Məhkəmə qərarları › İş №2(064)-1807/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1807/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1807/2025 25.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 8000 manat pul və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutaraq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iş yoldaşı olmuşdur. Bir müddət sonra o, təhsil aldığı kollecə illik ödənişə görə borcu olduğunu demiş, həmin borcu bağlamaq üçün ondan borc pul istəmişdir. İddiaçı da 2023-cü ilin aprel-noyabr ayları ərzində cavabdehin anasının şahidliyi ona 4000 manat pul vermişdir. Daha sonra isə bankdan 4000 manat kredit götürərək ümumilikdə cavabdehə 8000 manat pul vermişdir. Cavabdeh iddiaçıya olan borcunu qaytaracağına söz versə də, bugünə kimi müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - Nömrə ilə köçürülmə edilmiş ödənişlərin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 60 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat və xx.xx.2023-cü il tarixdə 1500 manat pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Səbail RPİ-nin polis bölməsinin təhqiqatçısı, polis mayoru Fərid Nəsibovun qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh İddiaçı 5800 manat borcu olduğunu etiraf etmişdir. - Məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə aparılan danışıqlardan müəyyən olunur ki, tərəflər arasında mülki hüquq münasibətləri mövcud olmuşdur. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırkı tələb ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Mülki qanunvericiliyə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasında əsassız varlanma da yer alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının nəticə hissəsində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, yuxarıda göstərilən hüquqi aktların tələblərini əsas götürərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləl ki, məhkəmə müəyyən edir ki, tərəflər arasında borc münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Səbail RPİ-nin polis bölməsinin təhqiqatçısı, polis mayoru Fərid Nəsibovun qərarından görünür ki, araşdırma zamanı Cavabdeh İddiaçı 5800 manat borcu olduğunu etiraf etmişdir. İş üzrə təqdiq olunmuş digər sübutlar əsasında da tərəflər arasında göstərilən mülki hüquq münasibətlərinin mövcudluğu məhkəmə tərəfindən müəyyən olunur. Tərəflər arasındakı borc münasibətləri qanunvericiliklə müəyyən edilmiş qaydada baş tutmadığı üçün, yəni yazılı şəkildə rəsmiləşdirilmədiyi üçün məhkəmə hesab edir ki, hazırkı tələb üzrə mülki hüquq münasibətləri əsassız varlanmanı ehtiva edir. Həmçinin cavabdeh lazımı qaydada məlumatlanmasına baxmayaraq məhkəmənin hazırlıq və baxış iclaslarının heç birində iştirak etməyərək məhkəməyə borcun ödənilməsiylə bağlı hər hansı dəlil təqdim etməmiş, cavabdeh tərəfindən sübutetmə vəzifəsi yerinə yetirilməmişdir. İddiaçı tərəfindən Cavabdehdən 8000 manat məbləğində pul tələb edilsə də, bunu təsdiq edən sübutlar həmin borcun 5800 manat olduğunu təsdiqləyir. Belə ki, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Səbail RPİ-nin polis bölməsinin təhqiqatçısı, polis mayoru Fərid Nəsibovun qərarından görünür ki, araşdırma zamanı Cavabdeh İddiaçı 5800 manat borcu olduğunu etiraf etmişdir. Bundan başqa, həmin qararda İddiaçı Cavabdehin ona 6800 manat borcu olduğunu bildirmişdir. Həmçinin təqdim olunan ödəniş çeklərinə münasibət bildirərək Məhkəmə qeyd edir ki, iddia ərizəsində İddiaçı 4000 manat olamaqla iki dəfə Cavabdehə pul verdiyini göstərsə də, həmin ödəniş çekləri tədqiq edilən zaman müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 60 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat və xx.xx.2023-cü il tarixdə 1500 manat pul köçürülmüşdür. Bu hal da işin faktiki halları ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə Səbail RPİ-nin araşdırması zamanı cavabdehin 5800 manat borcunu etiraf etməsini mötəbər sübut qəbul edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Konstitusiyanın 60-cı maddəsinin səmərəli təminatının mühüm mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 78 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə yuxarıda göstərilən hüquqi aktları, iş materiallarında olan mötəbər hesab edilmiş sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5800 manat və ödənilmiş 78 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5800 manat və ödənilmiş 78 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar