Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-16/2024 01.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikah dövründə alınan qızılın – 3 ədəd hər biri 250-300 manat dəyərində qızıl üzük, 1 ədəd 300 manat dəyərində qolbaq və ya həmin qızılların əvəzi olaraq 1100 manat və 12000 manat məbləğində cehiz pulunun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi qeydiyyata aldırmaqla ailə həyatı qurublar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X1 doğulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi və cavabdehin xəyanəti səbəbilə iddiaçı nikahın pozulması tələbilə məhkəməyə müraciət etmiş və hazırda iş İmişli Rayon Məhkəməsinin icraatındadır. Tərəflər ayrı yaşayırlar. İddiaçı bildirir ki, evlənərkən ailəsi ona cehiz pulu olaraq 12000 manat pul vermişdir. Cavabdeh həmin pulu alıb, lakin cehiz almamışdır. Həmçinin iddiaçı evdən gedərkən birgə nikah dövründə alınan qızıllardan 3 ədəd hər biri 250-300 manat dəyərində qızıl üzük, 1 ədəd 300 manat dəyərində qolbaq cavabdehdə qalmışdır. İddiaçı iddia tələbini dəyişdirərək cavabdehdən qızıllarla bağlı tələbinin olmadığını, yalnız 12000 manat məbləğində cehiz pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddi ərizəsinin məzmununa uyğun izahat verərək 12000 manat məbləğində cehiz pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş kağız parçasına yazılmış əlyazmanın surətindən görünür ki, cavabdeh iddiaçıdan 12000 manat məbləğində pulu almışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 cavabdehin iddiaçıya heç bir borcu olmadığını və cavabdehin borcu barədə öz xətti ilə yazıldığı iddia edilən həmin kağız parçasını qəbul etmədiyini bildirərək iş üzrə müvafiq ekspertizanın təyin edilməsini xahiş etdi. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-1511/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Lakin cavabdehə eksperimental xətt və imza nümunələrinin götürülməsi üçün Məhkəmə Ekspertizası Mərkəzində iştirakının zəruriliyi barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq o, ekspertizanın keçirilməsində iştirak etməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda məhkəmə ekspertiza təyin edilən faktı - əlyazmada göstərilən xəttin cavabdehə məxsus olmasını təsdiq edir. İş materialarında olan 1 ədəd diskdə qeydə alınmış səsyazmadan müəyyən olunur ki, cavbdeh iddiaçıya 12000 manat məbləğində borcu olduğunu təsdiq edərək qaytaracağını bildirir. İş materiallarında olan dəqiqləşdirmə ərizəsindən görünür ki, iddiaçı yalnız 12000 manat məbləğində cehiz pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərdən, həmçinin tərəflərin qarşılıqlı hüquq münasibətlərindən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış, lakin cvabdeh tərəfindən götürmüş olduğu borc öhdəliyi yerinə yetirilməmişdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, 12000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçının dəqiqləşdirmə ərizəsi nəzərə alınmaqla iddia təmin edilsin. Cavabdeh 12000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-16/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-16/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver