Məhkəmə qərarları › İş №2(064)-1605/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1605/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1605/2023 11.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ləğv olunması və 9.800 manat əsas borc, kredit müqaviləsi zamanı ödənmiş 115 manat olmaqla, cəmi 9.915 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında ev alqı-satqısı barədə razılaşdıqdan sonra ona 10.000 manat pul vermişdir. Lakin Yazgülün satdığı evin sənədlərini adına keçirə bilmədiyi üçün evi Yazgülə qaytarmalı olmuşdur. Həmin vaxt Yazgül pulunu tam şəkildə qaytara bilmədiyindən, aralarında razılaşmişlar ki, onun pulunu hər ay 300 manat olmaqla, xx.xx.2026-cı ilədək hissə-hissə qaytarsın, hətta bu barədə xx.xx.2023-cü il tarixdə notariat kontorunda kredit müqaviləsi bağlamış və notariat haqqı kimi 115 manat (kredit müqaviləsinə qeyd olunub) haqq ödəmişdir. Müqavilədən təxminən 3 aya yaxın vaxt keçsə də Yazgüldən cəmi 200 manat pulu güclə almış, 9.800 manat borcu qalmışdır. Cavabdeh bu günədək nə telefon zənglərini açır, nə də ki, pulunu ödəyir və dəfələrlə həmin borcu ödəməyəcəyini bildirmişdir. Beləliklə müqavilədə razılaşdığı şərtləri tamamilə pozur. Ona görə də, ona pul tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, cavabdeh borcundan 300 manat da qaytarmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, borcunu bir dəfəyə qaytara bilməyəcəkdir. Odur ki, borcun hissə-hissə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla, o cümlədən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan cavabdeh Q.Quliyevaya 10.000 manat məbləğində pul borc vermişdir. Borc alan-cavabdeh krediti xx.xx.2026-cı il tarixədək hər ayın sonuncu günü 300 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırda borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdiyindən borcverən haqlı olaraq borcun vaxtından əvvəl qaytarılmasını tələb etmişdir. İddiaçının izahatı ilə müəyyən edilir ki, cavabdeh tərəfindən cəmi 500 manat qaytarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmaqla cavabdehdən iddiaçının xeyrinə 9.500 manat tutulmalıdır. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. (xx.xx.2023-cü il tarixli Qanunla edilmiş dəyişiklikdən sonrakı redaktədə) borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.5. (xx.xx.2023-cü il tarixli Qanunla edilmiş dəyişiklikdən sonrakı redaktədə) Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda. İddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsini rədd edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddia ərizəsinə əlavə edilmiş cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh tərəfindən kredit borcunun ödənilməsində gecikmələr yarandığına görə iddiaçı tərəfindən kredit müqaviləsinin ləğv edilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq ləğv olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, kredit müqaviləsinin ləğv edilməsi məhkəmədən kənar qaydada öz həllini tapdığından iddia tələbi bu hissədə rədd olunmalıdır. İddia tələbinin kredit müqaviləsi zamanı ödənilmiş 115 manatın tutulması hissəsini də rədd edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış həmin müqavilənin arxa hissəsindəki qeydlərdən görünür ki, notariat hərəkətinə görə 115 manat tutulub. Lakin həmin məbləğin iddiaçı borc verən tərəfindən ödənilməsinə dair hər hansı sübut, o cümlədən ödəniş qəbzi, çek və sair sənədlər məhkəməyə təqdim olunmamışdır. Əksinə qeyd olunan müqavilənin 11-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini borc alan cavabdeh çəkmişdir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9.500 manat pul tutulsun. İddia tələbi digər hissədə rədd olinsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar