Məhkəmə qərarları › İş №2(064)-17/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-17/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-17/2023 28.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosessində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2.350,75 ABŞ dolları - bundan 465,43 ABŞ dolları əsas borc, 384,20 ABŞ dolları faiz borcu, 1.438,78 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62,34 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 59,97 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə xx.xx.2014-cü il tarixli, ********* hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 26%lə 24 ay müddətinə 5.100 ABŞ dollan məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 470003483/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 4.503 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixidək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4152.96 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********465 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 150 (yüz əlli) AZN məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2.350,75 ABŞ dolları təşkil edir. Bundan 465,43 ABŞ dolları əsas borc, 384.20 ABŞ dolları faiz borcu, 1438.78 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.34 ABŞ dolları faiz borcu təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, ********* hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 26%-lə 24 ay müddətinə 5.100 ABŞ dollan məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 470003483/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2017-ci il tariədək təyin olunmuşdur. xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişdən görünür ki, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ödənilməmiş cəmi borcu 2.350,75 ABŞ dolları məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsində göstərilir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh olunması haqqında» qərarında göstərilmişdir ki, “….iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir». Odur ki, iddiaçının əsas borclu və zaminə qarşı kredit borcunun qaytarılması hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olduğunu və cavabdehlər tərəfindən bu hüququn pozulduğunu araşdıran məhkəmə həm də cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinə söykənərək iddia tələbini rədd etmək qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh olunması haqqında» qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki-hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək bağlanmış, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuş, eləcə də xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişdən görünür ki, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, istər 24 ay müddətinə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin icrası müddətindən, yəni xx.xx.2016-cı il tarixdən, istərsə də kreditin müddətinin əlavə müəyyən edildiyi xx.xx.2019cu il tarixdən 3 illik iddia müddəti artıq keçmişdir. Əsas tələb, yəni kredit müqaviləsi üzrə iddia müddəti keçdiyindən əlavə tələb, yəni zaminlik müqaviləsi üzrə də iddia müddəti keçmişdir. Odur ki, qeyd olunanların yekunu olaraq məhkəmə belə qərara gəlir ki, iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 59,97 manat ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar