Məhkəmə qərarları › İş №2(064)-163/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-163/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-163/2025 30.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçı “Unibank» KB ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “Unibank» KB ASC (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı Füzuli Rayon Məhkəməsində (bundan sonra – Məhkəmə) iddia qaldıraraq Cavabdehdən İddiaçının xeyrinə 318,79 manat məbləğində əsas overdraft borcunun, 34,56 manat hesablanmış cərimə borcu olmaqla cəmi 353,35 manat borcun və 30 manat dövlət rüsumunun tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsi və xx.xx.2021 -ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir” Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri ilə bağlı məhkəməyə müraciyyət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Məhkəmə göstərilən qanunvericilik normaları və iş materialları əsasında müəyyən etdiyi işin faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli X2, ərizə-anket (aksept), cari hesabdan çıxarış, xx.xx.2024-cü il tarixli mövcud borc haqqında izahlı maliyyə arayışı, xx.xx.2024-cü il tarixli bildiriş və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia ərizəsində tələb olunan əsas borcun məbləği ilə razılaşsa da cərimə borcunun məbləği ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə Cavabdehə müraciət edərək onun banka həmin tarixə 318,79 manat əsas, 0,81 manat cərimə borcu olmaqla, cəmi 319,6 manat borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə Cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, cərimə borcunun məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğlərə uyğun olaraq nəzərə alınmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 27 manat Cavabdehdən tutulmasını əsaslı hesab edir. Odur ki, Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı “Unibank» KB ASC-nin xeyrinə Cavabdeh 318,79 manat məbləğində əsas overdraft borcu, 0,81 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 319,6 manat borcun və 27 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar