Məhkəmə qərarları › İş №2(064)-1719/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1719/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1719/2025 29.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlu tərəfindən iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı kredit borcunun qaytarılması tələbinə dair Füzuli Rayon Məhkəməsində (bundan sonra – Məhkəmə) iddia qaldıraraq 500 manat əsas, 44,32 manat faiz və 3,68 manat cərimə borcu olmaqla, ümumilikdə 548 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə-anketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq sms vasitəsi ilə cavabdehə illik 28% olmaqla, 500 manat məbləğində kredit xətti açılmışdır. X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş 73 saylı lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bankı ASC tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyir. X1 Bankın “Ucard" məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Standart şərtlərə əsasən müştəri, kredit və ondan istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri X1, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə Banka qaytarmağı öhdəsinə götürmüşdür,lakin Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun banka ümumilikdə 548 manat borcu yaranmışdır. Odur ki, İddiaçı həmin borcun Cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 1xx.xx.2024-cü il tarixli kredit müqaviləsi, ona edilmiş əlavə, maliyyə arayışı və ödəniş cədvəli, İddiaçının Cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi və İddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Belə olan halda, İddiaçı haqlı olaraq Məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 234 və 284-5-ci maddələrini rəhbər tutaraq qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 500 manat əsas, 44,32 manat faiz və 3,68 manat cərimə borcu olmaqla, ümumilikdə 548 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar