Məhkəmə qərarları › İş №2(064)-1561/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1561/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1561/2025 02.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Namazova Səbuhə Müşfiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 10367,7 manat əsas, 2157,9 manat faiz, 113,38 manat cərimə borcu olmaqla, cəmi 12638,98 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 127,92 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizənianketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1 -ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə, istehlak məqsədilə illik 29% olmaqla 11000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1 -ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12 iyun 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 10367,7 manat əsas, 2157,9 manat faiz, 113,38 manat cərimə borcu olmaqla, cəmi 12638,98 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, maddi imkanının zəif olması ilə əlaqədar borcunu bir dəfəlik ödəyə bilmir, Cavabdeh vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Həmçinin iddianın təmin edilməsinə dair qətnamənin qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ümumi oferta müqaviləsindən görünür ki, borcluya illik 29 faiz ödəmək şərtilə 11000 manat kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 10367,7 manat əsas, 2157,9 manat faiz, 113,38 manat cərimə borcu olmaqla, cəmi 12638,98 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən borcluya illik 23 faizlə, 11000 manat kredit verilmişdir. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Hazırda cavabdehin 12 iyun 2025-ci il tarixinə 10367,7 manat əsas, 2157,9 manat faiz, 113,38 manat cərimə borcu olmaqla, cəmi 12638,98 manat borcu vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2021-ci il tarixli ümumi oferta kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 127,92 manat cərimə (dəbbə) pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 127,92 manat məbləğində cərimə (dəbbə) pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 12638,98 manat olduğundan (10367,7 manat əsas + 2157,9 manat faiz + 113,38 manat cərimə borcu = 12638,98) iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 127,92 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 10367,7 manat əsas, 2157,9 manat faiz, 113,38 manat cərimə borcu olmaqla, cəmi 12638,98 manat borc və ödənilmiş 127,92 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 10367,7 manat əsas, 2157,9 manat faiz, 113,38 manat cərimə borcu olmaqla, cəmi 12638,98 manat borc və ödənilmiş 127,92 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar