Məhkəmə qərarları › İş №2(064)-1661/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1661/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1661/2023 15.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı LPO "xxxx" ASC-nin LƏSF-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC-nin LƏSF Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2010-cu il tarixli, F6-3064İ saylı kredit müqaviləsi üzrə 2.749,17 manat əsas borc, faiz borcuna görə 2.868,60 manat və 769 manat cərimə borcu olmaqla, cəmi 6.386,77 manat və dövlət rüsumu kimi ödənilmiş 31,5 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2(81)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı ASC-nin müflis elan edilməsi və İddiaçı ASC-yə ləğvedici qismində «X1 Company» MMC-nin təyin edilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli F6-3064İ saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 28 faiz dərəcəsi olmaqla 5.200 manat məbləğində kredit verilmişdir. Cavabdeh bu günədək sözügedən kreditin əsas məbləğindən 2.450,83 manat, faiz məbləğindən 808,17 manat olmaqla, cəmi 3.259 manat qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmiş faizlərin təcili ödənilməsi barədə bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin o, verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq Cavabdeh Seçdim oğlunun qeyd olunan kredit müqaviləsi üzrə 18 sentyabr 2014-cü il tarixinə 2749,17 manat əsas borc, faiz borcu üzrə 2868,6 manat, 769 manat dəbbə pulu olmaqla, cəmi 6.386,77 manat borcu mövcuddur. Ona görə də, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli, F6-3064İ saylı istehlak krediti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 5.200 manat məbləğində kredit verilmişdir. Cavabdeh sözügedən kreditin müqaviləsi üzrə əsas borcdan 2.450,83 manat və faiz borcundan 808,17 manat olmaqla cəmi 3.259 manat məbləğində qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tələb olunan əsas borcun məbləği ilə razılaşsa da faiz və cərimə borclarının yüksək hesablandığı qənaətinə gələrək bu borcların azaldılmasını əsaslı hesab edir. Belə ki, iddiaçı faiz borcu üzrə 2.868,6 manat pulun cavabdehdən tutulmasını tələb etsə də məhkəmə bu məbləğin müqavilə müddəti bitdikdən sonra da hesablanmasını əsassız hesab edir. Belə ki, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, müqavilə müddətinin sonuna, yəni xx.xx.2012-ci il tarixə hesablanmış faiz borcu 1.650,08 manat təşkil etmişdir. İddiaçı ərizəsində cavabdehin faiz borcundan 808,17 manat ödədiyini bildirdiyinə görə cavabdehin faiz borcu üzrə borcu 1.650,08-808,17=841,91 manat təşkil edəcəkdir. Bununla belə, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə belə hesab edir ki, 2.749,17 manat əsas borca münasibətdə 769 manat cərimə borcu tənasübsüz şəkildə yüksək olduğundan azaldılaraq əsas borcun 10%-i məbləğində (270 manat) müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, MPM-in 107-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2.749,17 manat əsas borc, 841,91 manat faiz borcu və 270 manat cərimə borcu olmaqla, cəmi 3.861,08 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat iddiaçı LPO "xxxx" ASC-nin LƏSF-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar