Məhkəmə qərarları › İş №2(064)-152/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-152/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-152/2025 22.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 100 manat əsas və 10 manat dəbbə pulu olmaqla, cəmi 110 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-2201/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2022-ci il tarixində bağladığı alğı-satqı müqaviləsinə əsasən 1100 manat dəyərində avadanlığı 6 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh aldığı malın dəyərini qismən ödəniş etsə də 100 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehə müxtəlif vaxtlarda şifahi və yazılı xəbərdarlıqlar edilib, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı dövlət rüsumuna görə 30 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun hazırda iddiaçıya 100 manat borcu vardır. O, iddiaçı ilə müqavilə bağlamış və soyuducu almışdır. Lakin həmin soyuducuda nasazlıq olmuş, bu barədə iddiaçıya məlumat vermiş, lakin iddiaçı bu nasazlığın aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Soyuducu onun evindədir və ondan istifadə edir. Hazırki borcunu ödəməməsinin səbəbini iddiaçı tərəfindən soyuducunun təmir edilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, pretenziya məktubu, maliyyə arayışı və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Cavabdeh iddiaçıya 100 manat məbləğində borcunun olduğunu etiraf etsə də, həmin pul vəsaitini ödəməyəcəyini bildirmiş, pulu ödəməyəcəyinə dair dəlillərini onunla əsaslandırmışdır ki, soyuducunu aldıqdan sonra soyuducu xarab olmuş, iddiaçı onun təmirini həyata keçirməmişdir. Məhkəmə cavabdehin həmin dəlilini əsasdız saymır və iddianın rədd edilməsi üçün əsas hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya nisyə aldığı malın dəyərini ödəməlidir. Eyni zamanda həmin əşyada hər hansı bir qüsurun aşkar olunması halında qüsurun aradan qaldırılması üçün bu barədə iddiaçıya tələb irəli sürə bilər. Lakin alqı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh təmir işlərinin həyata keçirilməsi üçün soyuducunun iddiaçıya təqdim etməmiş, eyni zamanda onun bildirdiklərindən görünür ki, soyuducudan hal-hazırda istifadə edir. Məhkəmə hesab edir ki, əşyanın qüsurlarının özü-özünə aradan getməsi inandırıcı olmadığından cavabdehin soyuducunu alarkən xarab olması, sonradan isə işləməsi və hal-hazırda da ondan istifadə etməsinə dair bildirdikləri ağlabatan deyil. Məhkəmə hesab edir ki, soyuducu cavabdehə işlək vəziyyətdə verilmiş, hal-hazırda da cavabdeh ondan istifadə edir və faydalanır. Odur ki, cavabdehin bu dəlilləri iddianın rədd edilməsinə əsas ola bilməz. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 100 manat əsas və 10 manat dəbbə pulu olmaqla, cəmi 110 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar