Məhkəmə qərarları › İş №2(064)-1719/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1719/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1719/2023 01.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızından müştərək qaydada 4.000 manat borcun, 8 manat müqavilə xərci, 17 manat etibarnaməyə verilmiş dövlət rüsumunun və 100 manat hüquqi yardıma ödənilmiş haqqın alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bir müddət əvvəl tanışı X2 4000 manat məbləğində borc vermişdir. Bu notarial qaydada təsdiq edilmiş sənəddə öz əksini tapmışdır. O, borcu ödəməkdən boyun qaçırmışdır. Lakin bir müddət əvvəl o, vəfat etmişdir. Vəfat etdikdən sonra onun mirasını qəbul etmiş vərəsələrdən borcunu geri istəsə də bir nəticə əldə edə bilməmişdir. Belə ki, onun həyat yoldaşı və övladları ona məxsus hərbi təqaüdü alırlar. Qardaşı Xəqani isə atalarından qalma mirasa sahib çıxmaqla mərhumun payını da faktiki qəbul etmişdir. Ona görə də, hesab edir ki, cavabdehlər mərhuma məxsus borc öhdəliyində cavabdehdirlər. Bütün bunların nəzərə alınıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verdi və 4.000 manat pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində və iddiaçının göstərdikləri ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, mərhum ərindən miras qalmış 1.561 manat pulu tam şəkildə o, qəbul etmiş və ailənin rifahı naminə xərcləmişdir. Hazırda maddi imkanı olmadığından bu pulu iddiaçıya qaytara bilməyəcəkdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan X2 4.000 manat məbləğində pulu borc vermişdir. Borc alan krediti notariusun depozit hesabı vasitəsilə xx.xx.2023-cü il tarixədək bir dəfəyə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi: arvadı Cavabdeh3 və oğlu X3 hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 348 nömrəli məktubuna əsasən 1.521 manat pul vəsaitindən ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən cavabdehin mərhum əri X2 4.000 manat məbləğində pul borc verilmişdir. Cavabdeh2 həmin borcu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürsə də buna əməl etməmiş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş borc alan Cavabdeh2 vərəsəsi: arvadı Cavabdeh3 və oğlu xx.xx.2006-cı il təvəllüdlü X3 hər biri miras əmlakdan ½ hissədə irs almışdır. Miras əmlak isə 1.521 manat pul vəsaitindən ibarətdir. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Mərhum İ.Dadağovdan miras qalmış mirasın həcmi isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1.521 manatdır. Həmin mirası mərhumun arvadı Cavabdeh3 həm özünə aid hissədə, həm də yetkinlik yaşına çatmayan oğlu xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 əvəzinə qəbul etmişdir. Odur ki, məhkəmə iddia tələbini Cavabdeh3 aid hissədə qismən təmin etməyi, digər cavabdehlərə aid hissədə isə rədd etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.3-cü maddəsində qeyd olunur ki, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1244-cü maddəsinə görə, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 aprel 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla yanaşı, məhkəmə 8 manat müqavilə xərci, 17 manat etibarnaməyə verilmiş dövlət rüsumunun və 100 manat hüquqi yardıma ödənilmiş haqqın cavabdehdən tutulması hissəsini də qismən təmin edərək aşağıdakıları bildirir. Azərbaycan Respublikası MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, hazırkı işə baxılması ilə əlaqədar məsrəflər vəkilə verilmiş 100 manat və etibarnamə alınması üçün ödənilmiş 17 manatdan ibarətdir. Məhkəmə hesab edir ki, 8 manat müqavilə xərci üçün ödənilmiş vəsait məhkəmə xərci olmadığından cavabdehdən tutulması əsaslı ola bilməz. İş materiallarından görünür ki, məhkəmə xərci cəmi 117 manatdan ibarətdir. Məhkəmə MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 117 manat dəyərində məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 4.000 : təmin olunmuş hissəsi 1.521 manat = 2.62, 117 manat : 2.62 = 44.65) 44.65 manat hissəsi cavabdehdən tutulmalı, qalan (117 – 44,65 = 72.35) 72.35 manat hissəsi isə iddiaçıya aid olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 1.521 manat İddiaçı xeyrinə tutulsun. İş üzrə 117 manat məhkəmə xərcinin 44.65 manatı Cavabdeh3 tutularaq İddiaçı ödənilsin, qalan 72.35 manat hissəsi İddiaçı aid edilsin. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar