Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-173/2025 06.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul və qızıl tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən 10000 manat pulun, bir cüt 585 əyyar 7 qram çəkidə 910 manat qiyməti olan qızıl sırğa və ya onun dəyərinin, 585 əyyar 5,3 qram çəkidə 477 manat qiyməti olan bir ədəd qızıl boyunbağı və ya onun dəyərinin, 585 əyyar 2,4 qram çəkidə 216 manat qiyməti olan bir ədəd qızıl qolbağı və ya onun dəyərinin, 585 əyyar 3 qram çəkidə 270 manat qiyməti olan bir cüt sırğa və ya onun dəyərinin və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 10000 manat nəğd pul və qızıl əşyalarının bir həftə müddətində qaytarmaq şərti ilə ondan istəyib. Həmin vaxt Cavabdeh ona bildirib ki, bankda limiti var, həmin limiti açdırmaq üçün ona pul və qızıl əşyaları lazımdır. Aralarında olan yaxşı münasibətə görə İddiaçı Cavabdehin təklifi ilə razılaşıb. Beləliklə, xx.xx.2023-cü il tarixdə aralarında notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlayıblar və müqavilə əsasında İddiaçı Cavabdehə xx.xx.2023-cü il tarixədək (bir ay müddətinə) qaytarmaq şərti ilə 10000 manat pulu borca verib. Həmçinin həmin gün Cavabdehin xahişi ilə İddiaçı yuxarıda qeyd edilən 4 adda ona məxsus qızılı bir həftə müddətinə qaytarmaq şərti ilə Cavabdehə verib. İddiaçı vəd olunmuş müddət başa çatdıqdan sonra Cavabdehdən ona verdiyi qızılları və pulu tələb etsə də, bu günədək qaytarmayıb. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Cavabdehə verdiyi 4 adda qızılın özünü, olmadığı təqdirdə dəyərini və 8700 manat məbləğində qalıq borcu tələb edir. Beləki, Cavabdeh 10000 manat borcundan 1300 manat məbləğində ödəniş edib. Cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, Cavabdeh 10000 manat borcundan İddiaçıya 1300 manat məbləğindən əlavə ayrı-ayrı vaxtlarda iki dəfə 200 manat olmaqla cəmi 1700 manat məbləğində ödəniş edib. Bununla bağlı Cavabdehdə telefon danışıqlarının səs yazıları var. Cavabdehin hazırda maddi vəziyyəti yaxşı deyil, işi əlindən çıxıb və yerdə qalan borcunu hissə-hissə ödəyə bilər. Həmçinin Cavabdehin nümayəndəsi Nümayəndə Məhkəmənin sualına cavab olaraq bildirdi ki, sözügedən qızılların harada olduğunu bilmir. İddiaçı Cavabdehin ona əlavə ayrı-ayrı vaxtlarda iki dəfə 200 manat ödəniş etməsi fikrinə münasibət bildirərək qeyd etdi ki, bu doğru deyil, Cavabdeh 1300 manatdan əlavə başqa ödəniş etməyib. İş materiallarında olan: - Bakı Şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsi əsasında müəyyən olunur ki, Cavabdeh İddiaçıdan fazisiz şəkildə aldığı 10000 manat məbləğində borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürüb; - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu əsasında müəyyən olunur ki, İddiaçı Cavabdehə 10 gün müddətində 10000 manat məbləğində borcunu qaytarmadığı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirib; - Sabirabad Rayon Kooperativ Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirici rəy əsasında müəyyən olunur ki, İddiaçının tələb etdiyi hər biri 585 əyyar olmaqla 2 cüt sırğa, 1 ədəd boyunbağı və 1 ədəd qolbağının müasir bazar qiymətlərinə uyğun dəyəri təxminən 1873 manat məbləğində qiymətləndirilib; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar əsasında müəyyən olunur ki, Cavabdeh İddiaçıya olan borcunu verdiyi izahatında etiraf edib və aparılan araşdırma zamanı müəyyən olunub ki, Cavabdehin niyyəti və məqsədi İddiaçının pulunu əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, tərəflərin verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehdən 8700 manat məbləğində pul, hər biri 585 əyyar olmaqla 2 cüt sırğa, 1 ədəd boyunbağı və 1 ədəd qolbağı, özü olmadıqda isə cəmi 1873 manat məbləğində dəyərinin əvəzi alınaraq İddiaçıya ödənilməlidir. Belə ki, Cavabdeh Abşeron Rayon Polis Şöbəsinə verdiyi, həmçinin Cavabdehin nümayəndəsi Nümayəndə Məhkəməyə verdiyi izahatda Cavabdehin İddiaçıdan xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə 10000 manat məbləğində borc pulu və 1 həftə müddətə qaytarmaq şərti ilə İddiaçıya məxsus yuxarıda qeyd edilən 4 adda qızılı alamsını etiraf ediblər. Cavabdehin nümayəndəsi qeyd edilən qızılları, özü olmadıqda isə dəyərinin əvəzini qaytarmağa hazır olduğunu qeyd edərək borca münasibətdə Cavabdehin İddiaçıya ayrı-ayrı vaxtlarda olmaqla cəmi 1700 manat məbləğində ödəniş etdiyini bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim etmədi. Həmçinin İddiaçı deyilənləri qəbul etməyərək bildirdi ki, Cavabdeh ona 1700 manat deyil, cəmi 1300 manat məbləğində ödəniş edib. Bununla yanaşı, Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 126 manat dövlət rüsumunun əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8700 manat məbləğində pul, bir cüt 585 əyyar, 7 qram çəkidə 910 manat qiyməti olan qızıl sırğa və ya onun dəyəri, 585 əyyar, 5,3 qram çəkidə 477 manat qiyməti olan bir ədəd qızıl boyunbağı və ya onun dəyəri, 585 əyyar, 2,4 qram çəkidə 216 manat qiyməti olan bir ədəd qızıl qolbağı və ya onun dəyəri, 585 əyyar, 3 qram çəkidə 270 manat qiyməti olan bir cüt sırğa və ya onun dəyəri və ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-173/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-173/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver