Məhkəmə qərarları › İş №2(064)-1575/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1575/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1575/2023 01.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyirinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 8.000 manat borcun və 100 manat dövlət rüsumunun onu xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğiu arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər 8.000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən 1 dollar 1.70 manat olmaqla 13.600 manat məbləğində borc pul vermişdir. Borcalanlar krediti faizsiz almış və xx.xx.2021-ci ildən başlayaraq hər ay 800 manat olmaqla xx.xx.2022-ci il tarixədək geri qaytarmağı öz öhdələrinə götürmüşlər. Borcalanlar həmin puldan 800 manat və 500 manat olmaqla 1300 manat ödəmiş və müqavilənin şərtlərinə əsasən həmin pulları vaxtında ödəmək öhdəliyi götürsələr də bunu etməmişlər. Dəfələrlə borcalanlara şifahi və yazılı xəbərdarlıq edilsə də onlar borclarını ödəməkdən yayınmağa davam etmişlər. Bundan sonra, o, gecikmiş məbləğlər barədə icra qeydi çıxarılması üçün Füzuli rayon notariat kontoruna müraciət etmiş və notariat tərəfindən 10 iyul 2021-ci ilə qədər olan borcun 4.300 manat əsas və 20 manat rüsum olmaqla cəmi 4.320 manat tutulması barədə icra qeydi aparılmışdır və hal- hazırda icra mərhələsindədir. 10 iyul 2022-ci il tarixdə borc müqaviləsinin vaxtı bitsə də və qalan 8000 manat borcun qaytarılması barədə borcalanlara dəfələrlə xəbərdarlıq edilsə də onlar lazımı nəticə çıxarmamış və hətta rəsmi qaydada göndərilmiş bildirişləri almaqdan belə imtina etmişlər. Məhkəmə iclasında: İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə oxşar məzmunlu izahat verdi və cavabdehlərdən onun xeyrinə 8.000 manat borcun və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsində Camalın oğlu Orxana 8.000 ABŞ dolları verilməsi qeyd olunsa da əslində Orxana heç bir məbləğdə pul verilməmişdir. Belə ki, onun və əri Rasimin İddiaçı təsisçisi olduğu "xxxx" MMC-yə ödənilməmiş borcları qalmışdır. Orxana verilən 8.000 manat pul elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə oğlu Orxan tərəfindən 4.000 manat onun adına, 4.000 manat isə əri X3 adından "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsində Camalın Orxana 8.000 ABŞ dolları verilməsi qeyd olunsa da əslində Orxana heç bir məbləğdə pul verilməmişdir. Belə ki, Orxanın anası Solmazın və atası Rasimin İddiaçı nümayəndəsi olduğu "xxxx" MMC-yə ödənilməmiş borcları qalmışdır. Orxana verilən 8.000 manat pul elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Orxan tərəfindən 4.000 manat anası Solmazın adına, 4.000 manat isə atası Rasimin adından "xxxx" MMC-yə ödənilmişdir. Hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi real müqavilə olmadığından etibarsızdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız sayılaraq rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən borc verən-İddiaçı borc alan-Cavabdeh1 8.000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən 13.600 manat məbləğində borc pul vermişdir. Borc alan-cavabdeh krediti xx.xx.2021-ci il tarixdən başlayaraq 17 ay müddətində hər ay 800 manat ödəmək çərti ilə xx.xx.2022-ci il tarixədək borc verən-iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin- Cavabdeh2 borclu-Cavabdeh1 kreditor qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarxili icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh1 4.300 manat tutulmuşdur. xx.xx.2020-ci il tarixli nağd pulun mədaxili üçün qəbzlərindən görünür ki, Cavabdeh1 tərəfindən atası X3 adına 4.000 manat, eləcə də anası X2 adına 4.000 manat "xxxx" MMC-yə ödənilmişdir. Göründüyü kimi, İddiaçılə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi real müqavilə olmamışdır. Belə ki, həmin müqavilə əsasında İddiaçı tələb etdiyi 8.000 manat pulu Cavabdeh1 elə həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə valideynlərinin adına İddiaçı nümayəndəsi olduğu "xxxx" MMC-yə ödəmişdir. Məhkəmə onu da qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Polad-2008" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə söykənərək qeyd edir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Odur ki, sadalanan qanunvericilik aktları normalarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi etibarsız olduğundan onun təminatı kimi bağlanmış həmin tarixli zaminlik müqaviləsi də etibarsızdır və tərəfər üçün, o cümlədən Cavabdeh1 üçün heç bir öhdəlik yaratmır. Odur ki, məhkəmə belə yekun qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar