Məhkəmə qərarları › İş №2(064)-1601/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1601/2023

15.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1601/2023 15.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı oğlu xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən olunması və mediasiya xərclərinə görə ödənilmiş 50 manat məbləğin xərcinin onun xeyirinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nigahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2012-cü il təvəllüdlü X3 adında iki övladları var. Füzuli Rayon Məhkəməsinin 2(064)-1777/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nigahlarından olan övladlarının saxlanılması üçün hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin ona ödənilməsi qət edilmişdir. Odur ki, yenidən məhkəməyə müraciət etmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və bildirdi ki, cavabdehin özəl stomatoloji kabineti var və aylıq qazancı yüksəkdir. Odur ki, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Füzuli rayon Mərkəzi xəstəxanasının stomatologiya şöbəsində işləyir və aylıq əmək haqqısı 396 manat təşkil edir. Bundan başqa, onun əlavə gəliri yoxdur. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZE seriyalı 11097603 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Füzuli rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV seriyalı 795493 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Füzuli rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-1777/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nigahlarından olan övladlarının saxlanılması üçün hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Füzuli rayon X6 Hüquqi Şəxsin direktoru E.Qurbanov tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Füzuli rayon Mərkəzi xəstəxanasının stomatologiya şöbəsində işləyir və aylıq əmək haqqısı 396 manat təşkil edir. “AZEMİS”dən çıxarışdan görünür ki, İddiaçı uşaq bağçasında tərbiyəçi işləməklə əmək haqqısı 372,75 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yada qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələbedən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının: 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda isnad olunan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə, ……məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər…..Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (hazırkı halda artırılması) üçün zəruri şərtlərdən biri kimi tərəflərin ailə vəziyyətində dəyişikliyin olmasını qeyd etmişdir. İşin faktiki hallarından aydın olur ki, iddiaçı ananın və cavabdeh atanın ailə vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi əsaslarından biri də tərəflərdən birinin (hazırkı halda cavabdeh atanın) maddi vəziyyətində dəyişikliyin olması, yəni maddi vəziyyətinin yaxşılaşmasıdır. Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh ata Cavabdeh Füzuli rayon Mərkəzi xəstəxanasının stomatologiya şöbəsində işləyir və aylıq əmək haqqısı 396 manat təşkil edir. İddiaçı ana İddiaçı isə uşaq bağçasında tərbiyəçi işləməklə əmək haqqısı 372,75 manat təşkil edir. Göründüyü kimi, tərəflərin maddi vəziyyətləri demək olar ki, eynilik təşkil edir. İddiaçı cavabdehin özəl stomatoloji kabinetinin olduğunu və aylıq qazancının yüksək olduğunu bildirsə də bu barədə rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu hallarla bağlı AR MPM-in 77.1-ci maddəsinin mövqeyi aydın və qətidir: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda isnad olunan Ali Məhkəmənin Plenum Qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayanlar Nuray və Türkayın mənafelərini, yəni onların artıq böyüyərək tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olmasını, iddiaçı ananın özünün də azyaşlı uşaqlarını saxlamaq vəzifəsinin olmasını, eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar