənar qaydada cavabdehə bildirməli olduğundan iddia tələbi bu hissədə rədd olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 12.000 manat tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar