Məhkəmə qərarları › İş №2(064)-1555/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1555/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1555/2024 23.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(060)- 3514/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2 yanvar 2012-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində 90 nömrəli akt qeydli nikah bağlamışıq. Bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 adlı bir uşağı anadan olmuşdur. Ailə qurduğu zaman münasibətləri yaxşı olsa da, sonradan cavabdehlə aralarında münasibətlər pisləşmiş və ayrılmaq qərarına gəlmişlər. Ailənin bərpası və birləşməsi qeyri mümkün olmuşdur.Sumqayıt şəhər məhkəməsinin 2(060)-3514/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, cavabdeh ilə aralarında xx.xx.2012-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində bağlanmış akt qeydləri kitabında 90 nömrəli akt qeydli nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 onun yanında qalmış, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 175 (bir yüz yetmiş beş) manat sabit pul miqdarında alimentin onun xeyrinə tutulmuşdur, (sədrlik edən hakim Azər İsmayılov)Bu müddət ərzində cavabdeh övladının necə yaşaması ilə maraqlanmır, onun təlim tərbiyəsi ilə məşğul olmur.Ona görə də o, bu barədə iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir.Sumqayıt şəhər məhkəməsinin İş N 2(060)-5158/2024 saylı, xx.xx.2024-cii il tarixli qərardadı ilə o, Cavabdeh qarşı “alimentin artırılması'' tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır, (hakim Vəfa Şirəüyeva) Məhkəmə qərardadda qeyd etmişdir ki. "məhkəmə hesab edir ki, cavabdeh və iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki iddia ilə özünün və ya cavabdehin qeydiyyata alındığı yer üzrə ümumi məhkəməyə müraciət edə bilər.Ona görə də o, hal-hazırda “alimentin artırılması” tələbi ilə Füzuli rayon məhkəmədinə müraciət edir.2024-cü il üzrə yaşayış minimumu haqqında qanuna görə, uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, o, bu günə qədər alimenti ödəmişdir. Onun hər ay 235 manat miqdarda aliment ödəməyə imkanı yoxdur. O, hazırda işsizdir və bu miqdarda alimentin ödənilməsi onun üçün mümkünsüzdür. O, hər ay 175 manat məbləğində aliment ödəyə bilər. Bu onun üçün ödəyə biləcəyi mümkün olan məbləğdir. Lakin daha çox alimentin təyin edilməsi bu alimentin icrası mərhələsində problemlər yaradacaqdır. Nəzərə alınsa ki, o, əvvəl işləyirdi, hazırda isə işsizdir və qazanc yeri yoxdur, bu cür vəziyyətdə əlavə məbləğ ödəmək kimi imkanı yoxdur. Düşünür ki, məhkəmə bu halları nəzərə alaraq ödəyə biləcəyi aliment məbləği təyin etməlidir. Bu sonrakı icra mərhələsi üçün də çox lazımlıdır. Çünki o, ancaq 175 manat məbləğin ödənilməsini həyata keçirə biləcəkdir. Bundan başqa, bildirir ki, onun bir çox əlavə ödənişləri və krediti vardır. Belə ki, ərizəyə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, o, "xxxx" ASCnin müştərisi olaraq oradan xx.xx.2023-cü il tarixində 10000 manat məbləğində kredit götürmüş və hazırda da aylıq olaraq 350 manat kredit ödənişi edir. Həmin krediti götürməyi üçün isə əsas səbəb atasının xəstəliyi olmuşdur. Belə ki, onun atası X3 ciddi ürək xəstəliyindən, mədə problemlərindən və İİ-ci tip ağır formalı şəkərli diabetdən əziyyət çəkir. Atası və anası onun himayəsindədir və onların yaşamaq üçün bütün ehtiyacları onun tərəfdən qarşılanmaqdadır. Hazırda da, atasının müalicə, dərman xərclərini o, ödəyir. Onun davamlı olaraq həkim nəzarətində olmasına və müalicələr almasına ehtiyacı vardır. Bu səbəblə də o, kredit götürmüş və bu pul ilə onun dərman və əsas müalicə xərclərini ödəyir. Bu cür ağır vəziyyətdə o, digər əlavə xərclərə cəlb edilsə, bu onun və ailəsinin mövcud vəziyyətini daha da ağırlaşdırmış olacaqdır. Bütün bunları nəzərə alanıb məhkəmənin onun də razı olduğu 175 manat aliment təyin etməsi daha düzgün olacaqdır. Əks halda gələcəkdə o, bu alimentin ödənilməsində çətinlik yaşayacağı və hu halda onun barəsində icra tədbirləri həyata keçirilə və protokol tərtib oluna bilər. Bu halların yaşanması isə heç kimin istəyinə uyğun olmayacaqdır. Bütün bunları nəzərə alaraq İddiaçı iddiasının qismən, yəni xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 175 manat sabit məbləğdə alimentin alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(060)-3514/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh ilə Əsgərova (Abbasova) Azanə Ayaz qızı arasında xx.xx.2012-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində bağlanmış akt qeydləri kitabında 90 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anası - Əsgərova (Abbasova) Azanə Ayaz qızının yanında saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 175 (bir yüz yetmiş beş) manat sabit pul miqdarında aliment Əsgərova (Abbasova) Azanə Ayaz qızının xeyrinə tutulması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. -Qaradağ Rayon İcra Hakimiyyəti Buta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi özü və qızı xx.xx.2015-ci il təvəllüdlü X1 ibarətdir. -Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh hal-hazırda “F.Rövşən İstehsalat müəssisəsində" sürücü avtobus vəzifəsində işləyir və aylıq əmək haqqı 173 manat təşkil edir. -Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikahın pozulmasına dair şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan tərəflərin 1 uşağı doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3514/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşağın anasının yanında saxlanılması və cavabdehdən hər ay uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda uşaq anasının yanındadır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının: -8.2-ci bəndində göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. -8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. -8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. -8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdeh iddiaya etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, himayəsində yaşlı və xəstə valideynləri var və onların maddi təminatı onun tərəfindən ödənilir. Lakin o, yalnız atasının ikinci qrup əlil olmasına dair sənədi təqdim etmiş, anasının barəsində hər hansı sənədi təqdim etməmişdir. Cavabdehin t5əqdim etdiyi həmin sənəddən isə onun atasının yalnız ikinci qrup əlil olması halı təsdiq olunur. İş üzrə sübutlarla cavabdehin valideynlərinin əmək pensiyaçısı olmamaları, eyni zamanda atasının ikinci qrup əlil olması ilə əlaqədar maddi təminatının dövlət tərəfindən ödənilməməsinə dair, hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasında yaşa görə əmək pensiyası alan şəxslərin dairəsi müəyyən edilərkən bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyasına daha erkən yaşda çıxmaları nəzərdə tutulur. Yəni cavabdehin atasının halhazırda 64 yaşı olsa da, iddiaçı atasının və anasının hazırda əmək pensiyaçısı olmamasına dair sənədi təqdim etməməsi əslində onun valideynlərinin əmək pensiyaçısı olmaları halını təsdiq edir və cavabdehin bu dəlili iddianın bu əsasla rədd edilməsi üçün yetərli deyil. Eyni zamanda cavabdeh alimentin artırılmamasına dair dəlillərini kredit borcu ilə əsaslandırması üzrə qeyd edilməlidir ki, cavabdehə “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun hər il dəyişməsi bəllidir, bəlli olmasa belə onun qanunu bilməməsi həmin qanunun tətbiqini istisna etmir. Yəni ölkə üzrə hər il yaşayış minimumu dəyişdirilir. İşin müəyyən edilmiuş hallarından isə görünür ki, cavabdehdən 175 manat aliment 2021ci ildən tutulur. 2022-ci ildə bu məbləğ 193 manat, 2023-cü ildə bu məbləğ 220 manat, başa çatmaqda olan 2024-cü ildə isə 235 manat nəzərdə tutulub. Bütün bu dövrdən də görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları haqqı çatdığı minimum yaşayış həddində maddi təminat hüquqlarının çatışmayan hissəsi bütün bu illər ərzində iddiaçı tərəfindən ödənilmişdir. Halbuki qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəmənin Plenum Qərarında da göstərildiyi kimi uşaqların iddiaçının yanında saxlanılması yaşayış minimumu həddində alimenti ödəmək öhdəliyini cavabdehə (atasına) aid edir. Odur ki, cavabdehin hyəmin dəlili də iddianın rədd edilməsinə əsas ola bilməz. Bundan başqa, eyni zamanda o da qeyd edilməlidir ki, cavabdeh kredit müqaviləsini bağlayarkən nəzərə almalı idi ki, hər il yaşayış minimumunun məbləği artacaq və onun da öhdəliklərinin artması istisna deyil. Cavabdehin öz riskinə böyük məbləğdə kredit götürməsi onun uşağını saxlamaq öhdəliyinin uşaqların üstün tutulmalı olan mənafeyinin ziddinə olaraq azaldılmasına əsas ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3514/2021 saylı qətnaməsi ilə alimentin təyin edildiyi vaxtdan 3 ilədən artıq müddət keçdiyindən iddiaçı ilə cavabdehin nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz bunun sübuta ehtiyacı yoxdur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq, uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olmasını, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmalarını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3514/2021 saylı qətnaməsi ilə tutulmuş alimentin məbləği artırılmaqla dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq azyaşlı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan və məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Füzuli rayonu, Füzuli şəhərindən məcburi köçkündür və bununla da dövlət rüsumu ödəməkdən azaddır. İddiaçı mediasiya xərci üçün ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mediasiya xərci üçün ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3514/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq azyaşlı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci üçün ödənilmiş 50 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar